Interposta.Info

Moskvada Bakı əleyhinə bu addım həm də Putinə qarşıdır

Ölkə
 13-05-2017, 15:51     747

Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi ilə bağlı Ali Məhkəməyə müraciəti son dərəcə inkişaf edən Azərbaycan-Rusiya münasibətlərinin ruhuna tamamilə zidd bir fəaliyyətdir.

Bu sözləri Axar.az-a açıqlamasında “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyib. Son illər Bakı-Moskva əlaqələrinin inkişaf dinamikasına nəzərə salan Ə.Nuriyev qeyd edib ki, Azərbaycan cəmiyyətində Rusiyadan fərqli gözləntilər vardı:

“Bakı Moskvadan Qarabağ məsələsinin ədalətli həlli ilə bağlı daha böyük səylərə ümid edirdi, nəinki ÜAK-ın ləğvinə. Azərbaycan işğalçı Ermənistan xaric bütün qonşuları ilə sıx əməkdaşlıq, dinc, birgəyaşayış, inteqrasiya siyasəti yürüdür. Xüsusilə də son illər bu istiqamətdə Rusiya ilə çox gözəl əməkdaşlıq nümunələrimiz var. Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi, Azərbaycanda rus kökənli vətəndaşlar üçün hərtərəfli şəraitin yaradılması, rus mədəniyyətinin təbliği, xalqlar arasında mədəni-humanitar əlaqələrin inkişafı üçün görülən tədbirlər, Rusiyanın müxtəlif vilayət və federativ subyektlərində mədəniyyət günlərinin keçirilməsi, Rusiya iqtisadiyyatına azərbaycanlı iş adamları tərəfindən investisiyaların qoyulması, orada bir çox humanitar və iqtisadi xarakterli layihələrin həyata keçirilməsi, Rusiyada yaşayan milyonlarla azərbaycanlının bu ölkənin dayanıqlı inkişafına hər gün töhfə verməsi, Bakı-Moskva arasında ticarət əlaqələrinin dəfələrlə artması güclənən əməkdaşlığın nümunələridir. Həmçinin Azərbaycanda yaşayan ruslar öz iqtisadi və mədəni hüquqlarını çox azad şəkildə realizə edirlər. Ölkəmizdə rus dili yüksək səviyyədə tədris edilir. Keçmiş sovet respublikalarından Azərbaycan yeganə ölkədir ki, rus bölməsi məktəblərini davam etdirir. Azərbaycanda rus icmasının öz təşkilatı var və onlar bütün dövlət orqanlarda ən yüksək səviyyədə müxtəlif vəzifələrdə çalışırlar.

ÜAK-ın əsas fəaliyyəti humanitar mədəni əlaqələrin inkişafına yönəlib və azərbaycanlıların Rusiya cəmiyyətinə inteqrasiya prosesinin gücləndirilməsinə xidmət edir. Belə olan halda azərbaycanlıların Rusiyada yeganə təşkilatına qarşı bu addım başadüşülən deyil”.

Ə.Nuriyevin sözlərinə görə, Rusiya Konstitusiyasına və bu ölkənin götürdüyü beynəlxalq öhdəliklərə, eyni zamanda, ictimai birliklər haqqında Rusiya qanunvericiliyinə görə, təşkilatın ləğvinə yalnız o zaman yol verilə bilər ki, bu, bütövlükdə zorakılığı təbliğ etsin, ölkə suverenliyinə zidd olsun:

“Ancaq ÜAK hər zaman Rusiyanın bütövlüyünün qorunması prosesində, separatçı meyillərinin qarşısının alınmasında iştirak edib. İnanıram ki, Rusiya Ali Məhkəməsi qanunun aliliyinə söykənəcək və ədalətli qərar qəbul edəcək. Belə bir işin arxasında şübhəsiz ki, erməni lobbisinin olması da istisna deyil. Üstəlik, Rusiya siyasi elitasında iki ölkə arasında münasibətlərin səviyyəsinə xələl gətirməyə çalışanlar da yox deyil. Ona görə də bütövlükdə belə bir müraciətin edilməsi antirusiya fəaliyyətinin nümunəsidir. Vladimir Putin dəfələrlə Rusiyaya və bu ölkənin qüdrətinə qarşı çıxan qüvvələr olduğunu qeyd edib. Əslində, ÜAK-ın ləğvi ilə bağlı müraciətin arxasında da məhz antirusiya qüvvələri dayanır. Rusiyanı daxildən zəiflətmək istəyən qüvvələrin səyləri görünməkdədir. İnanıram ki, məhkəmə iki ölkə arasında münasibətlərin inkişafının daha da dərinləşməsinə yönələcək bir qərar qəbul edəcək”.

Qeyd edək ki, ÜAK-ın ləğvi ilə bağlı məhkəmə prosesi 15 may tarixində Moskvada keçiriləcək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26