Interposta.Info

Prezident İlham Əliyev:

Ölkə
 11-04-2017, 07:26     455

“Sənaye istehsalı və kənd təsərrüfatı əsas prioritet istiqamətlərdir. Hər iki istiqamət üzrə yaxşı nəticələr var".

APA-nın məlumatına görə, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Dövlət başçısı bildirib ki, Mingəçevir Sənaye Parkında ilk zavodlar bu ilin sonunda istifadəyə veriləcək: “Sumqayıt Texnologiyalar Parkında, Kimya Sənaye Parkında, Pirallahı və Balaxanı Sənaye parklarında, Neftçala Sənaye Məhəlləsində işlər yaxşı gedir. Kənd təsərrüfatının inkişafı üçün bu il 150 min hektar yeni torpaq sahəsinin suvarılması nəzərdə tutulur, vəsait ayrılıb və bu layihələr nəzarət altında olmalıdır ki, biz il ərzində bu rəqəmə çata bilək. Hesab edirəm ki, bu, inqilabi bir dəyişiklik olacaq və kənd təsərrüfatı istehsalını əlbəttə ki, artıran amillərdən biridir, bəlkə də birincisidir. Kənd təsərrüfatı məhsullarının həcmi artmalıdır, daxili tələbatı tam təmin etməliyik. İxracyönümlü məhsulların həcmini artırmalıyıq, məhsuldarlıq yüksəldilməlidir, ən müasir texnologiyalar tətbiq olunmalıdır. Torpaqların dəqiq uçotu aparılmalıdır. Yəni, bundan sonra da biz buna kortəbii yox, ancaq fərdi qaydada yanaşmalıyıq və subsidiya məsələləri də buna görə hesablanmalıdır”.

“Bütövlükdə özümüzü ərzaq məhsulları ilə təminetmə istiqamətində işlər yaxşı gedir. Deyə bilərəm ki, bizim yeganə zəif yerimiz taxılçılıqdır. Burada çox geniş informasiya yığılmalıdır, statistika düzgün təhlil edilməlidir və bir çox suallara cavab verilməlidir. Necə olur ki, biz taxılçılığa bir milyon hektar torpaq ayırmışıq, amma özümüzü ərzaq buğdası ilə təmin edə bilmirik. Bu sual sadə səslənsə də onun arxasında bir çox məqamlar var. Ona görə, dəqiq təhlil aparılmalıdır, bizə nə qədər ərzaq buğdası, bütövlükdə taxılçılıq üçün torpaq sahəsi lazımdır ki, özümüzü keyfiyyətli buğda ilə, taxılla təmin edək və əlbəttə, idxaldan asılılığı azaldaq. Çünki mənə verilən məlumata görə, biz hər il idxala təxminən 300 milyon manat pul ayırırıq. Burada əlbəttə ki, uçot, təhlil, elektron nəzarət, peyk nəzarəti olmalıdır. Bizim peykimiz var və qısa müddət ərzində torpaqların münbitliyinin, məhsuldarlığının dəqiq analizi aparılmalıdır”, deyə prezident İlham Əliyev bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26