Interposta.Info

Rəsul Quliyevlə Cəmil Həsənlinin davası yenidən qızışdı;

Ölkə
 13-04-2017, 09:40     389

MŞ sədri: “Mitinqinizi keçirin, kim sizə mane olur?”; Eks-spiker: “Bu adam ömrü boyu saxtakarlıqla məşğul olub”

Amerikada mühacirətdə yaşayan sabiq spiker Rəsul Quliyevlə Milli Şura sədri, tarixçi professor Cəmil Həsənli arasında yaranan və bir aydan artıqdır davam edən qarşıdurma yenidən qızışıb. Bu dəfə tərəfləri Milli Şuranın 8 aprel mitinqi üz-üzə gətirib. Eks-spikerin mitinqi sərt şəkildə tənqid etməsi əks düşərgə tərəfindən ciddi etiraz doğurub. Son olaraq, tarixçi professorun öz facebook səhifəsində 8 aprel mitinqini tənqid edənlərə həsr etdiyi sərt status narazılıqları daha da alovlandırıb.

C.Həsənli statusunda yazıb ki, Milli Şuranın aksiyası uğurlu olub: “...İndi bəzi ”ideoloqlar" Milli Şuranın öz mitinqini elə bu təşkilatın əvvəlki mitinqləri ilə müqayisə edib, bizə “konseptual” istiqamətlər təklif edirlər. Birisi təhlükəsizlik xidmətinin ətraf binanın damından mitinqə hələ adamlar yeni gəlməyə başlayan vaxt çəkdiyi fotonu yayıb, tədbir haqqında mənfi təəssürat yaratmağa çalışır. Axı mitinq vaxtı bütün ətraf binaların giriş bloklarında ya təhlükəsizlik, ya da polis qüvvələrinin nəzarətçiləri dayanır. Görən hansı “azad” jurnalist öz peşə borcunu yerinə yetirmək üçün bu səddi aşıb həmin fotonu çəkə bilib? Bir də ki mitinq ilk dəqiqəsindən son dəqiqəsinə qədər azı 4 media qurumu tərəfindən canlı yayılıb və lentə alınıb. Axşamdan içki içən bəziləri tədbirimizi islamçı camiənin cümə xütbəsi ilə səhv salıb “ehtiram” göstərərək mitinqə gəlməyib. Aksiya vaxtı hakimiyyət televiziyaları təhlükəsizlik xidmətinin müəyyən etdiyi yerdə hazır dayanıb qara İslam bayrağının qaldırılmasını səbirsizliklə gözləyirdilər. Amma cəmisi 3 saniyə çəkiliş apara bildilər. İslama qayğı, islama “ehtiram” müxtəlif tərəflərdən olsa da, amma mahiyyət etibarı ilə eynidir...

Milli Şuranın öz mitinqinin keçirilməsi ideyasının da müəllifi mənəm. Bu istiqamətdə bütün məsuliyyət də Milli Şuranın və onun sədri kimi mənim üzərimdədir...

Deyirlər ki, bəs biz başqalarından önə keçmək naminə mitinq etmişik. Əvvəla, ictimai - siyasi mübarizənin gedişində kim bizdən öndədir ki, kəmfürsətlik edib ondan qabağa keçməyə çalışmışıq? Kim bizdən çox və bizdən daha kütləvi aksiya keçirib ki, biz indi onu qabaqlamağa çalışmışıq. Kim bizdən kəsərli söz deyib, kim bizdən daha konseptual sənədlər qoyub ortaya ki, indi biz onları önləmək istəyirik? Deyirlər ki, guya partiyalar və müxtəlif təşkilatlar Mehman Hüseynovun müdafiə komitəsi ilə birlikdə birgə mitinq keçirməyə hazırlaşdığı bir vaxt biz qəflətən mitinq keçirib onların işlərini pozmuşuq... Kimlərsə “Monarxiyaya yox” tələbi ilə aksiya keçirməyə özlərini hazır bilmirlərsə, buyurub Mehman bəyin müdafiəsi ilə bağlı kütləvi aksiya keçirsinlər... Çox demirəm, Milli Şuradan kənar hamı birlikdə 8 aprel mitinqinin üçdə biri səviyyəsində aksiya keçirəndən sonra bu düşərgədən kimsə bu mitinqi fiasko adlandıra bilər".

interposta.info xəbər verir ki, R.Quliyev isə “Yeni Müsavat”a açıqlamasında Milli Şura sədrinin statusuna sərt cavab verərək, onu dırnaqarası professor adlandırıb: “Milli Şura deyilən bir təşkilat 2013-cü ilin axırında artıq səhnədən yoxa çıxıb, çünki bu təşkilatı yaradan təsisçilərin 4-dən 3-ü bu təşkilatda təmsil olunmaqdan imtina etdilər. ”Professorun" Milli Şura adlandırdığı qurum maksimum AXCP-nin Milli Şurası adlandırıla bilər. “Professor’’ heç bir xəcalət çəkmədən 2, 3... 5 min yox, mitinqdə 10 minə yaxın adamın iştirak etdiyini elan edir. Bu gülünc bəyanat məni çox da təəccübləndirmədi. Həyatı boyu bir dənə olsun xeyirxah iş görməyən bu adam ömrü boyu saxtakarlıqla məşğul olub. Tarixi faktları kobudcasına saxtalaşdıran sifarişlə yazılmış iki kitabın müəllifi cavan yaşlarından tarix elmi əvəzinə yalan danışma elmini dərindən mənimsəmişdi.

