Interposta.Info

Möcüzəli Naftalan Sağlamlıq Mərkəzində Şəhid ailələrinin üzvlərinin, qazilərin sağlamlıqları bərpa edilir

Müxtəlif / Manşet
 22-07-2022, 00:23     937

Azərbaycan dövləti şəhid ailələrinə, müharibə iştirakçılarına və qazilərə daim yüksək diqqət və qayğı göstərir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən edib.

Şəhid ailələrinin və müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlara fərdi evlərin, mənzillərin verilməsi və digər bir sıra istiqamətlərdə mühüm addımlar atılır. Eyni zamanda qazilərin sağlamlığının qorunması, onların müasir protezlərlə təminatı, reabilitasiya kurslarını keçməsi üçün də çox mühüm işlər görülür. Bu da onların öz sağlamlıqlarını bərpa etmələrinə töhfə verir.

Şəhid ailələrinin, Vətən müharibəsindəki döyüşlərdə yaralanmış və müxtəlif xəsarətlər almış qazilərin sağlıqlarına qovuşması üçün aparılan müalicədə yüksək nəticələrin alındığı sağlamlıq müəssisələrindən biri də Beynəlxalq turizm mərkəzi olan Naftalanda fəaliyyət göstərən "Möcüzəli Naftalan Sağlamlıq Mərkəzi”dir. Fəaliyyəti ən son tibbi avadanlıqlar və yüksək ixtisaslı peşəkar həkimlər sayəsində müasir səviyyədə təşkil edilmiş sağlamlıq mərkəzi Qarabağ müharibəsi
iştirakçılarının müalicəsini ən çox həyata keçirən müalicə mərkəzlərindəndir.

Mərkəzin direktoru Qoca Əmiraslanov bildirib ki, ümumilikdə, 300-dən artıq xəstənin müalicə alması üçün bütün şəraitin mövcud olduğu sağlamlıq mərkəzində hazırda həm Birinci Qarabağ, həm də Vətən müharibəsinin iştirakçılarına yüksək tibbi xidmət göstərilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göndərişi əsasında buraya təyinat alan pasiyentlər əvvəlcə ümumi tibbi yoxlanışdan keçirilərək hər bir xəstəyə zəruri müalicə kursu təyin edilir və effektiv bərpa-müalicə
xidmətləri göstərilir.

"Möcüzəli Naftalan Sağlamlıq Mərkəzi”ndə əsasən dayaq hərəkət sistemindən, oynaq və digər xəstəliklərindən əziyyət çəkən xəstələr müalicə olunurlar. Sağlamlıq mərkəzində bu xəstəliklərin müalicəsi üçün masaj, müalicəvi bədən tərbiyəsi, fizioterapiya, iqlaterapiya, ozonaterapiya, hidropolonoterapiya, həmçinin möcüzəvi təsirə malik Naftalan neft vannası kabinetləri mövcuddur. Göndəriş əsasında Sağlamlıq Mərkəzinə qəbul edilən Birinci Qarabağ və Vətən müharibəsi iştirakçılarının müalicəsi 14 gün davam edir. Ümumi müayinədən sonra tibbi göstəriş olduqda pasiyentlər müalicə kursu müddətində 10-12 neft vannası və müalicə proseduru qəbul edirlər. Mərkəzə göndəriş alan və yaxud müraciət edən əlillərə dərman müalicəsi deyil, əsasən reabilitasiya, yəni funksiyanın bərpa edilməsi xidmətləri göstərilir.

İnterPosta.info






Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26