Interposta.Info

İntihar edən psixoloqun intihara qarşı

Ölkə
 26-01-2017, 07:29     1 050

İntihar edən psixoloqun intihara qarşı
Bir neçə saat öncə tanınmış psixoloq Dəyanət Rzayevin kəmərlə özünü boğaraq intihar etməsi şok effekti yaradıb.

Axar.az xatırladır ki, vaxtaşırı olaraq intihar əleyhinə çıxışları ilə tanınan D.Rzayevin son belə açıqlaması yanvarın 18-ə təsadüf edir:

“Biz əgər Norveç və ya Finlandiyadakı intihar səbəblərini araşdırsaq görərik ki, bu, daha çox tənhalıqdan, bir-birilərinə qarşı olan soyuqluqdan irəli gəlir. Bizdə isə əksinədir. Biz tənhalıqdan yox, çox ünsiyyətdən əziyyət çəkirik.

İntiharların başvermə səbəbi daha çox ümidsizlik və maddi durumla bağlıdır. Bizdə münasibətlər normal qurulmayıb, neytrallıq da yoxdur. Hərdən baxırıq ki, insanı elə şeylərə görə qınayırlar ki, bu onu depressiyaya aparır. Məsələn, hansısa qadın əri narkoman olduğu və ya ona işgəncə verdiyi üçün boşanır. Cəmiyyət onu qınamağa başlayır və ona müxtəlif adlar qoşurlar. Araşdırılmır ki, bu adam nəyə görə boşanıb. Yaxud da ki, maddi durum. İnsanın həyatda heç bir sığortası yoxdur.

Tutaq ki, birinin banka 3 min dollar borcu olur. O, borcunun 1000 manatını qaytarsa da, devalvasiya baş verir və borcu elə 3 min manat kimi qalır. Halbuki 250 manat maaş alırsa, borcunu necə verə, ailəsini necə dolandıra bilər? Şimal ölkələrinə baxanda Azərbaycanda səbəblər bu cür fərqlidir. Sadəcə olaraq, intiharların səbəbləri dərindən araşdırılmalıdır.

Düzdür, çox zaman əsl səbəblər gizlədilir, yaxud da qohumları deyir ki, ruhi xəstə idi. Azərbaycanda intiharların səbəbi öyrənilməli və onu aradan qaldırmaq istiqamətində iş görülməlidir. Bu, uşaqlara da təsir edir. Əgər bir uşaq məktəbə gedir, özü ilə müqayisədə digər uşaqların ondan daha yaxşı geyindiyini görürsə, o, depressiyaya qapıla bilir. Yaxud da evə gələndə görürsə ki, ata-anası qəmgindir, ailədə daim mübahisə var, o zaman uşaq da psixoloji baxımdan gərilir, əlacsız qalır və intihara əl atır”.

Psixoloq ötən ay Musavat.com-a verdiyi başqa bir açıqlamada da intiharlara qarşı bu fikirləri işlətmişdi:

“Müəyyən dünya standartları var. Məsələn, ağır xəstəliyə tutulan, 40-dan yuxarı yaşı olan insanlar, alkoqoliklər, narkomanlar daha çox intihar edir. Bizdə isə baxırsan ki, tam sağlam insandır, intihar edir. Dünya statistikasında qadınlar az intihar edir. Amma bizdə hər ikisi edir. Bu gün bizdə intiharların çoxalmasının birinci səbəbi sosial mühit, sosial münasibətlərdir. Bu gün 3 faktor var ki, insanı ölümə doğru aparır: qeyri-müəyyənlik, qorxu və ümidsizlik...”

8 oktyabr 2016-cı ildə Axar.az-a açıqlamasında da psixoloq gənclərin intihardan yayınması üçün valideynlərə tövsiyyələrini vermişdi.

Ümumiyyətlə, Dəyanət Rzayev intihara qarşı ciddi mövqeyi olan psixoloqlardan biri kimi tanınırdı.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26