Interposta.Info

Peyğəmbər qadınları niyə ciyərimizin parası adlandırıb? –

Ölkə
 9-03-2017, 07:17     566

Peyğəmbər qadınları niyə ciyərimizin parası adlandırıb? –

“Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: “Ya Məryəm, həqiqətən, Allah səni seçmiş, (eyiblərdən) təmizləmiş, cəmi aləmlərin (bütün dünyanın) qadınlarından üstün tutmuşdur. Ya Məryəm, öz Rəbbinə itaət et, səcdəyə qapan və rüku edənlərlə birlikdə rüku et!” “Quran”, “İmran ailəsi” surəsi, 42-43.

Bildiyimiz kimi, İslam dini və onun müqəddəs kitabı olan “Qurani-Kərim” qadına böyük dəyər verir. Başqa səmavi kitablardan fərqli olaraq, “Quran”da qadınların adına bir çox surələr vardır. Buna misal olaraq “Qadınlar” (4), “Məryəm” (19), “İmtahana çəkilmiş qadın” (60) surələrini göstərmək olar. Həmçinin, bu müqəddəs kitabın yüzlərlə ayəsində qadınlardan, onların gözəl əxlaqından, kamil imanlarından və Allaha bağlılıqlarından, dualarının Allah dərgahında qəbul olunmasından bəhs olunur:

“İmranın zövcəsinin (Hənnənin): “Ey Rəbbim, bətnimdəkini Sənə xidmətkar (qul) olmaq üçün nəzir edirəm. (Bu nəziri) məndən qəbul et! Əlbəttə, Sən eşidənsən, bilənsən!” – dediyini xatırla!
Onu (bətnindəkini) doğduğu zaman: “Ey Rəbbim! Mən qız doğdum”, - söylədi. Halbuki, Allah onun nə doğduğunu və oğlanın qız kimi olmadığını yaxşı bilirdi. (Hənnə:) “Mən onun adını Məryəm qoydum, onu və onun nəslini Şeytanın şərindən Sənə tapşırıram” (dedi).

Belə olduqda, Rəbbi Məryəmi yaxşı qəbul etdi, onu gözəl bir fidan kimi böyütdü və Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə Məryəmin ibadət etdiyi mehraba girdikdə, onun yanında bir ruzi olduğunu görərdi. Zəkəriyya: “Ya Məryəm, bunlar sənin üçün haradandır?” - dedikdə, o: “Allah tərəfindəndir!” - deyə cavab verərdi. Həqiqətən, Allah istədiyi şəxsə hədsiz ruzi verər!” “Quran”, “İmran ailəsi” surəsi, 35-37.

Ayədən görünür ki, Rəbbim kişilərlə (kişi peyğəmbərlər, imamlar, övliyalarla) yanaşı, bəzi qadınlara da hikmət (kəramət) bəxş etmişdir. Məryəmin yanında daim Cənnət ruzilərinin olması da onun kəramətini təsdiq edən ayədir.

Dünyada məşhurlaşmış və böyük nüfuz qazanmış kişilərin həyatına nəzər salanda onların hamısının arxasında ləyaqətli bir xanımın dayandığını və bu uğurları qazanmaqda ona dəstək olduğunu görmək olur. Bu faktı Həzrət Peyğəmbərimiz Məhəmməd əleyhissəlamın da həyatında aydın görmək olur. Belə ki, Allah ona elm, hikmət Peyğəmbərlik bəxş etsə də, bu hikməti, elmi təbliğ etmək üçün lazım olan maddi dəstəyi Xədicə xanımın əliylə verdi. Həmin dövrdə və ondan sonrakı dövrlərdə dünyaya maddi cəhətdən zəngin xanımlar çox gəlib-getsələr də öz var-dövlətini Allah yolunda ancaq Xədicə xanım sərf etdi (qıydı). Məhz bu səxavətinə görə də ancaq onun adı bu günümüzə gəlib çıxdı və qiyamətə qədər də Peyğəmbərin adı çəkildikcə, həyatından bəhs edildikcə Xədicə anamızın da adı onunla bərabər çəkiləcək və hörmətlə yad ediləcəkdir.

Buna bənzər səxavətli qadınlardan biri də Nigar xanımdır ki, böyük mütəfəkkir Seyid Mir Həmzəyə maddi və mənəvi dəstək olmuşdur. Böyük Sufi Şeyxi onun adını özünə təxəllüs götürərək “Həmzə Nigari” imzasıyla yazıb yaratmışdır.

Yeri gəlmişkən, Peyğəmbərimiz qadınlara, qızlara böyük dəyər vermiş və onları ciyərinin bir parçası adlandırmışdır. Bunu aşağıdakı əhvalatdan da görmək olur.

Həzrət Əli ilə Həzrət Fatimənin toy günü idi. Peyğəmbər əfəndimiz üzünü Əli əleyhissəlama yutub:
- Ya Əli, mənim ciyərimi yer üzündə görsən nə edərsən? - deyə, sordu.
İlk dəfə belə çətin sualla qarşılaşan Həzrət Əli duruxur və cavab verməkdə çətinlik çəkir.
Məhəmməd əleyhissəlam kürəkəninin duruxduğunu görüb, sualını izah etdi:
- Ya Əli, bil ki, hər bir övlad öz valideyninin yerdə gəzən ciyəridir. Fatimə də mənim ciyərimdir. Mənim ciyərimlə necə davranarsansa Fatimə ilə də elə davran.

Peyğəmbərimizin öz kürəkəninə dediyi bu hikmətli nəsihət bütün kişilərə aiddir. Hər bir kişi öz qadını ilə davrananda bu faktı mütləq nəzərə almalıdır, bilməlidir ki, qarşısındakı kiminsə ciyərparəsidir./moderator.az
Bir daha bütün qadınların bayramını təbrik edib, onlara sevgi dolu, sevinc dolu, mənalı bir həyat arzulayıram!

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26