Interposta.Info

Təhsilin İnkişafı Fondu yaradıldı

Müxtəlif / Manşet
 3-03-2022, 11:41     348

Təhsil Nazirliyinin tabeliyində "Təhsilin İnkişafı Fondu” publik hüquqi şəxs yaradılıb.

"İnterPosta" xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar verib.

Təhsil Nazirliyi iki ay müddətində tabeliyindəki "Təhsilin İnkişafı Fondu”nun fəaliyyətini təmin etmək məqsədilə sədr və onun müavini daxil olmaqla, Fondun İdarə Heyətinin üzvlərini təyin etməlidir.

Eyni zamanda Təhsil Nazirliyi 2 ay müddətində:

- Fondun strukturunu, əməyin ödənişi fondunu, işçilərin say həddini və ştat cədvəlini, habelə işçilərin əməkhaqlarının məbləğini (vəzifə maaşını, vəzifə maaşına əlavələri, mükafatları və digər ödənişləri) təsdiq etməli;

- Fondun dövlət qeydiyyatına alınması üçün bu Qərarın qüvvəyə mindiyi tarixdən 3 gün müddətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunla müəyyən edilmiş qaydada İqtisadiyyat Nazirliyinə müraciət edəcək və Fond dövlət qeydiyyatına alındığı gündən 1 (bir) gün müddətində bu barədə Nazirlər Kabinetinə məlumat verməli.

- bu Qərardan irəli gələn digər məsələləri həll etməlidir.

Fondun Nizamnamə fondu 1 milyon manat təşkil edəcək və Nazirlik tərəfindən tabeliyindəki təhsil müəssisələrinin (peşə təhsili müəssisələri istisna olmaqla) büdcədənkənar vəsaitindən, habelə ödənişli təhsil xidmətləri göstərilməsindən əldə etdikləri gəlirlərdən ayırmalar hesabına təmin olunacaq.

Nazirlər Kabineti "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda da dəyişiklik edib. Dəyişikliyə əsasən, Təhsilin İnkişafı Fondu Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısına daxil edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26