Interposta.Info

“Biz öz ana dilimizi qorumağa borcluyuq” – Aydın Hüseynov

Müxtəlif
 3-08-2023, 00:22     436

1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür. Bu gün də digər əlamətdar günlər kimi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan dili azərbaycan xalqının varlığını özgürlüyünü təsdiq edən dövlət atributlarından biridir. Bu əlamətdar gün Ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər bu Fərmanı müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətinin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb. Həmin tarixdən 1 avqust “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” kimi qeyd olunur. Fərmanda həm də, Azərbaycan xalqının tarix boyu müxtəlif əlifbalardan istifadə edərək, XX əsrin 20-ci illərində gerçəkləşən latın qrafikalı əlifbaya keçidin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, Azərbaycan mədəniyyətinin inkişaf istiqamətini müəyyənləşdirmiş və bu da yeni mədəniyyət tipinə uyğun müasir əlifbaya olan ehtiyacı aktuallaşdırıb.

Ümummili Lider Heydər Əliyev xalqın formalaşmasında, yaşamasında ana dilinin rolunu yüksək qiymətləndirib. O, “Hər bir xalq öz dili ilə yaranır. Ancaq bu dili yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur”, – deyə, çıxışlarının birində fikir bildirmişdir. Ulu öndər gənclərimizə məhz ana dili əsasında dünyanı dərk etməyi məsləhət görürdü. Azərbaycan gənclərinə xarici dilləri öyrənməklə, ilk növbədə, öz ana dilini daha mükəmməl bilməyi tövsiyə edib. Uzun müddət imperiya təsirlərinin davam etməsi ana dilimizi arxaikləşməsi təhlükəsi ilə üz-üzə qoydu. Hətta digər dillərin daha çox ünsiyyət vasitəsinə çevrilməsi dilimizin varlığını sual altına qoydu. Məhz Heydər Əliyev fenomeni bu təhlükəni görərək uzun mübarizədən sonra 1978-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dilinin rəsmi şəkildə Azərbaycan dili adlandırılmasına nail oldu. Bu tarixi hadisədən sonra Azərbaycan dili nüfuzlu məclislərə, dövlət əhəmiyyətli tədbirlərə yolu açıldı, Heydər Əliyevin qayğısı sayəsində ali məktəblər üçün dördcildlik “Müasir Azərbaycan dili” dərsliyinə, “Azərbaycan dilinin dialektologiyasının əsasları” dərs vəsaitinə respublika Dövlət mükafatları verildi, təhsil müəssisələrində ana dilinin tədrisinə ayrılan saatların miqdarı artırıldı, Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə ali məktəblərə qəbul planları əhəmiyyətli dərəcədə artırıldı. Ümumi olaraq deyə bilərik ki, Azərbaycan dilinin keşiyində durmaq Heydər Əliyevin həyat fəaliyyətinə çevrilmişdi.

Tarixə nəzər salsaq, ana dilimizin varlığı uğrunda mübarizələr aparılıb, qurbanlar verilib. Biz öz ana dilimizi qorumağa borcluyuq. Dünyada 4500-dən çox dil var, lakin, 200 xalq var ki, onların dili həm də dövlət dilidir. Azərbaycan dili də bu sıradadır. Azərbaycan türkcəsi Çindən Avropaya qədər böyük bir ərazidə müxtəlif adlarda, amma eyni kökdə türk dili ailəsinə məxsusdur.

Bu gün ana dilimizin inkişafı, dövlət dilinə çevrilməsi, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Bu gün milli-mənəvi dəyərlərin ən qiymətlisi və bir xalq kimi milli varlığın rəmzi olan Azərbaycan dilinin qorunması, saflaşdırılması və inkişafı istiqamətində bu günə qədər çox mühüm addımlar atılıb. Bu Azərbaycan dilinin işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dilimizin qorunması və inkişafı üçün qanunvericilik bazasının təkmilləşdirilərək möhkəmləndirilməsi istiqamətində verdiyi tapşırıqlar onun dilimizə münasibətdən qaynaqlanır. Dil siyasətinin birmənalı şəkildə formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi işinin qurulması Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdırsa, bu müqəddəs yolun davam etdirilməsi cənab Prezident İlham Əliyevin adı ilə bağlıdır. Ölkə başçısının Azərbaycan dilinin qloballaşan dünyada hərtərəfli inkişafı, onun normalarının qorunması istiqamətində atdığı addımlar dilçilər tərəfindən minnətdarlıqla qarşılanır. Bu hal həm də, dilimizin bundan sonra da qorunması və inkişaf etdirilməsi sahəsində əməli fəaliyyətlərin yüksək səviyyədə davam etdiriləcəyinə əminlik yaradır.

Aydın Hüseynov
Milli Məclisin deputatı

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26