Interposta.Info

Ekspert:

Ölkə
 10-01-2017, 10:28     539

Ekspert:

Vüqar Bayramov: “Mərkəzi Bank 2015-2016-ci illərdə manata olan inamın artırılması üçün effektiv tədbirlər görmədi”

““Qara bazar” ləğv edilməli və banklarda dollar satışı bərpa edilməli, banklarla “qara bazar”ın əlaqəsi kəsilməlidir. Əks halda bu “qara bazar”da dolların bahalaşmasına və ölkəyə idxal edilən məhsulların qiymətinin artmasına səbəb olacaq”.

interposta.info bildirir ki, bu sözləri iqtisadçı Vüqar Bayramov maliyyə bazarında davam edən dollar qıtlığının mənfi təsirlərinə münasibət bildirərkən Pia.az-a açıqlamasında qeyd edib.

Maliyyə bazarında dollar qıtlığının aradan qaldırılmaması səbəbi ilə yeni ilin ilk günlərindən manatın qiymətinin sürətlə aşağı düşəcəyi, həmçinin qiymətlərin həddindən artıq artacağı barədə xəbərlər yayılmaqdadır. Bununla bağlı olaraq hökümətin bazarda dollara olan ehtiyacı ortadan qaldırmaq üçün effektiv tədbirlər görməməsinin səbəbi nədir? Və banklara inzibati, ya da qeyri-inzibati yollarla dollar satmaq məcburiyyəti gətirilməsi üçün hansı addımlar atılmalıdır?

Ekspert:

Vüqar Bayramov: “Manatın məzənnəsi ilə bağlı qeyri-müəyyənlik qalmaqda davam edir”.

Yaxın günlərdə ölkəyə idxal olunan məhsulların qiymətinin artmaması üçün banklarda dollar satışının bərpa edilməsinin vacib olduğunu vurğulayan iqtisadçı Vüqar Bayramovun fikrincə, Mərkəzi Bank manata olan inamın artırılması üçün real addımlar atmır:

“Dollara olan tələbatın ödənməməsinin səbəbi kommersiya banklarının demək olar ki, hamısının dollar satmaması ilə bağlıdır. Banklardan həmin dolları almaq mümkün olmadığına görə əksər hallarda iş adamları “qara bazar”a üz tuturlar və daha yüksək məzənnə ilə dollar almaq məcburiyyətində qalırlar. Bir tərəfdən “qara bazar”dan dollar alınması qeyir-qanunidir və nəticə etibarilə leqal olaraq dollar satışına təsir göstərir. Digər tərəfdən isə “qara bazar”da məzənnənin yüksək olması iş adamların dolları yüksək məzənnə ilə almasına səbəb olur.

Əslində Mərkəzi Bank məzənnə siyasətində yubandı. Mərkəzi Bank liberal məzənnə siyasətinə 2015-ci ilin əvvəllərində keçməli idi, amma keçmədi. Nəticədə 2016-ci ilin yekunlarına diqqət yetirsək, Rusiya və Qazaxıstanda milli valyutanın məzənnəsinin möhkəmlənməsi müşahidə edilirdisə, Azərbaycanda milli valyuta dəyər itirib. Rusiyada rubl, Qazaxıstanda milli valyuta 15%-ə qədər dəyər qazanıb. Azərbaycanda isə milli valyutanın dəyər itirməsi müşahidə olunub. Bu baxımdan təəssüf ki, Mərkəzi Bank 2015-2016-ci illərdə manata olan inamın artırılması üçün effektiv tədbirlər görmədi. Manatın məzənnəsi ilə bağlı qeyri-müəyyənlik qalmaqda davam edir.

Vüqar Bayramov: “Mərkəzi Bank manata olan inamın artırılması üçün real addımlar atmır”

Hələ də manatın bazar dəyəri müəyyənləşməyib. Bu isə manatın məzənnəsinə təsir göstərir. Fikrimcə, bu baxımdan real addımların atılmasına ehtiyac var. “Qara bazar” ləğv edilməli və banklarda dollar satışı bərpa edilməli, banklarla “qara bazar”ın əlaqəsi kəsilməlidir. Əks halda bu “qara bazar”da dolların bahalaşmasına və ölkəyə idxal edilən məhsulların qiymətinin artmasına səbəb olacaq. Mərkəzi Bankın kommersiya banklarda dollar satışını bərpa etməsi ilə bağlı real addımlar atması vacibdir. Əks halda yaxın günlərdə də dolların “qara bazar”da məzənnəsinin möhkəmlənməsini və banklardakı dollar qıtlığının davam etməsini müşahidə edəcəyik.

Banklarda dolların satılması üçün müəyyən inzibati yollar həyata keçirilməlidir. Xüsusən də bankların “qara bazar”la əlaqəsinin ləğv edilməsi üçün bu addım vacibdir. Ancaq ilk növbədə dollara olan tələbat ödənilməlidir. Banklarda dollara olan tələbat ödənilməlidir ki, banklar dollar satışını bərpa etsin”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26