Interposta.Info

Bakıda hakim ölmüş adama qadağa qoydu: "Məhkəmə araşdırmayıb ki, adam sağdır, ya yox" - AÇIQLAMA

Müxtəlif
 30-03-2022, 21:14     210

Bakıda məhkəmə hakiminin ölmüş şəxsin ölkədən çıxışına qadağa qoyduğu iddia olunub.

E-huquq.az xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov yazıb.

Onun sözlərinə görə, Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun 28.02.2022-ci tarixli qətnaməsi ilə 28 avqust 2021-ci il tarixdə vəfat etmiş şəxsin ölkədən çıxışına vergi orqanının ərizəsi əsasında qadağa qoyulub.

"Vergi məbləği də şəxsin ölümündən sonra hesablanıb. Məhkəmə araşdırmayıb ki, adam sağdır, ya yox", - deyə vəkil qeyd edib.

Məsələ ilə bağlı hakim Kənan Hüseynov e-huquq.az-a açıqlamasında bildirib ki, elektron sistemdə şəxsin vəfat etməsi barədə heç bir məlumat yoxdur.

"Biz fevralın 28-də məhdudlaşdırma ilə bağlı 2 işə baxmışıq və hər ikisində iddia təmin olunub, lakin qarşı tərəflər iştirak etməyib. Biz elektron məhkəmə sistemində də araşdırma apardıq, hər iki işdə də şəxsin vəfat etməsi görünmür. Belə olan halda biz bir şey edə bilmərik. Çünki biz elektron sistemdə onu sağ olaraq görürük. Məhkəmə tərəfin iştirakı olmadan da işə baxıb qərar verə bilər. Qanunvericilikdə də göstərilib ki, şəxs gəlməsə, məhkəmə onun iştirakı olmadan qətnamə çıxara bilər. Eyni zamanda müddət qısa olduğu üçün işlərə operativ qaydada baxılır. Vergi orqanı işi məhkəməyə göndərir, hakim də sənədlərin qaydasında olub-olmadığını araşdırır. Problem yaranmasa, işə baxılır. Biz burda sorğu verə bilmirik ki, vətəndaş hardadır, sağdır yoxsa yox", - deyə o qeyd edib.

Hakimin sözlərinə görə, bu barədə məhkəməyə müraciət edən orqan araşdırma aparmalı idi: "Proses belədir ki, məhkəmə elektron sistemə daxil olub, görür ki, şəxsin adına aktiv VÖEN var və filan qədər borc hesablanıb. Artıq o borc məbləğinin belə əsaslı olub-olmamasının araşdırılması Bakı Kommersiya Məhkəməsinin deyil, Bakı İnzibati Məhkəməsinin səlahiyyətindədir. Əgər şəxs vergi borcundan narazıdırsa, inzibati məhkəmələrdə onu mübahisələndirməlidir".

K.Hüseynov bildirib ki, ümumiyyətlə bu tip işlərdə müddət qısa olduğuna görə tərəfin iştirakı olmadan qətnamə çıxarılır: "Vergi orqanının ərizəsi əsasında şəxsin ölkədən getməsinin məhdudlaşdırılması xüsusi icraat qaydasında baxılan işlər siyahısına aiddir. Xüsusi icraat qaydasında da işlərə adi icraat qaydasından fərqli olaraq qısaldılmış müddətə baxılır. Məhz bu tip işlərdə məhkəmə 10 gün ərzində işlə bağlı yekun qərar qəbul etməlidir. Şəxsin ölkədən çıxışına qoyulan qadağa müvəqqəti xarakter daşıyır. Bu tip məhkəmə işlərində qarşı tərəfə elektron qaydada məlumat verilir, eyni zamanda iş materiallarında olan qeydiyyat ünvanına bildiriş göndərilir. Lakin təəssüflər olsun ki, bəzi hallarda tərəflərdən biri prosesdə iştirak etmir".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26