“Bu pilləkən müəllimlərindir” – Sumqayıt bu məktəbində şagirdlərə qadağa
Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 4 saylı orta məktəbdə baş verənlər valideynlər arasında ciddi narahatlıq doğurur. Belə ki, məktəbdə tətbiq edilən qeyri-rəsmi və izahı verilməyən qaydalar şagirdlərin hüquqlarının pozulması ilə müşayiət olunur.
Valideynlərin bildirdiyinə görə, şagirdlərə məktəbin əsas girişində yerləşən pilləkəndən istifadə etməyə icazə verilmir. Şagirdlərə açıq şəkildə bildirilib ki, bu pilləkən “yalnız müəllimlər üçündür”.
Bəs sual yaranır: təhsil ocağında müəllim və şagird arasında bu cür sərt bölgü aparmaq nə dərəcədə doğrudur?
Məktəblər şəxsi mülk deyil, ictimai təhsil müəssisəsidir. Burada tətbiq olunan hər bir qayda həm pedaqoji, həm də hüquqi baxımdan əsaslandırılmalıdır. Şagirdlərə illərlə “məktəb bizim ikinci evimizdir” deyə öyrədilir, lakin praktiki yanaşmada bu “evin” bəzi hissələrinin onlara qadağan edilməsi ciddi ziddiyyət yaradır.
Üstəlik, şagirdlər üçün nəzərdə tutulan sağ və sol giriş hissələrindəki pilləkənlərin dar və işıqlandırmanın zəif olması da təhlükəsizlik baxımından narahatlıq doğurur.
Gündəlik yüzlərlə şagirdin istifadə etdiyi bu keçidlərin həm qaranlıq, həm də narahat olması valideynləri haqlı olaraq düşündürür: uşaqların təhlükəsizliyi niyə ikinci plana keçirilir?
Təhsil müəssisəsində əsas məqsəd sağlam mühit, bərabər münasibət və şagirdlərin psixoloji rahatlığı olmalıdır. Şagirdlər arasında “bizə olmaz, müəllimlərə olar” kimi yanaşma isə nə tərbiyəvi, nə də təhsil prinsiplərinə uyğundur.
Valideynlər ümid edirlər ki, məsələ məktəb rəhbərliyi və aidiyyəti qurumlar tərəfindən diqqətlə araşdırılacaq və təhsil ocağında şagird–müəllim ayrı-seçkiliyinə yol verən bu cür yanaşmalara son qoyulacaq. Axı məktəb qaydaları qadağalarla yox, qarşılıqlı hörmət və anlayışla formalaşmalıdır.
GoldMedia.Az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26





