Interposta.Info

DYP piyadalara müraciət etdi

Müxtəlif
 3-10-2023, 15:08     291

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib.

"İnterPosta" məlumatına görə, idarənin rəsmisi polis mayoru Araz Əsgərli bildirib ki, bu gün Heydər Əliyev prospekti şəhər istiqamətində növbəti piyadavurma hadisəsi məhz yerüstü piyada keçidinin altında qeydə alınıb.

Onun sözlərinə görə, hadisə zamanı təyin edilməyən yerdən keçən piyada dünyasını dəyişib.

"Bu hadisə ilə bağlı dərin təəssüf hissi ilə bildiririk ki, hələ də öz həyatına, həmçinin ətrafındakı insanların həyat və sağlamlığına son dərəcə məsuliyyətsiz yanaşanlar var. Belə ağır hadisələrin baş verməsi üçün sürücülərdən diqqətli olmaq tələb olunsa da, bəzi piyadaların qaydaları heçə sayması ağır faciələrlə nəticələnir. Vətəndaşlarımızdan xahiş edirik, öz hərəkətlərinə nizamlı və intizamlı formada yanaşsınlar. Sadə qaydaların tələbini ağır sonluqlu facilərə qurban verməsinlər. Yerüstü və yeraltı piyada keçidlərinin olduğu ərazilər kifayət qədər təhlükəlidir. Piyada keçidinin yaxınlığında ondan istifadə etməmək isə təhlükəli olmaqla yanaşı yalnış seçimdir. Yollarda ehtiyatlı olmağı, real təhlükəni bilərək həyatı lüzumsuz bəhanələrə qurban verməməyi bir daha bütün hərəkət iştirakçılarından xahiş edirik”, - A.Əsgərli əlavə edib.

Qeyd edək ki, bu gün səhər saat 7 radələrində Mehdizadə Elşən Mirzəli oğlunun idarə etdiyi "Toyota Prius” markalı avtomobil Suraxanı rayonu ərazisində 57 yaşlı Əliyev Polad Qaçay oğlunu vurub. Nəticədə o, hadisə yerində vəfat edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26