Interposta.Info

Sertifikasiyadan keçə bilməyən 9 min müəllim: Onlara dəstək proqramı olacaqmı?

Müxtəlif
 Bu gün, 14:58     0

Təhsil sistemində sertifikasiya imtahanları artıq başa çatıb. Nəticələrə əsasən, ölkədə təxminən 9 min müəllim işini itirib. Hazırkı şəraitdə həmin müəllimlərin istər dövlət, istərsə də özəl sektorda yeni iş tapması asan görünmür.
Bəs, Elm və Təhsil Nazirliyinin sertifikasiyadan keçmədiyi üçün işsiz qalan müəllimlərlə bağlı hər hansı dəstək proqramı varmı?
Goldmedia.az-ın məlumatına görə, sabiq millət vəkili Etibar Əliyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu istiqamətdə hər hansı sosial proqramın mövcudluğu barədə məlumatı yoxdur:
"Ancaq fakt budur ki, həmin 9 min müəllim işsiz qalacaq. Nazir də açıqlamasında bildirdi ki, sertifikasiya imtahanının sualları o qədər də çətin olmayıb. Onun sözlərindən belə çıxır ki, imtahanda elementar suallar verilib və müəllimlər onlara cavab verə bilmədikləri üçün tədris prosesindən kənarda qalıblar. İndiki dövrdə həmin müəllimlərin işsiz kimi qeydiyyata alınması, onsuz da ağır olan bazar şəraitində onların yaşayışını daha da çətinləşdirəcək. Mən 9 min müəllimin işsiz qalmasını müsbət hal hesab etmirəm".
Etibar Əliyev aidiyyəti qurumları bu məsələyə yenidən baxmağa çağırıb:
"Bir tərəfdən nazir özü də etiraf edir, digər tərəfdən isə buna uyğun addımlar atmır. Bu gün regionlarda ciddi müəllim çatışmazlığı var. Bir çox fənlər ixtisas müəllimləri tərəfindən tədris edilmir. Məsələn, rayonların birində gördük ki, coğrafiya müəllimi riyaziyyatdan, riyaziyyat müəllimi isə biologiyadan dərs deyir. Əslində sertifikasiyanın məqsədi müəllimləri tədris prosesindən kənarlaşdırmaq olmamalıdır. Onlara əlavə möhlət verilə və biliklərini yenidən yoxlamaq imkanı yaradıla bilər. Digər tərəfdən, müəllimlərin peşəkar inkişafı üçün böyük layihələr həyata keçirilir, milyonlarla manat vəsait xərclənir. Axşam saatlarında müəllimlər üçün onlayn təlimlər təşkil olunur. Bəs milyonlarla manatın qrant layihələrinə ayrılmasının nəticəsi budurmu? Nazir deyir ki, sistemli korrupsiya yoxdur. Halbuki bu prosesin özü də ciddi suallar doğurur. Mənim müəllim qohumlarım var. Onlar işdən evə qayıtdıqdan sonra məcburi şəkildə axşam təlimlərinə cəlb olunurlar. Sertifikasiyadan əvvəl müəllimlərin bilik səviyyəsi yüksəldilməli, yalnız bundan sonra belə imtahanlar keçirilməli idi".
Etibar Əliyev hesab edir ki, 9 min müəllimin təhsil sistemindən kənarda qalması gələcəkdə daha ciddi problemlərə səbəb ola bilər:
"Məsələn, Quba, Xaçmaz və Tərtərdə çalışan müəllim az bal toplayıb deyə prosesdən kənarda qalıb. Sabah həmin rayonlara işləməyə gedən müəllim tapılmayacaq. Çünki hamı şəhərdə işləməyə üstünlük verir. Təyinat sistemi də yoxdur. Nəticədə həmin fənlər üzrə dərslər ya ixtisas müəllimi olmayan şəxslər tərəfindən tədris ediləcək, ya da ümumiyyətlə boş qalacaq. Bunun yaratdığı mənfi təsirlər daha ağır olacaq".
Goldmedia.az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26