Interposta.Info

“Sözümüz zabit sözüdür” deyən polkovnikə Çovdarovun cavabı:

Ölkə
 7-03-2017, 07:26     372

“Sözümüz zabit sözüdür” deyən polkovnikə Çovdarovun cavabı:

Sabunçu Rayon Məhkəməsində ləğv edilmiş MTN-nin generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. Məhkəmə prosesi zərərçəkmiş kimi tanınan Arif Həsənovun epizodu üzrə davam etdirilib.

İlk şahid “Delta ASM” MMC-də baş mühasib işləyən Mətanət Allahverdiyeva olub. O, əvvəllər “Techmarine” LTD-nin baş mühasibi işləyib.

“Delta ASM” şirkəti hazırda Arif Həsənovun şəriki Səhrab Abdullayevindir.

“Mən sənə haqqımı halal etmirəm”

Şahid M.Allahverdiyeva məhkəmədə deyib ki, hər iki şirkəti Arif Həsənov yaradıb. O, ifadəsində söyləyib ki, “Delta ASM” şirkətinin yaradılmasında fərqli məqsəd olub. Belə ki, “Techmarine” şirkətinə Xəzər Dəniz Gəmiçiliyi tərəfindən layihələr verilmədiyindən “Delta ASM” şirkətinin adından istifadə edilib. “Delta ASM” şirkətinin adından götürülmüş layihələri “Techmarine” şirkəti həyata keçirib.

M.Allahverdiyeva keçmiş müdiri Arif Həsənovun əleyhinə ifadə verib. Keçmiş müdirindən şikayət edən şahid narazılığını Arif Həsənovun üzünə demək istədiyini söyləyib: “Təəssüf ki, Arif Həsənov indi məhkəmdə yoxdur. Mən bu sözləri onun üznüə demək istəyərdim. Əvvəllər onu yaxşı insan kimi tanımışam, hörmət etmişəm. Kaş ki, Həsənov məndən tez dünyasını dəyişərdi. Ona deyim ki, mən haqqımı sənə halal etmirəm”.

Şəriklər arasındakı davadan danışan M,Allahverdiyeva bunları qeyd edib: “Arif müəllim bir gün zəng elədi ki, “axşam işdə olun. Qonaqlarımız gələcək. Həmin gün də MTN işçiləri gəldi. Arif müəllim demişdi ki, guya Səhrab Abdullayev ondan MTN-ə şikayət edib. Sonra öyrəndik ki, elə o özü Səhrab müəllimdən MTN-ə şikayət edibmiş. 2013-cü ildə Səhrab müəllimi şirkətə buraxmırdılar. Qapıların açarını dəyişmişdilər. İş elə gətirdi ki, mən oradan ayrılıb, Səhrab müəllimin yanına getdim”.

Xanım baş mühasib şəriklər arasındakı davadan danışarkən qeyd edib: “Səhrab müəllim şəriki olan Arif Həsənovun oğlu Həsən Həsənov şirkətdən yanacaq oğurlamışıdı. Səhrab müəllim də buna əsəbiləşmişdi. Deyirdi ki, bu uşaq “əliəyridi”. Buna görə onlar düşmən oldu. Bir də məlum oldu ki, Həsən Həsənov şirkətdə xanımlardan birinin namusuna toxunan hərəkət edib. Buna görə də onlar arasındakı münasibətlər pozulub”.

“Ofisdə işləyən abırlı-həyalı bir qadına sataşmağa...”

Məhkəmədə şahid qismində şəriklərdən biri olan Səhrab Allahverdiyev də ifadə verib. O, keçmiş şəriki Arif Həsənovun məhkəməyə gətirilməsini tələb edib. Amma Arif Həsənov səhhətində problem olmasını əsas gətirərək məhkəməyə gəlməyib.

S.Allahveridiyev məhkəmədəki ifadəsində deyib ki, şəriki olmuş Arif Həsənov həmişə intriqa yaradıb: “Ətrafında həmişə qalmaqal olub. İş ofisdə işləyən abırlı-həyalı bir qadına sataşmağa qədər gəlib çıxmışdı. oğlu Həsən Həsənov şirkətdən yanacaq oğurlamışdı. Həsən Həsənov həmçinin şirkətin xanım işçilərindən birinə qarşı da əxlaqsız hərək etmişdi. Həmin xanımın həyat yoldaşı hərbçi idi. O, xidmət etdiyi hərbi hissəni tərk edərək Həsən Həsənovu döyməyə gəlmişdi və vəhşicəsinə də döymüşdü. Sonradan həmin hərbçiyə cinayət içi açdılar. Hərbi hissəni icazəsiz tərk etdiyinə görə. Bu Həsən Həsənovun ilk döyülmə hadisəsi deyil. Onu yaşadığı binada olan qonşularından biri də döyüb. Buna səbəb isə Həsən Həsənovun binanın liftinə qoydurduğu kameralar vasitəsi ilə qadınları izləməsi olub”.

