Interposta.Info

Məktəblərdə VMA-nın fəaliyyəti qanunidirmi? Bakı Şəhər Təhsil İdarəsi susur... 

Müxtəlif
 15-12-2021, 10:09     273

Məktəblərdə VMA-nın fəaliyyəti qanunidirmi? Bakı Şəhər Təhsil İdarəsi susur...

"Ölkəmizdə fəaliyyət göstərən 4500-ə qədər orta məktəbdə ali idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən pedaqoji şura hesab olunsa da, təhsil müəssisəsində VMA-nın fəaliyyəti yalnız kağız üzərindədir”.

"İnterPosta"nın məlumatına görə, bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov məktəblərdəki Valideyn-Müəllim Assosiasiyası İctimai Birliyinin fəaliyyətindən, prosesin hansı qanun və qərarla tənzimlənməsindən danışarkən deyib. Onun sözlərinə görə, bu, geniş kollektivin müəyyən hissəsinin öz vəzifəsini düzgün yerinə yetirməməsi cəmiyyətə yarımçıq vətəndaşın, şəxsiyyətin daxil olmasına gətirib çıxarır:

"Cəmiyyətdə hər gün bu və ya digər formada neqativ hallar baş verir, azyaşlılar zorakılığa, təcavüzə məruz qalır. Hətta bəzi rayonlarımızda qızlar 7-8-ci sinifdə oxuyanda zorla ərə verilirlər. Ümumiyyətlə, bu tipli hadisələrin ciddi rezonans doğurmasının səbəbi odur ki, hadisə hər kəsin müqəddəs hesab etdiyi məktəbdə, təhsil ocağında baş verir. Hər gün milyon şagird bu binalara daxil olur. İnsanlar övladlarını bu məkanlara etibar edir. Danılmaz faktdır ki, yüksək təhsil səviyyəsinə malik peşəkar kadrlar ölkənin intellektual potensialının əsasıdır. Lakin bəzi məktəb direktorlarının, rayon təhsil şöbələrinin qeyri-peşəkarlığı, vəzifəsinin öhdəsindən gəlməməsi ucbatından, demək olar ki, hər gün təhsilin bu və ya digər pilləsindən neqativ, arzuolunmaz xəbərlər eşidilir. Son dövrlərdə baş verən hadisələrin çoxalmasında internet resurslarının, kompüter texnologiyalarının geniş və açıq şəkildə istifadəsi yaxından təsir göstərir”.

Təhsil eksperti bildirib ki, müasir dövrdə komputer texnologiyalarının təhsil həyatında rolu əhəmiyyətli dərəcədə artıb:

"Hazırda təhsil tələb olunan bilik və bacarıqların aşılanması ilə bərabər, vətəndaşın gələcək həyata və cəmiyyətə inteqrasiyasına hərtərəfli hazırlığı kimi vəzifələri yerinə yetirməlidir. Lakin bu vəzifəni yerinə yetirərkən nəsillər arasındakı əlaqələrin qırılması böyük boşluqlar yaradır. Bu gün məktəbdə təhsil alan şagirdlərin texnologiyalardan istifadəsi, bu tipli bilik və bacarıqları onlara dərs deyənlərdən artıqdır. Bu gün məktəblərimizdə valideyn - məktəb- şagird əlaqəsi pozulub. Bəzi hallarda məktəb özü buna şərait yaradır ki, nəticədə neqativ hallar baş verir. Bütün dövrlərdə məktəblərdə şagirdlər arasında istər fiziki xəsarətlə nəticələnən, istər də cinsi əlaqənin olduğu hadisələr baş verib. Sadəcə olaraq, son ildə olduğu qədər kütləvi və nümayişkəranə şəkildə bu hallar baş verməyib. Hadisənin baş verməsi onu göstərir ki: 1. Məktəb daxili nəzarət kameraları düzgün yerlərə quraşdırılmayıb və onlara düzgün nəzarət olunmur. Məktəb daxili növbətçilik qaydası yaxşı halda deyil. 2. Tədris aparan müəllim dərs bitdikdən sonra şagirdlərin dərs, idman zalını, geyinmə-soyunma otağını tərk etdiyinə nəzarət etmir. 3. Məktəb psixoloqu, məktəb tibb bacısı, sinif rəhbəri, təlim-tərbiyə işləri üzrə direktor müavini şagirdlərlə düzgün iş apara, onlara nəzarət edə bilmir. Və ən əsası yenə də məktəb rəhbəri - direktor rəhbərlik etdiyi müəssisədə düzgün tədris, təlim- tərbiyə prosesi qura bilməyib. Baş verən hadisəslər üç vacib məsələnin yerinə yetirilməsini zəruri edir: 1. Məktəb direktorlarının peşəkarlıq səviyyəsinin artırılması üçün mütəmadi təlim və imtahanların həyata keçirilməsini, 2. Orta məktəblərdə din - əxlaq dərslərinin tədris olunmasını, 3. Şagirdlərin fiziki inkişafı ilə əlaqədər olaraq dərsliklərə əlavə materialların yerləşdirilməsi, biologiya, fiziologiya dərslərinin daha yüksək səviyyədə tədris olunmasını”.

Kamran Əsədov hesab edir ki, yalnız təhsilə cəlb etmə səviyyəsinin artırılması ilə iş bitmiş hesab olunmamalıdır:

"Təhsilin səviyyəsini təhsil alanların mənəvi keyfiyyətlərinin artırılması istiqamətində işləmək lazımdır. Məktəbdə bütün şagirdlərin hərəkət etdiyi yerlərdə təhlükəsizlik kameraları quraşdırılmalı, kameraların altında çəkilişin getməsi ilə bağlı qeyd yazılmalı və daimi olaraq kameralar izlənməli, problemli şagirdlər nəzarətə götürülməlidir. Real vəziyyət odur ki, son 30–40 il ərzindəki elmi-texnoloji tərəqqi, innovasiyalar və modernləşmə nəticəsində praktiki bilik və vərdişlərlə zənginləşməyən, sırf nəzəri xarakter daşıyan təhsil öz fundamental əhəmiyyətini itirməkdədir. Məktəb şagirdlərdə tamamilə fərqli, əxlaqa zidd vərdişlərin formalaşdığı məkana çevrilməməlidir. Direktor kabinetdə oturub fəaliyyət göstərməməlidir. O, daima məktəbi gəzməli, müşahidələr aparmalıdır”.

Hüquq müdafiəçisi Günel Səfərova Valideyn-Müəllim Assosiasiyası İB-nin qeyri-hökumət təşkilatı olduğunu deyib:

"Məndə olan məlumata görə, onun rəhbəri olan xanım rəhmətə gedib. Sonra onun yeni rəhbərinin kim olduğunu bilmədim. Onların təhsillə bağlı olan məsələlərdə hansısa səviyyədə təsiri yoxdur”.

Qeyd edək ki, sosial şəbəkələrdə Bakıdakı 67 saylı orta məktəbdə fəaliyyət göstərən Valideyn-Müəllim Assosiasiyası İB-nin fəaliyyətinin qanuni olub-olmaması, hansı qərarla tənzimlənməsi ilə bağlı Bakı Şəhər Təhsil İdarəsinə sorğu ünvanlanıb. Amma bununla belə, sorğuya qurumdan heç bir cavab verilməyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26