Sovet İttifaqının diktatura siyasətini xüsusi ruh yüksəkliyi ilə televiziyada şərh edən bu şəxs gənc yaşlarından saxtakarlıqla məşğul olub. 2013-cü ildə ”mən prezident seçkilərini 65 faizlə udmuşam" deyib, azı 3-4 ay çığır-bağır salanın və bəzilərinin ona cənab prezident deyib ələ salmasını ciddi qəbul edən bu şəxsin indi “mitinqdə 10 minə yaxın adam iştirak edib” deməsi məni təccübləndirə bilməzdi. 1 kvadrat metrdə ən azı 7-8 adamın dayandığı təqdirdə maksimum 15 min adamın yerləşə biləcəyi bu stadionda necə 10 minə yaxın adam iştirak edirdi demək olar?

Yaxşı ki, 2013-cü ildə mən 65 faizlə udmuşam deyən şəxs, mitinqdə azı 30 min iştirak edirdi deməyib. Cənab “professor’’ özünü fotonun Meydan TV tərəfindən yayımlandığından, AzadliqRadiosu, ”Yeni Müsavat" qəzeti və başqa informasiya vasitələrində təkrar yayılmasından xəbəri yoxmuş kimi aparır... Bu adam yazır ki, fotonu müxbirlər necə binanın yuxarısından çəkə bilərlər, polis o binalara yaxınlaşmağa heç kimi qoymurdu. Bu insan anlamır ki, o binaların 4 və 5-ci mərtəbələrində ən azı 30-40 adam yaşayır və müasir telefonu olan hər bir şəxs problemsiz belə bir foto çəkə bilər. Bundan əlavə, fotonun altında müəllif olaraq Rüstəmxanlı yazılıb.

Ay ölkənin 65 faizlə qələbə çalmış prezidenti, belə elementar şeyləri bilməmək ayıb deyilmi? Siz “bu foto mitinq başlamamışdan əvvəl və ya əvvəlində çəkilmişdir” deməklə yalanınıza görə qızarmalısınız, çünki dediyiniz kim, mitinq canlı yayımlanırdı və bu şəkil mitinq iştirakçılarının pik həddinə uyğundur. İslamçıları siz cənab “professor” mitinqə dəvət etmisiniz, “Azadlıq” qəzetində Taleh Bağırzadənin islamçılara müraciətini əsas səhifənizdə bir neçə gün saxlamısınız. Doğrudur, siz bunun da yalan olduğunu deyib, məsələn, məni şərləyə bilərsiniz, çünki bu sizin xislətinizdən irəli gəlir. Siz AXCP-nin sədrini müdafiə etməyə cəhd edirsiniz.

Döşünüzə döyüb mitinqi sizin çağırdığınızı gözə soxmaq istəyirsiniz. Mən bir daha xatırlatmaq istəyirəm, siz klassik Milli Şuranın yox, AXCP-nin Milli Şurasının sədrisiniz. AXCP olmasa, sizin mitinqə heç 20 nəfər belə gəlməz, istəyirsiniz yoxlayın, 20 olsa, sizdən üzr istəyəcəyəm. AXCP-nin səhvi sizinlə əməkdaşlıq etməklərindədir. Son iki ildə siz bu partiyanın həm sədrini, həm də özünü kifayət qədər hörmətdən saldınız. 2008-2012-ci illərdə Medvedyev Rusiyanın prezidenti oldu, ancaq hamı, o cümlədən xarici ölkələr prezidentin Putin olduğunu bilirdi. Sizin Milli Şuranın sədri olmağınızı tez-tez təkrarlamağınızın heç bir əhəmiyyəti yoxdur. Sizin xidmətiniz (sizdən söhbət getmir, sizin heç vaxt hörmətiniz olmayıb ) nəticəsində bu qurum tam hörmətdən düşdü. Mən bu dediklərimi artıq 5 ildir deyirəm.

Partiyaların 5, 2, 1 min və ya 500,100 nəfər mitinqə çıxarmasının hakimiyyətə təsir gücü yoxdur. Bakının 1.5 milyon seçicisinin ancaq 1000 nəfəri “Monarxiyaya yox” dedi. Stadionda min nəfərin dağınıq, miskin vəziyyəti hökumətin əlinə kozır verdi. Sizin xalqın monarxiya istədiyini sübut edən mitinqiniz hökumətə böyük hədiyyədir. Siz bu işi görməkdə ustalaşmısınız. 2000-2010-cu illərdə hansı işləri nə üçün görürdünüz, məlumdur. 2013-14-cü illərdəki xidmətləriniz kifayət qədər qiymətləndirilmədi. Bu son mitinqlə isə hakimiyyətə xidmət etməyə həmişə hazır olduğunuzu bəyan etdiniz, Allah xeyir versin".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26