Interposta.Info

Biz Azərbaycanda buna gülürük –

Ölkə
 14-03-2017, 15:19     538



Bir neçə gün əvvəl Ermənistan prezidentinin MEDEF-də çıxış edərkən investorları öz ölkəsinə investisiya yatırmağa inandırmaq əvəzinə, tamamilə əsassız iddialarla Azərbaycanı, onun iqtisadiyyatını nüfuzdan salmağa çalışdığını mənə deyəndə təəccübləndim. O, innovasiyalar barədə danışırdı, deyirdi ki, Ermənistan innovasiyalar ölkəsidir. Açığını deyim, biz Azərbaycanda buna gülürdük, çünki çox məşhur bir deyim var - əgər bu qədər ağıllısansa, niyə bu qədər kasıbsan.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev martın 13-də Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşündə deyib. Prezident qeyd edib ki, Ermənistanın təbii ehtiyatlara malik olmaması faktı o demək deyil ki, xalq bundan əziyyət çəkməlidir:

"Fransa da daxil olmaqla, dünyanın əksər inkişaf etmiş ölkələrinin təbii ehtiyatları yoxdur. Lakin onlar düzgün idarəçilik, şəffaflıq, etibarlılıq, standartlar, təhsil, bilik və innovasiya sayəsində öz ölkələrini inkişaf etdirirlər. Ona görə də Ermənistan prezidenti fransız şirkətlərinə nağıl danışmaq əvəzinə, yaxşı olardı ki, diqqəti əhalisinin yarısından çoxu gələcək üçün heç bir perspektivi olmayan, yoxsulluq həddindən də aşağı yaşayan ölkədəki dəhşətli iqtisadi vəziyyətə cəmləsin. Onların rəsmi statistikasına görə, hər il Ermənistanı 60 min insan tərk edir, bizdə olan məlumata görə isə bu rəqəm 100 minə yaxındır. Əgər bu ölkə belə yaxşı və cəlbedici olsaydı, ola bilsin ki, insanlar qalmağı tərk etməkdən üstün tutardılar”.

Prezident vurğulayıb ki, Azərbaycanın da çətinlikləri, problemləri var:

"Biz hələ də islahatların həyata keçirilməsi prosesindəyik. Lakin mən xüsusilə neftdən əldə olunan gəlirlərimizin 3-4 dəfə aşağı düşməsini nəzərə alaraq, Azərbaycanın neft istehsal edən ölkələr arasında ən yaxşı göstəricilərdən birinə malik olduğunu göstərmək üçün bəzi rəqəmləri diqqətinizə çatdırmaq istərdim. Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə dünyada 37-ci yerə layiq görüb. Bu, çox yaxşı reytinqdir. Beləliklə, biz dünyanın 40 ən rəqabətədavamlı ölkəsi sırasındayıq. Bu, ən son reytinqdir. Bu reytinq bizə neftin qiyməti yüksək olanda verilməyib. Davosun başqa bir reytinqində Azərbaycan inkişaf etməkdə olan ölkələrin inkişaf səviyyəsinə görə 1-ci və 2-ci yerləri paylaşır. Bizim xarici borcumuz çox aşağıdır, bu, ümumi daxili məhsulumuzun 20 faizinə bərabərdir. Bizim konvertasiya oluna bilən valyuta ehtiyatlarımız xarici borcumuzdan beş dəfədən də çoxdur. Başqa sözlə, əgər istəsək, biz xarici borcumuzu bir neçə aya ödəyə bilərik və xarici borcumuz sıfır olar. Biz işsizliyi 5 faizə, yoxsulluğu isə 6 faizdən aşağı endirməyə nail olmuşuq. Azərbaycanda məşğulluğun səviyyəsi əsasən çox əlverişli biznes mühiti və investisiya mühiti sayəsində qalxıb. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 200 milyard dollardan artıq investisiya yatırılıb. Bu proses davam edir və ümidvarıq ki, bu il də çox sayda şirkət investisiya yatıracaq. Çox yaxşı haldır ki, indi onlar təkcə neft və qaz sahəsinə deyil, həm də xidmət, turizm, otel biznesinə, kənd təsərrüfatına investisiya yatırırlar. Xarici və yerli şirkətlərin bütün investisiyaları lazımi şəkildə qorunur. Buna görə də, bu, Azərbaycana investisiya yatırmaq üçün əlavə stimul və maraq yaradır. Eyni zamanda, regionda güclü iqtisadi mövqeyə, qonşularla yaxşı əlaqələrə və güclü maliyyə ehtiyatlarına malik olaraq biz strateji əhəmiyyət kəsb etdiyini düşündüyümüz sektorlara podratçılar cəlb edə bilərik.

