Interposta.Info

Trampın sevimli sosial şəbəkəsi -

Ölkə
 8-02-2017, 09:04     533

Trampın sevimli sosial şəbəkəsi -
O, burdan həm söyür, həm də mesaj yollayır; dünya liderləri twitteri niyə tərcih edir...

ABŞ prezidenti Donald Trampın dünyaya twitter vasitəsilə verdiyi mesajlar ciddi maraq mövzusudur. Son illər məhz bu sosial şəbəkədən istifadə edən dünya liderlərinin karvanına qoşulan yeni prezident bununla paralel bir çox qalmaqallara da imza atıb. Bu barədə bir qədər sonra. Hələliksə, Trampla twitter arasındakı “münasibətlərin” tarixinə və detallarına diqqət edək.

Trampın sosial şəbəkə ilə son komik imtahanından başlayaq öncə. Aktiv twitter istifadəçisi olan Tramp qızı haqda yazdığı statusda hiperlink yerinə İvanka Trampın yox, İvanka Majicin adını qoyub. Majic isə prezidentdən ehtiyatlı olmağı xahiş edib. Majic twitterdə Trampa müraciət edib: “Donald Tramp, siz böyük məsuliyyət daşıyırsız. Mən sizdən xahiş edirəm ki, twitterdə ehtiyatlı olun və daha çox iqlim dəyişiklikləri barədə öyrənin”.

Dünya mediası yazır ki, bu qarışıqlığa səbəb Trampın texnologiya ilə arasının o qədər də yaxşı olmamasıdır. Hətta bu günə qədər Trampın elektron məktub və ya mətn mesajları göndərməməsi, əsasən çap üsuluna üstünlük verməsi də yayılan xəbərlər sırasındadır.
Amma onun twitter vasitəsilə verdiyi ciddi mesajları da yaddan çıxarmayaq. Trampın İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə imzaladığı fərman, habelə qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırması dünyada ona qarşı ciddi tənqidlərə yol açmışdı. Tramp bu tənqidlərə twitter hesabından iki cümlə ilə cavab verib: “ABŞ-a möhkəm sərhədlər və hərtərəfli yoxlama lazımdır. Baxın, Avropada, bütün dünyada nə baş verir? Dəhşətli qarışıqlıq var!”

Tramp twitter hesabında fərmanın icrasını dayandıran hakim Ceyms Robartı “hakim deyilən şəxs”, onun qərarını isə “gülünc” adlandırıb. “ABŞ nüvə silahları sahəsində imkanlarını əhəmiyyətli dərəcədə genişləndirməlidir”. Bu da onun twitter hesabında yazdıqlarıdır. Tramp daha əvvəl bildirib ki, Rusiyanın nüvə potensialı Amerikadan daha böyükdür.

Amma ona da twitter üzərindən sərt sözlər yazanlar olub. 2015-ci ildə Səudiyyə Ərəbistanının şahzadəsi Əl Vəlid bin Talal ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Trampı “Amerikanın üz qarası” adlandırıb. Bu barədə açıqlamasını Ərəbistan şahzadəsi öz twitter hesabından paylaşıb. O, mesajında D.Trampı prezidentlik yarışından geri çəkilməyə çağırıb. Həmin vaxt D.Tramp təhlükəsizlik səbəbi ilə ABŞ-a müsəlmanların girişinin qadağan olunmasını təklif etmişdi və sərt şəkildə tənqid olunmuşdu.

D.Tramp şahzadəyə cavab verərək, onu “axmaq” adlandırıb. O, özü kimi iş adamı olan və dünyanın ən varlı insanları siyahısında 34-cü yerdə qərar tutan Əl Vəlid bin Talalın atasının pulu ilə amerikalı siyasətçiləri yönləndirməyə çalışdığını söyləyib və “Mən seçiləndə belə bir şey olmayacaq”, - deyə bildirib.

Amerikanın “The New York Times” qəzeti isə D.Trampın twitter hesabı vasitəsilə təhqir etdiyi şəxslərin siyahısını hazırlayıb. Siyahıda 281 təhqir obyekti qeyd olunub. Təhqir olunanlar arasında təkcə Respublikaçılar və Demokratlar Partiyasının ayrı-ayrı nümayəndələri yox, eyni zamanda KİV-lər, kompaniyalar, hətta bəzən bütöv ölkələr də olub. Məsələn, Tramp Çini “qorxunc ölkə”, ABŞ prezidenti Barak Obamanı “zəif və qeyri-effektiv” prezident, “The Wall Street Journal” nəşrini isə “tabloidə bənzər” adlandırıb.

