Interposta.Info

Cərrahın qeyri-adi əl işləri: “Biləndə ki Azərbaycandanam, əcnəbilər yaxın durmurlar” - REPORTAJ + FOTO

Müxtəlif
 10-07-2023, 17:27     320

Həkim-travmatoloq məişət tullantılarından qeyri-adi sənət əsərləri hazırlayır.

Oxu.Az xəbər verir ki, Bakıda yaşayan tibb üzrə fəlsəfə doktoru Azər Qafarov hazırda ehtiyatda olan tibb xidməti polkovnikidir. Üç kitabın, 15-ə yaxın faydalı modelin, beş cərrahi ixtiranın müəllifi olan həkim özəl xəstəxanalardan birində travmatoloq-ortoped cərrah olaraq fəaliyyət göstərir.

Həkimlik fəaliyyəti ilə yanaşı, onu hər kəsə tanıdan hobbisi ilə də məşhurdur. Belə ki, Azər Qafarov beş-altı ildir ki, ətrafdan topladığı dəmir parçaları və tullantılardan qeyri-adi sənət əsərləri hazırlayır. Öz nümunələri ilə yaşadığı evin həyətini gözəlləşdirən müsahibimiz incəsənətə marağı olduğunu, modern incəsənət, üslublar haqqında araşdırma apardığını deyib. O qeyd edib ki, tullantıları yenidən faydalı hala gətirmək elə də asan deyil:

“Bu işlərə başlayanda yapışdırmağın alınmadığını görüb qaynaq aparatı satın aldım. İstifadə etməyi öyrəndim, internetdə araşdırmalar apardım, nə lazımdırsa, etdim.

Düzəltdiyim əşyaları bəyənən də, bəyənməyən də oldu. “Həkim adamsan, öz işinlə məşğul ol” deyənləri də gördüm. Halbuki, Azərbaycanda bu işlə məşğul olan yoxdur.

Lazımi detalları əldə etmək üçün metaltoplama yerlərinə gedirəm, qəribə əşyaları yığıram. Hər kəsin dəmir parçası hesab etdiyi tullantılara yeni həyat verməyə çalışıram.

Hazırladığım əşyaları sosial şəbəkələrdə paylaşanda əcnəbilər almaq istəyirlər. Azərbaycandan olduğumu biləndə alış-verişimiz baş tutmur. Fiqurların fotolarını kimə göstərsəm, hansı muzeydə çəkdiyimi soruşur. Düzəltdiyim əşyaları sata bilmərəm, hər biri övladım kimidir. Çünki təkrarı yoxdur”.

PhotoStock.az məişət tullantılarından qeyri-adi sənət əsərləri hazırlayan cərrahın əl işlərindən fotoreportaj hazırlayıb. Fotoları təqdim edirik.

İnterPosta.info




Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26