Interposta.Info

Kürdəmirdə baş verən ağır qəzada xəsarət alanlar Xalq artistinin yaxın qohumları imiş - FOTO

Müxtəlif
 26-10-2023, 11:31     21 575

Oktyabrın 25-də saat 8:50-də Kürdəmirdə baş verən ağır yol-nəqliyyat hadisəsində xəsarət alanlar Xalq artisti Mənsum İbrahimovun yaxın qohumlarıdır.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Kürdəmir-Zərdab yolunun rayonun Qaramahmudlu kəndindən keçən hissəsində idarəetmədən çıxaraq aşan “Kia Sorento” markalı avtomobilin sürücüsü, 1970-ci il təvəllüdlü Zülfüqar İbrahimov Xalq artistinin qardaşıdır.

Qeyd edək ki, hadisə nəticəsində sürücü ilə yanaşı, həyat yoldaşı Səbinə Vaqif qızı İbrahimova və oğlu, 13 yaşlı Ayxan İbrahimli müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər. Hadisə zamanı avtomobildə olan sərnişinlərdən, Z.İbrahimovun qayınanası, 1947-ci il təvəllüdlü, Ağdam rayon sakini Məlahət Əli qızı Rəhimova isə vəfat edib.

Sürücü Zülfüqar İbrahimov Vətən müharibəsi şəhidi İsrafil İbrahimovun atasıdır.
Qeyd edək ki, bir neçə gün əvvəl şəhidin xatirəsinə həsr edilmiş filmin təqdimatı olmuşdu. Şəhid, kiçik çavuş İsrafil Zülfüqar oğlu İbrahimov Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin tərkibində xidmət edib. O, 2020-ci il sentyabrın 27-dən etibarən Vətən müharibəsində iştirak edib. 26 oktyabr 2020-ci ildə Laçın rayonunun Səfiyan kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.

İsrafil İbrahimov şəhadətindən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

İnterPosta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26