Səhrab Allahverdiyev deyib ki, Arif Həsənovun MTN-ə şikayət etməkdə məqsədi onu şəriklikdən uzaqlaşdırmaq olub: “Guya MTN-ə demişdi ki, mən İŞİD-in üzvüyəm. Terror təşkilatına pul köçürürəm. Məni də MTN-ə çağırdılar. Ərizədə yazmışdı ki, guya 20 milyon yemişəm. MTN-də saxta sənədlər var idi. Guya maliyyə sənədlərində yazılırdı ki, mənim qanunsuz köçürmələrim olub. Sənədlərə baxan kimi məlum oldu ki, saxtadır. Həmin sənədlərin əslini gətirə bilmədilər. Bundan sonra MTN-nin mənimlə işi olmadı. MTN əməkdaşları həbs edilərkən Arif Həsənovun oğlu Həsən mənim yanıma gəlib yalvardı ki, şikayət etməyim. O, mənə deyirdi ki, əgər MTN-dən şikayət etsəm, onları da tuta bilərlər. Mən də şikayət etmədim. Amma sonra öyrəndim ki, onlar məndən xəbərsiz gedib prokurluğa şikayət edib. Həsənin mənə dediklərinin səs yazısı var. Mən onu məhkəməyə də təqdim edəcəm”.

Məhkəmədə MTN zabitlərinə qarşı açılan cinayət işində təqsirləndirilən şəxslər arasında olan polkovnik Füzuli Əliyev də ifadə verib.

F.Əliyev hazırda zərərçəkmiş kimi tanınan Arif Həsənov tərəfindən aldadıldığını söyləyib.

“Mən əməliyyatçıyam və məni aldatmaq mümkün deyil. Həyatım boyunca məni çox az adam aldada bilib və bunlardan biri də Arif Həsənovdur. Bu adam bir-iki tanışı vasitəsilə mənə çıxdı, idarəyə dəvət etdim ki, gəlib ərizə yazsın. O, gələndə Səhrabdan şikayət etdi, dedi ki, o İŞİD-ə işləyir. Bizə deyirdi ki, elə edək ki, heç kim onun Səhrabdan şikayət etdiyini bilməsin. Xahiş edirdi ki, elə edək ki, hər kəsdə Səhrabın ondan şikayət etdiyi fikrini yaradaq. Biz də əməliyyatçıyıq. Bu işləri bilirik. Məlum oldu ki, Arif Həsənovun özü elə dələduzun biridir. Biz bu işi ətraflı araşdırmadıq. Sonra onlar özləri razılaşıb, şərikliyi pozdular. Sonradan onu da aydınlaşdırdıq ki, Səhrab Abdullayevin əleyhinə olan saxta sənədləri də Həsən Həsənov düzəldib.

Məlum oldu ki, Arif Həsənov peşəkar üzədurandır. Admiral Şahin Sultanovun məhkəməsində də təqsirləndirilənin üzünə durub”.

Füzuli Əliyev onu da bildirib ki, günhasız olmasını istintaq zamanı ondan ifadə alan müstəntiqlər də etiraf edib: “İstintaqda 3 müstəntiq məni dindirib. Onlar mənə bildiriblər ki, zərərçəkmişlər fırıldaqçıdılar”.

MTN polkovniki bir gün azadlığa çıxacağına inandıığını da söyləyib: “Güllələnmə verməyəcəklər, ömürlük də. Bir gün azadlığa çıxacağımı bilirəm. Bizim sözümüz sözdür, zabit sözüdür”.

Məhkəmədə hazırda həbsdə olan MTN generalı Sübahir Qurbanov da dindirilib. O, bu epizod üzrə heç nə bilmədiyini söyləyib.
Məhkəmə prosesində yaddaqalan məqamlardan biri isə, Akif Çovdarovun hər iki zabit yoldaşının arxasından “narahat olmayın, qələbə bizim olacaq” deməsi olub.

Növbəti məhkəmə prosesi martın 13-nə təyin edilib.

Qeyd edək ki, A.Həsənov istintaqa ifadəsində deyib ki, o, şərikindən şübhələnərək MTN-ə şikayət edib: “Şərikimin dəbdəbəli həyat yaşadığını görüb şübhələnməyə başladım. 2013-cü ildən başlayaraq şirkətin bağladığı müqavilələr üzrə sənədləri yoxladım. Müəyyən etdim ki, Səhrab razılığım olmadan şirkətin vəsaiti hesabına işlər görməklə 6 milyon 200 min dolları mənimsəyib."/musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26