Qarşıdakı illərdə bizim əsas diqqət yetirəcəyimiz sahə iqtisadiyyatımızın qeyri-neft sektoru, əsasən də kənd təsərrüfatı olacaq. Mən Fransanın nüfuzlu şirkətlərini Azərbaycana gəlməyə - müasirləşmə və məhsuldarlığın artırılması ilə bağlı layihələri həyata keçirmək üçün Azərbaycan hökuməti ilə işləməyə dəvət edirəm. Suvarma bizim əsas diqqət yetirdiyimiz sahələrdən biridir. Təkcə, bu il biz çoxlu investisiya cəlb edərək əvvəllər suvarılmamış azı 100-150 min hektar sahəni su ilə təmin edəcəyik. Bu, əlavə böyük həcmdə məhsulların istehsalına gətirib çıxaracaq.

İnformasiya texnologiyaları çox sürətlə inkişaf edir və bizim bu sektorun inkişafı ilə bağlı xüsusi proqramımız var. Müasir texnologiyalar, sənaye potensialı, tikinti, əlbəttə ki, nəqliyyat - dünyanın hər yerindən şirkətlərin Azərbaycanda fəaliyyət göstərməsi üçün çoxlu imkanlar var.

Həyata keçirdiyimiz strateji layihələr arasında mən ikisini qeyd etmək istərdim. Birincisi, əlbəttə ki, Cənub Qaz Dəhlizidir. Bu, hazırda Avropada ən böyük infrastruktur layihəsi hesab olunur. Layihənin dəyəri 40 milyard dollara yaxındır. Bu, 6 ölkədən keçməklə Azərbaycanı Bakıdan İtaliya sahilləri ilə birləşdirən inteqrasiya olunmuş kəmər sistemidir. Avropa Komissiyası bu layihəyə güclü dəstək verir və Azərbaycan bu layihədə aparıcı rola malikdir. Bu layihə Avropanın enerji xəritəsini dəyişir və Avropa istehlakçılarına yeni alternativ təbii qaz mənbələri gətirəcək. Əlbəttə ki, bu layihənin həyata keçirilməsində bir çox şirkətlər iştirak edir. Bu, enerji şaxələndirilməsi, enerji təhlükəsizliyi layihəsidir və bu, həqiqətən də XXI əsrin layihəsidir. Çünki layihənin həyata keçirilməsini təşkil etmək nə texniki, nə də maliyyə nöqteyi-nəzərindən asan məsələ deyildi. Bu layihə beynəlxalq maliyyə institutları, əsasən də Dünya Bankı tərəfindən dəstəklənir və mən şadam ki, Fransa bankları da bu layihənin həyata keçirilməsinin maliyyələşməsini təmin edir.

Bizim diqqət yetirdiyimiz başqa bir strateji istiqamət Azərbaycanda nəqliyyat qovşağının yaradılmasıdır. Bizim coğrafi mövqeyimiz əlverişlidir. Biz Asiya ilə Avropanın arasında yerləşirik və artıq sahib olduğumuz müasir nəqliyyat infrastrukturu ilə böyük maraq cəlb edirik. Bizim hər növ təyyarə, o cümlədən ən böyük yük təyyarələri qəbul edə bilən 6 beynəlxalq hava limanımız var. Biz artıq region üçün hava nəqliyyatı ilə yükdaşımalar qovşağına çevrilmişik. Bizim bütün qonşu ölkələrlə dəmir yolu əlaqələrimiz var. Azərbaycanın Gürcüstan vasitəsilə Türkiyə ilə dəmir yolu əlaqəsi bu il yaradılacaq. Bu, Xəzər dənizi, Azərbaycan vasitəsilə Çindən Avropaya dəhliz açır. Bu, yüklərin daşınması vaxtını iki dəfə azaldır. İlk sınaq qatarı artıq bizim ərazimizdən keçib. Ötən il biz, həmçinin Hindistandan Pakistan, Fars körfəzi, İran, Azərbaycan, Rusiya, Şimali Avropaya uzanan Cənub-Şimal nəqliyyat dəhlizinin yaradılmasına çoxlu investisiya yatırmaqla, bizi İranla birləşdirən dəmir yolu xəttinin çatışmayan hissəsini tamamlamışıq. Biz bir neçə mühüm beynəlxalq toplantı və tədbir təşkil etmişik. Biz üzərimizə düşən hər şeyi etmişik. Beləliklə, bu dəhlizin çatışmayan hissəsi tikilən kimi biz Hindistandan Şimali Avropaya yüklərin indiki 40-45 gün əvəzinə 14 günə daşınmasına imkan verən yeni marşrut açacağıq. Şimaldan Cənuba, Şərqdən Qərbə olan bu dəhlizlərin hər ikisi təkcə coğrafi mövqeyimiz sayəsində deyil, bizim siyasətimiz sayəsində Azərbaycan ərazisindən keçir.

