Interposta.Info

Qədim dövrlərdə Azərbaycanda at əti yeyilibmi?

Ölkə
 5-04-2017, 11:33     586

Tarixçi alim: “At ətindən istifadə Dədə Qorqudda var”
Son günlər bəzi işbazların bazara at əti çıxarmaq istərkən yaxalanması cəmiyyətdə ciddi narahatlıq doğurur. At ətinə tələbatın necə formalaşması, bu cəmdəklərin haraya daşınması, müxtəlif ət məhsullarının hazırlanmasında at ətindən istifadə edilib-edilməməsi kimi suallar insanları narahat edir.

Müşahidə olunan ümumi rəylərə əsasən, at ətinin satılması, ondan mətbəxdə istifadə insanlarda ikrah hissi doğurur. Təbii ki, bunun da səbəbləri məlumdur.

Çünki bazara çıxarılan at ətləri əsasən ölmüş və ya xəstə atların ətidir. Təbii ki, Azərbaycanda heç kim sağlam atı kəsib satmaq fikrinə düşməz. Digər bir məqam isə bu ətlərin at əti adı altında deyil, mal əti adı ilə alıcılara sırınmasıdır. Bu isə istehlakçıların aldadılması anlamına gəlir və haqlı narazılığa səbəb olur.

Bəs görəsən, at ətinin gündəlik qidalanma menyusunda istifadə edilməsini sözügedən kontekstdən çıxarsaq, buna münasibət necə olar? Məlum olduğu kimi, qədim dövrlərdə türk tayfaları at ətindən qida kimi geniş şəkildə istifadə ediblər. Hətta Qırğızıstanda bu gün də hörmətli qonaq üçün at kəsilir və ətindən müxtəlif yeməklər hazırlanıb süfrəyə düzülür. Azərbaycanda isə son yüzillikdə belə bir ənənə olmayıb. Tarixən Azərbaycan xalqının at ətindən mətbəxdə istifadə edib-etməməsini isə tarixçi alimlərdən soruşduq.

Tanınmış türkoloq, qədim türk tarixinin araşdırıcısı Firudin Cəlilov “Yeni Müsavat”a danışarkən türk tayfalarından bəzilərinin at ətindən yeməklərdə istifadə etdiyini təsdiqlədi: “Qədimdə türklər 40-a yaxın tayfadan, yəni boydan ibarət olublar. Onların hamısı at əti yeməyib. Ancaq yeyənlər də olub, bunlar köçəri həyat yaşayanlardır. Oturaq həyat tərzi sürən türk boylarında at əti yemək ənənəsi olmayıb. Köçəri tayfalar atın həm ətindən istifadə ediblər, həm də südündən kımız düzəldib içiblər. Bu, qədim türk xalqının etnoqrafiyasında yer almış bəlli məsələlərdir. Burada mübahisəli heç nə yoxdur. Mən Qırğızıstanda olanda Əsgər Akayev bizə at ətindən qonaqlıq verdi. Bizdə bu gün delikates quzu əti sayılırsa, onlarda at əti sayılır. Buna normal yanaşmaq lazımdır”.
Qədim dövrlərdə Azərbaycanda at əti yeyilibmi?


Tarixçi onu da vurğuladı ki, Azərbaycan türkləri də qədimdə at ətindən istifadə ediblər: “At ətindən istifadə məsələsi Dədə Qorqudda var. Burada həm at əti yemək, həm də kımız içmək ənənəsinə rast gəlinir. Ancaq bu cüzi olub, geniş yayılmayıb. Çünki Azərbaycan türkləri köçəri olmayıblar, həmişə oturaq həyat keçiriblər. Oturaq həyat yaşayan türklər həmişə əkinçilik, maldarlıq, qoyunçuluqla məşğul olublar. O mənada Azərbaycanda o gələnək geniş yayılmayıb. Azərbaycan ərazisindən gedən ilxıçılar- at sürüləri saxlayanlar Xəzərin ətrafına fırlandılar və qıpçaq çöllərində, Qazaxıstan, Qırğızıstan ərazisində məskunlaşdılar. Orada qalanlar hələ indi də at əti yeyirlər”.

Firudin Cəlilovun sözlərinə görə, o zaman ruslar qıpçaqlardan at əti yeməyi öyrənib və bunu kolbasa istehsalında tətbiq ediblər: “Son vaxtlara qədər ən delikates sayılan at ətindən hazırlanan kolbasalar idi. Ruslar indi də onu hazırlayır. Türklər sadəcə donuz ətini heç zaman yeməyiblər. Bineyi-qədimdən indiyə kimi nə donuz saxlayıblar, nə də onun ətini yeyiblər. Ancaq at ətindən istifadə ediblər”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26