Təhqir olunanlar arasında xüsusi yeri heç şübhəsiz ki, demokratların prezidentliyə namizədi (təbii ki, keçmiş) Hillari Klinton tutur. Tramp bu günə qədər onun ünvanına düz 300 əsəbi tveet həsr edib. Məhz sosial şəbəkədəki bu cür əsəbi tveetlərinə görə məsləhətçiləri ötən ilin 6 noyabrında onu sosial şəbəkədən uzaqlaşdırmışdılar. Belə qərarın verilmə səbəblərindən biri də Trampın sosial şəbəkədə diplomatik davrana bilməməsi və bununla da özünə qarşı xeyli qıcıq yaratmasıdır. O, öz izləyicilərinə bəzi məsələlərlə bağlı “filtrasiya olunmamış” fikirlər yaymağa çalışırdı. Nəşr qeyd edir ki, Trampın mikrobloqu 14 milyona yaxın izləyici tərəfindən təqib edilir.

Bu “virtual diplomatik şəbəkə” elə bir şəkil alıb ki, siyasətçilərin ünsiyyəti üçün daha səmərəli şərait yaradır. Bu şəbəkə həm də vətəndaşlarla ünsiyyətdə misilsiz imkanlar verir. “Tviplomatiya” hesabatı 166 ölkədə dövlət və hökumət başçılarına, habelə nazir və rəsmilərə aid 700-dək hesaba baxıb.

Bəlli olub ki, Obamadan sonra ən populyar siyasi lider Hindistanın baş naziri Narendra Modidir. Onun hesabı 2014-cü il seçkilərindən sonra “kəllə-çarxa” vurub. Onun 18 milyondan artıq davamçısı var. “Mən insanlarla ünsiyyətdə texnologiya və sosial medianın gücünə qəti şəkildə inanıram” - Modi özünün inauqurasiya nitqində deyib.

Modi seçki qələbəsindən sonra belə bir tveet yazıb: “Hindistan qalib gəldi! Yaxşı günlər irəlidədir”

Ümumən liderlərin twitteri ilə mətbuat müşavirlərinin hər kəlməni ölçüb-biçən ordusu məşğul olur. Bu mənada Estoniya prezidenti Tomas Hendrik İlves istisna təşkil edir. Bir də Norveçin baş naziri Erna Solbergin buraxdığı səhvlərdən görünür ki, postlarını özü yazır. Lakin Argentina prezidenti Cristina Kirçnerin təqibçiləri deyə bilərlər ki, hərf səhvlərindən də ağır cinayətlər mövcuddur. Çinə səfəri zamanı Argentina lideri çinlilərin “r” hərfını tələffüz etməkdə çətinlik çəkdikləri barədə zarafat etmiş və dərhal da irqçilikdə ittiham olunmuşdu.

G7 ölkələrinin liderləri arasında Almaniya kansleri Angela Merkel twittersiz lider kimi istisna təşkil edir. Bəlkə Almaniya kansleri düşünür ki, twitterin 140 sözlük yazı məkanı alman dilinin mürəkkəb isimləri üçün darlıq edə bilər. Onu da demək lazımdır ki, dünyanın heç bir lideri twitter çempionu deyil. İzləyicilərin sayına görə twitterdə ilk iki yeri pop-ulduzları bölüşdürürlər.

Twitter bizim qısa ismarış kimi tanıdığımız SMS xidmətinə çox bənzəyir. O, mobil telefonda olduğu kimi, 140 simvol ilə istədiyinizi yazmağa imkan verir. Ödənişsiz bir xidmət olaraq, twitter istifadəçilərə imkan verir ki, anında dostlarınızla, tanışlarınızla, tanımadığınız və tanıdıqlarınızla əlaqə yaradasınız və hər hansı xəbəri paylaşa biləsiniz. Onun digər özəlliyi ondan ibarətdir ki, bütün məlumatlar elektron poçtunuza və yaxud mobil telefonunuza göndərilə bilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26