Nuşirəvan Məhərrəmli:
Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli Türkiyənin “Fox TV” telekanalının ölkəmizdə kabellə yayımının dayandırılması məsələsinə münasibət bildirib.
N.Məhərrəmli “Ölkə.Az”-a açıqlamasında deyib ki, “Fox TV”-nin Azərbaycanda yayımının dayandırılmasının MTRŞ-ya aidiyyəti yoxdur:
“Bilirsiz ki, Azərbaycanda yayımlanan kabel televiziya kanallarının sayı həddindən artıq çoxdur. Ona görə də bəzən kabellə yayımlanan ayrı-ayrı televiziya kanallarından hər hansı biri çıxarılır, yerinə digəri yayımlanır. Bu baxımdan da “Fox TV”-nin Azərbaycanda yayımının dayandırılması adi bir məsələdir. Bu, Milli Televiziya və Radio Şurasına aid olan məsələ deyil”.
MTRŞ sədri qeyd edib ki, Azərbaycanda “Televiziya və radio yayımı haqqında” qanunun tələblərinə görə kabel televiziyaları da tənzimlənməlidir:
“Necə ki, xarici televiziya kanalları başqa ölkələrdə qeydiyyatdan keçib yayımlanır, kabel televiziya kanalları da bu cür etməlidir. Çox təəssüf ki, bu Azərbaycanda hələ də həyata keçirilməyib. Ancaq biz yaxın vaxtlarda bu prosesləri başladacağıq. Yəni, xarici ölkə televiziya kanallarının kabel şəbəkəsi ilə Azərbaycanda yayımlanması üçün ilk növbədə həmin telekanallar gəlib ölkəmizdən lisenziya almalıdır, qeydiyyatdan keçməlidir, daha sonra isə yayım həyata keçirilməlidir. Qanunvericilikdə müvafiq dəyişikliklər olan kimi, biz bu prosesə yaxın vaxtlarda başlayacağıq”.
N.Məhərrəmli həmçinin bildirib ki, hazırda Azərbaycanda bütün ölkə üzrə yayımlanan telekanalların sayı kifayət qədər çoxdur:
“Hətta, mən deyərəm bəlkə də artıqdır. Azərbaycan kimi ölkənin ərazisi və əhalisinə görə ümumrespublika üzrə yayımlanan telekanalların sayı kifayət qədərdir. Hazırda Azərbaycanın reklam bazarında yaranan mövcud vəziyyət bizi çox narahat edir. Bunun səbəblərindən biri də telekanalların sayının çox olmasıdır. Reklam bazarında yaranan mövcud vəziyyət telekanalların efir siyasətinə də ciddi təsir göstərir. Çünki reklam siyasəti həm də efir siyasətini formalaşdırır. Reklam bazarında vəziyyətin qənaətbəxş olmaması verilişlərin keyfiyyətinə də mənfi təsir göstərir. Ona görə də biz reklam bazarındakı vəziyyətin tezliklə düzəlməsinə çalışırıq”.
MTRŞ sədri “Yaxın zamanlarda Azərbaycanda ölkə üzrə yayımlanan hər hansı telekanalın bağlanılması gözlənilir?” sualına isə belə cavab verib:
“Telekanalların bağlanması söhbəti yoxdur. Sadəcə olaraq, gələcəkdə yeni televiziya kanallarının yaradılması məsələsi hələlik gündəmdə olmayacaq. Həyatdır, gələcəkdə elə yeniliklər və zərurətlər ortaya çıxar ki, ona uyğun da addımlar atıla bilər. Yəni, bu məsələ ilə bağlı indidən qəti fikir söyləmək doğru deyil”.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26