Interposta.Info

Məcburi köçkün yataqxanalarında vəziyyət:

Ölkə
 28-01-2017, 11:37     782

Məcburi köçkün yataqxanalarında vəziyyət:
Onların məskunlaşdığı otaqların bəzilərinin heç nəfəsliyi belə yoxdur, bir qisim isə soyuqdan donmamaq üçün paltarla yatır

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin toplantısında deputat Hadı Rəcəbli ölkə başçısının məcburi köçkünlərlə bağlı sərəncamından danışarkən ilginc bir iddia ilə çıxış edib. O deyib ki, məcburi köçkünlərin yaşadıqları evlərə gedəndə belə bir mənzərə ilə qarşılaşılaşıblar: “Onlar işıq spirallarından istifadə edirdilər. Sonra isə pəncərəni açıq qoyurdular”.

Paytaxt Bakıda xeyli sayda məcburi köçkün sovet dövründən qalan yarımçıq tikililərdə, xəstəxana binalarında, universitet yataqxanalarında və sairə bu kimi yerlərdə məskunlaşıblar.

Onların vəziyyətini yaxından öyrənmək üçün bəzi yataqxanalara yollandıq. Müşahidə etdik ki, əksər yataqxanalarda məcburi köçkün ailələri cəmi bir otağa sığınıblar.

Öncə getdiyimiz ünvan Füzuli, Ağdam, Kəlbəcər, Zəngilan, Qubadlı, Laçın, Xocavənd və Cəbrayıl rayonlarından olan 131 ailədən - 481 nəfər məcburi köçkününün məskunlaşdığı “Azərsutikinti” trestin xəstəxanası oldu. Müşahidə etdik ki, məcburi köçkünlərin bir qismi bu tikilinin zirzəmisində məskunlaşıblar ki, orada da nəmişlikdən yaşamaq mümkün deyil. Zirzəmidə pəncərələrin sayı çox azdır. Buna görə də onların çoxunun pəncərəni açıb, təmiz hava almaq imkanları yoxdur. Məcburi köçkünlər məcburiyyətdən bir otaqda həm paltar yuyurlar, həm yemək yeyirlər, həm televizora baxırlar, həm də digər gündəlik işlərini görürlər. Bildirdilər ki, əksər otaqlarda cəmi bir rozetka var. Onu da çox istifadə etmək mümkün deyil. Çünki elektrik xətləri köhnə və yararsız vəziyyətdədir.

Məcburi köçkünlər bildirdilər ki, heç bir deputat və digər məmurlar onların halları ilə maraqlanmırlar. Ağdamdan olan məcburi köçkün Şəfiqə Həsənova bildirdi ki, yataqxanada çox çətin vəziyyətdə yaşayırlar: “Qış aylarında nəmişlik olur, yayda isə istidən içəri girmək mümkün deyil. Sonuncu mərtəbədə yaşayanlar yayda zülm çəkirlər, zirzəmidə yaşayanlar isə qışda. Yataqxananın kanalizasiya sistemi də bərbaddır. Demək olar ki, bütün xətlərdən içəri su damır. Yəni belə bir vəziyyətdə hansı pəncərədən, hansı istilikdən söhbət gedə bilər? Uşaqları gecələr paltarla yatırdırıq ki, soyuqlayıb xəstələnməsinlər. Ancaq bununla belə yenə də xəstələnirlər. İllərdir ki, bir qonaq qəbul edə bilmirik. Çünki heç oturmağa yer tapmırıq. Məcburi köçkünlərin bu halını görmürlərmi? Neçə ildir desələr də ki, sizə ev tikiləcək ancaq hələ də bir xəbər yoxdur. Kimsə öləndə zülm çəkirik. Çünki hüzrü yola verməyə şərait də yoxdur. Koridorlar da çox dardır. Burada yanğın baş verərsə, hamımız yanıb külə dönəcəyik. Çünki çıxmağa yer yoxdur”.

Məcburi köçkünlər bildirdilər ki, rayonlarda yaşayan qohumlarının vəziyyəti daha ağırdır. Məcburi köçkün Rəhman Zeynalov bildirdi ki, rayonlarda dövlət tərəfindən verilən evlərdə qohumları yaşayırlar: “Dövlət sağ olsun ki, onlara ev verib, heç olmasa yaşam şəraitləri normaldır. Ancaq orada da işsizlik olduğu üçün əksər camaat gözünü çörək puluna dikib. Hər halda bu dövlət bizimdir və bunu qorumalıyıq. Heç kim dövlətdən artıq nə isə istəmir. Ola bilər ki, çox az sayda məcburi köçkünün maddi durumu yaxşıdır və onlar qazı, işığı necə gəldi istifadə edirlər. Ancaq bunu toplu şəkildə hər kəsə aid etmək olmaz. Başa düşmək olmur ki, Hadı Rəcəbli harda belə hal görüb...”

“Qaçqın bazarı” kimi tanınan əraziyə yaxın yerləşən peşə məktəbində məskunlaşan məcburi köçkünlərin də vəziyyəti oxşardır. Onlar da pəncərələrini kip şəkildə bağlayıb, evdəki istiliyi saxlamağa çalışırlar. Ancaq binanın təmirsiz və şəraitsiz olması buna imkan vermir.

Nizami rayonu ərazisindəki yarımçıq tikilidə yaşayan məcburi köçkünlərin isə vəziyyəti daha acınacaqlıdır. Xatırladaq ki, ötən ilin noyabr ayında məcburi köçkünlərin məskunlaşdıqları yarımçıq tikilidə yanğın baş verməsi nəticəsində ikisi azyaşlı olmaqla bir ailənin 4 üzvü yanaraq külə dönmüşdü. Həmin yanğın baş verən zaman bildirilmişdi ki, otaqlar zirzəmidə və dar olduğu üçün ailənin üzvləri yanğından xilas ola bilməyiblər...

Müşahidə etdik ki, bu gün də həmin tikilidə 18 ailə yaşayır. Tikili yarımçıq olduğu üçün burada pəncərələr, qapılar da nazik taxtalardan, hətta kartondandır. Yarımçıq tikiliyə qaz verilmir, elektrik xətləri isə köhnə və yararsız şəraitdədir. Sakinlər bildirdilər ki, xətlərdə tez-tez qısaqapanma olduğu üçün elektrik qızdırıcıdan istifadə edə bilmirlər./musavat.com

interposta.info

Məcburi köçkün yataqxanalarında vəziyyət:
Məcburi köçkün yataqxanalarında vəziyyət:
Məcburi köçkün yataqxanalarında vəziyyət:
Məcburi köçkün yataqxanalarında vəziyyət:
Məcburi köçkün yataqxanalarında vəziyyət:
Məcburi köçkün yataqxanalarında vəziyyət: Məcburi köçkün yataqxanalarında vəziyyət:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26