Interposta.Info

Çevriliş gecəsi Bakıya zəng edən qiyamçı generalın danışdığı telefon nömrəsinin sahibi bilindi

Ölkə
 3-04-2017, 18:34     1 504

Ötən il iyulun 15-də Türkiyədə baş vermiş uğursuz hərbi çevriliş cəhdinə rəhbərlik etdiyi deyilən ordu generalı, Yüksək Hərbi Şuranın üzvü olmuş Akın Öztürkün həmin ərəfədə Azərbaycanda 2 dəfə telefon danışığı apardığı “Azərcell” 051-660-00-38 nömrəsi sahibinin kimliyi məlum olub.

interposta.info xəbər verir ki, “Ölkə.Az”-ın araşdırması zamanı məlum olub, sözügedən telefon nömrəsi Dilek Pakman adlı şəxsin adınadır. Hazırda isə Dilek Pakman həmin nömrədən istifadə etmir.

Xatırladaq ki, Ankara Cümhuriyyət Prokurorluğu ötən il iyulun 15-də Türkiyədə baş vermiş uğursuz hərbi çevriliş cəhdinə rəhbərlik etdiyi deyilən ordu generalı, Yüksək Hərbi Şuranın üzvü olmuş Akın Öztürkün həmin ərəfədə bir sıra xarici ölkələrlə, o cümlədən Azərbaycandakı abonentlərlə telefon danışıqları apardığını istintaq materiallarına əlavə edib.

General Akın Öztürkün kürəkəni, polkovnik Hakan Karakuş qiyamçıların əsas bazası olan Akıncı Hava Bazasının komandanı olub. “F-16” təyyarələri həmin bazadan qalxaraq çevrilişə qarşı çıxanları və hökumət binalarını bombalamışdı. İstintaq müəyyən edib ki, general Öztürk iyulun 13-dən 16-na, yəni həbs olunana qədər Karakuşla və Akıncı bazasının digər zabitləri ilə dəfələrə telefonla danışıb. Habelə məlum olub ki, hərbi qiyam ərəfəsində Öztürk Böyük Britaniya, İrlandiya, İtaliya, Cənubi Koreya, Belçika və Azərbaycanda istifadə olunan mobil telefon nömrələri ilə dəfələrlə zəngləşib, yazışmalar aparıb.

Onu da bildirək ki, Türkiyə mətbuatı bu gün general Öztürkün xarici ölkələrdə zəngləşdiyi abonentlərin telefon nömrələrini də dərc edib. Məlum olur ki, hərbi qiyamın lideri Azərbaycanda “Azərcell”in 051-660-00-38 nömrəli mobil telefon nömrəsi ilə iki dəfə danışıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26