İnfrastruktursuz coğrafiya çox da böyük məna kəsb etmir. Hazırda biz Xəzərdə yükaşırma qabiliyyəti 25 milyon ton olan ən böyük dəniz limanını tikirik. Birinci mərhələ bu il tamamlanacaq. Qeyd etdiyim kimi, 6 beynəlxalq hava limanı, müasir yük gəmiləri, hər növ gəmi istehsal edə bilən gəmiqayırma zavodu, dəmir yolu infrastrukturunun müasirləşdirilməsi və əlbəttə ki, qonşularla çox yaxşı əlaqələr. Çünki qonşularla əməkdaşlıq etməsən nəqliyyatda hədəflərə nail ola bilməzsən. Bizim bütün qonşularımızla, Şimal, Cənub, Qərb və Xəzər dənizindən o yana Şərq qonşularımızla əla siyasi və iqtisadi əlaqələrimiz var, bu, həmçinin regionun sabitliyi üçün vacibdir. Daxildə sabitlik, daxildə inkişaf və sərhədlərimizdən kənarda proqnozlaşdırılabilən vəziyyət, qonşularla yaxşı əlaqələr - bütün bunlar artıq baş verir. Bu, reallıqdır. Başqa sözlə, bizim siyasətimiz regionda yeni reallıq və ilk növbədə, qeyd etdiyim kimi, qonşularımızla yeni əməkdaşlıq formatı yaradıb.

Biz, həmçinin təkcə ikitərəfli deyil, həm də artıq üçtərəfli regional əməkdaşlıq formatı yaratmışıq. Məsələn, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Türkiyə-İran və son olaraq Azərbaycan-İran-Rusiya üçtərəfli iqtisadi və siyasi əməkdaşlığı. Bu, regionda çox müsbət siyasi və iqtisadi mühit yaradan üçtərəfli əməkdaşlıq formatıdır. Qeyd etdiyim kimi, Cənub Qaz Dəhlizi də əməkdaşlıq formatı baxımından çox cəlbedicidir. Çünki burada Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa İttifaqı üzvləri Yunanıstan, İtaliya, Bolqarıstan və həmçinin Albaniya iştirak edir. Artıq 3 ildir ki, hər il yeddi ölkə əməkdaşlığı gücləndirmək məqsədilə dəhlizin məşvərət şurası üçün Bakıda toplaşır. Bu, təkcə qazla bağlı deyil, bu, biznesdir, investisiya, məşğulluq, proqnozlaşdırılma və əməkdaşlıqdır.

Sonda demək istərdim ki, qeyd etdiyim kimi, ötən ay Brüsseldə biz Avropa İttifaqı ilə Azərbaycanın yeni əməkdaşlıq prosesinə start vermişik. Azərbaycan Avropa İttifaqının 9 üzv ölkəsi ilə strateji tərəfdaşlıq sənədi imzalayıb. Bu, o deməkdir ki, Avropa İttifaqı üzvlərinin üçdə biri bizim strateji tərəfdaşımızdır. Təbiidir ki, hazırda biz Avropa Komissiyası ilə əlaqələrimizi daha da gücləndirəcək strateji tərəfdaşlıq razılaşması üzərində işləyirik.

Əlbəttə ki, əvvəldə dediyimə qayıdıram, bizim Fransa ilə əlaqələrimiz böyük əhəmiyyət kəsb edir. Bizim əla siyasi əlaqələrimiz var. Prezident Olland iki dəfə Azərbaycanda səfərdə olub - 2014-2015-ci illərdə. Bundan əvvəl Prezident Sarkozi Azərbaycanda səfərdə olub. Mən tez-tez sizin ölkənizdə səfərdə oluram. Mənim bugünkü və sabahkı rəsmi səfərim güclü əməkdaşlığımızın daha bir göstəricisidir və işgüzar əlaqələr bu əməkdaşlığın ayrılmaz hissəsidir”.

 

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26