Interposta.Info

““Qafqaz”ın bazasında yeni yaradılmış universitet fəaliyyət göstərəcək” -

Ölkə
 18-01-2017, 12:21     635

““Qafqaz”ın bazasında yeni yaradılmış universitet fəaliyyət göstərəcək” -

"Prezident İlham Əliyev Bakı Mühəndislik Universitetinin yaradılması haqqında sərəncam imzalayıb. Ola bilsin ki, Bakı Mühəndislik Universiteti Qafqaz Universitetinin bazasında formalaşsın”.

interposta.info xəbər verir ki, bu sözləri BakiPost.az-a açıqlamasında təhsil üzrə ekspert Etibar Əliyev deyib.

Onun sözlərinə görə, Qafqaz Universitetində yalnız təbiət və texniki ixtisas üzrə təhsil alan tələbələr qalacaq:
"Qafqaz Universiteti istisna olmaqla, universitetlərin bağlanması oradakı təhsilin keyfiyyəti və akkreditasiya müddətinin bitməsi ilə bağlıdır. Amma Qafqaz Universiteti fərqli şəkildə bağlanır. Universitetdə təbiət və texniki ixtisaslar üzrə təhsil alan tələbələr qalacaq. Digər ixtisaslar üzrə təhsil alan tələbələr isə başqa ali məktəblərə köçürüləcək.

Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Mühəndislik Universiteti yaradılıb. Bu universitet ola bilsin ki, "Qafqaz”ın bazasında formalaşsın. Bunun olması mümkündür. Amma belə olan təqdirdə qeyri-ixtisasların orada qalması mümkün deyil. "Qafqaz”ın digər bağlanan universitetlərdən fərqi ondan ibarətdir ki, bu ali məktəbə tələbələr çox yüksək balla daxil olub. Həmin tələbələr topladıqları ballara uyğun digər dövlət ali məktəblərinə köçürüləcəklər”.

Etibar Əliyev bildirib ki, təhsilin keyfiyyəti tələblərə və standartlara cavab vermədiyi halda ali məktəblərin fəaliyyətinə xitam verilməlidir: "Mən bunun tərəfdarıyam. Çünki keyfiyyətsiz mütəxəssis hazırlamaq artıq cəmiyyətin tələblərinə cavab vermir”.

Təhsil eksperti qeyd edib ki, Kooperasiya Universitetinin fəaliyyətinin dayandırılması istiqamətində də işlər aparılmalıdır:
"Bu universitetdə çoxlu neqativ hallar mövcuddur. Təhsilin keyfiyyəti çox aşağı səviyyədədir. Ona görə aidiyyəti qurumlar bu barədə də düşünsələr, yaxşı olar”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26