Heç olmaz ki, doğru söz yerdə qalsın” deyən Həsən bəy Zərdabinin həqiqət yolu…
Bu gün- 22 iyul Azərbaycan milli mətbuatının yaranması günüdür!
Əsası görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir H. Zərdabi tərəfindən qoyulan “Əkinçi” qəzetinin nəşrə başlaması xalqımızın milli məfkurəsinin formalaşmasında yeni mərhələ oldu. 1991-ci il 22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunmağa başladı. Nəşri ilə bütün Qafqazda əks-səda doğuran qəzet ayda 2-3 dəfə 300-400 tirajla nəşr edilmişdir. “Daxili xəbərlər”, “Əkin və ziraət xəbərləri”, “Elmi xəbərlər”, “Təzə xəbərlər” başlığı altında müxtəlif mövzularda yazılan məqalələr dərc olunurdu. H.Zərdabi cəmiyyətin çirkab, cəhalət, mövhumat girdabında boğulduğu bir zamanda millətini, xalqını bu vəziyyətdən çıxarmaq, onun həyatını elm, maarif çırağı ilə işıqlandırmaq, doğru yol göstərmək, maarifçilik ideyalarını yaymaq üçün “Əkinçi” qəzetini nəşr etdirdi. Cəmi 56 sayının işıq üzü görməsinə baxmayaraq Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında misilsiz xidmətləri oldu. Azərbaycan dilində əsl milli və demokratik xalq mətbuatının təməl daşını qoydu. Qısa bir zaman kəsiyində sadə xalqdan tutmuş ziyalı təbəqəyə kimi hər kəsin sevimlisinə, millətin aynasına çevrildi. “Əkinçi” nin özündən sonrakı ədəvi məktəbin, bir çox mətbu orqanların formalaşması prosesinə təkan verdi. Mütərrəqi ideyaların carçısı olan qəzetdə ədəbiyyatın, incəsənətin, mədəniyyətin inkişafına, yeni tipli məktəblərin yaradılmasının zəruriliyinə, qadın azadlığı, qadın təhsilinin önəminə dair məqalələr çap edilirdi. Dövrün bir çox mütərrəqi ziyalılarının-Nəcəf bəy Vəzirovun, Əsgər ağa Goraninin, Məhəmmədtağı Əlizadə Şirvaninin, Dərbənddən Heydərinin göndərdikləri məktublar, Seyid Əzim Şirvaninin şeirləri və Mirzə Fətəli Axundzadənin məqalələri (“Vəkili-naməlumi millət" imzası ilə) dərc olunurdu.
Lakin Çar Rusiyası qəzetin xalqın maariflənməsində, cəmiyyətdə gedən ictima-siyasi prosesləri bələd olmasından çəkinir və qəzetin nəşr olunmasını dayandırır. Bu qəzetin bağlanması ilə bir müddət ana dilində mətbu orqanı çap olunmur…
Media sahəsinə diqqət hər zaman xüsusi diqqət mərkəzində olmuşdur. Ulu öndər Heydər Əliyevin “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” 1998-ci ildə imzaladığı Fərman bu məsələyə diqqətin təzahürü idi. Bu fərmanın imzalanması ilə 1998-ci ildə imzalanan “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmana müvafiq olaraq, Nazirlər Kabineti yanında Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşmüş hesab olundu. Daha sonra “Kütləvi informasiya vasitələri haqqında” qanun, 2000-ci ilin mart ayında Heydər Əliyevin sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı” təsdiq olunması, Bir sıra qəzetlərin Azərbaycan nəşriyyatına olan borcları donduruldu, sonradan isə ləğv edildi. 2003-cü ilin mart ayında Azərbaycan jurnalistlərinin qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurası yaradılması ümummilli liderin bu sahəyə olan diqqətinin sübutu idi.
Müxtəlif zaman kəsiyində haqlı və ya haqsız tənqidlərə baxmayaraq Azərbaycan mətbuatı böyük inkişaf yolunu keçərək Zərdabi ənənələrini qoruyub saxlamağı bacardı. Bu gün media sahəsinə qayğı, azad mətbuatın inkişafı dövlətin prioritet məsələlərindən biridir. Dünən Media nümayəndələrinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı da bunun bariz nümunəsidir.
Bu gün peşə bayramı olan vicdanlı, obyektiv, dürüst qələm əhlini, jurnalistləri təbrik edir, çətin və şərəfli fəaliyyətlərində uğurlar arzu edirik.
Elza İbadova, Filoloq
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26


