Interposta.Info

“Azərbaycan dilinin orfoepiya normaları” təsdiqləndi

Müxtəlif
 21-06-2021, 21:07     171

"Azərbaycan dilinin orfoepiya normaları” təsdiq edilib.

"İnterPosta" xəbər verir ki bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

"Azərbaycan dilinin orfoepiya normaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2021-ci il 18 iyun tarixli 175 nömrəli Qərarına dair Xülasədə bildirilir:

"Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan dilinin orfoepiya normalarını təsdiq edən orqan kimi Nazirlər Kabineti müəyyən edilib.

Nazirlər Kabinetinin 2020-ci il 25 avqust tarixli 495s nömrəli Sərəncamının 1-ci hissəsi ilə Azərbaycan Milli Elmlər Akademiyasına "Azərbaycan dilinin orfoepiya normaları”nın layihəsinin hazırlanması tapşırılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssislərinin iştirakı ilə yaradılmış İşçi Qrupu tərəfindən "Azərbaycan dilinin orfoepiya nor­maları”nın layihəsi işlənilib hazırlanıb, aidiyyəti dövlət qurumları ilə razılaşdırılmaqla, Nazirlər Kabinetinə təqdim edilib. Həmin layihə Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının sədri ilə razılaşdırılıb və Nazirlər Kabinetinnin 2021-ci il 18 iyun tarixli 175 nömrəli Qərarı ilə qəbul edilib.

Orfoepiya düzgün tələffüz normaları sistemidir. Bu normalar müasir Azərbaycan ədəbi dilində işlənən müəyyən söz və şəkilçilərin, eləcə də ixtisarların düzgün tələffüzü qaydalarının tətbiqi məqsədilə hazırlanmışdır.

Qeyd edək ki, orfoepiya normalarının tərtibində sözlərin və şəkilçilərin yalnız müasir Azərbaycan ədəbi dilindəki mövcud tələffüz qaydaları əsas götürülüb. Müasir Azərbaycan ədəbi dilinin tələffüz qaydaları Əbdüləzəl Dəmirçizadə, Məmmədağa Şirəliyev, Ağamusa Axundov, Əziz Əfəndizadə kimi bu sahə üzrə görkəmli dilçi alimlərin tədqiqatlarına uyğun şəkildə hazırlanıb. Bundan əlavə, orfoepiya normalarının layihəsinin ilkin variantına akademik Nizami Cəfərov, Dövlət Dil Komissiyasının üzvü professor Buludxan Xəlilov, Nəsir Əhmədli və digər mütəxəssislər tərəfindən kiçik qeydlərlə müsbət rəylər verilib və iradlar nəzərə alınıb. Ümumiyyətlə, orfoepiya normaları layihə şəklində rəy üçün Təhsil Nazirliyinə, Terminologiya Komissiyasına, Mətbuat Şurasına, Ədliyyə Nazirliyinə təqdim edilib və müəyyən iradlarla müsbət rəylər alınıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26