Interposta.Info

Təhsil Tələbə Krediti Fondu tələbələr üçün əlçatan olacaqmı? (ARAŞDIRMA)

Müxtəlif
 19-06-2021, 21:12     264

Əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Prezident İlham Əliyev "Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Fərman imzalayıb.

Bəs görəsən, yeni yaradılacaq Təhsil Tələbə Krediti Fondu təhsil haqqını ödəməkdə çətinlik çəkən tələbələr üçün əlçatan olacaqmı? Bu Fondun ali təhsil alan tələbələrə nə vəd etdiyini Sputnik Azərbaycan-a təhsil ekspertləri şərh ediblər.

Yeni yaradılacaq Təhsil Tələbə Krediti Fondu nə vəd edir?

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Təhsil Tələbə Krediti Fondunun yaradılması olduqca mütərəqqi, gənclərin təhsilə əlçatanlığının təmin olunmasına xidmət edən dövlət sənədidir. Onun sözlərinə görə, bu, dövlətin qayğısının təcəssümüdür:

"Bu Fond təhsil almaq istəyən, bunun üçün maddi imkanları zəif olan gənclərin təhsilinə dəstək missiyasını həyata keçirəcək. Eyni zamanda Təhsil Tələbə Krediti Fondunun yaradılması ilə bağlı beynəlxalq təcrübə öyrənilib. Ona görə də, Fondun tələbələrin təhsilinə dəstəyi hiss olunacaq. Bu Fond insanların təhsil arzusunun gerçəkləşdirilməsi məqsədilə yaradılıb. Təhsil Tələbə Krediti Fondu sosial baxımdan həssas ailələrin övladlarının təhsilinə dəstək olacaq. Güzəştli şərtlərlə təhsil kreditlərinin verilməsi onların ali təhsil alaraq savadlı insan kimi yetişməsinə, gələcəkdə özünün və ailəsinin maddi durumunun yaxşılaşdırılmasına imkan yaradacaq. Təhsil Tələbə Krediti Fondunun insan resursunun, insan kapitalının yaradılması baxımından böyük missiyası var".

Donor dövlətdirsə...

İ.Orucov deyir ki, aztəminatlı ailələrdə təhsil haqqının ödənilməsində yaranmış çətinlik bəzən gənclərin ali təhsil almasına mane olur. Tələbələrin bu Fondun imkanından bəhrələnməsi sayəsində onlar əmək bazarında özlərinə layiqli iş tapa biləcəklər.

Birlik sədri yeni yaradılacaq Təhsil Tələbə Krediti Fondunun büdcəsinin əsas hissəsinin dövlət büdcəsi hesabına maliyyələşməsinin də mühüm amil olduğunu söyləyir. Onun sözlərinə görə, dövlətin təhsil sahəsində donor kimi çıxış etməsi alqışlanandır. Həmsöhbətimiz bildirir ki, bu Fondun yaradılması ilə dövlət birbaşa tərəfdaş kimi çıxış edir.

Bəs köhnə "Maarifçi" Tələbə Kredit Fondu?

Qeyd edək ki, hazırda da Azərbaycanda tələbələrə təhsil kreditlərinin verilməsi ilə məşğul olan "Maarifçi" Tələbə Kredit Fondu fəaliyyət göstərir. Amma onların fəaliyyəti geniş tələbə kütləsini əhatə etmir. Odur ki bu gün ali məktəblərdə ödənişli əsaslarla təhsil alan tələbələrin bir hissəsi təhsil haqqını ödəməkdə çətinlik çəkir. Onların arasında məhz bu səbəbdən universiteti yarımçıq qoyanlar da az deyil. Haqqında bəhs etdiyimiz Fond Azərbaycanda 14 ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir.

Bunlar Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Xəzər Universitetləridir.

Qaydalara görə, tələbələrə təhsil kreditlərinin ayrılması üçün "Maarifçi" Tələbə Kredit Fondunun əməkdaşlıq etdiyi universitetlərdən razılıqla bağlı təsdiq gəlməlidir. Həmçinin hazırda fəaliyyət göstərən "Maarifçi" Tələbə Kredit Fondunun təqdim etdiyi kreditlər üzrə müraciət edən tələbələr müəyyən tələblərə cavab verməlidirlər.

Tələblər ondan ibarətdir ki, tələbə Azərbaycan vətəndaşı olmalı, hazırda Fondun təsisçisi və ya tərəfdaşı olan ali təhsil müəssisələrinin birində təhsil almalı, təhsilini davam etdirməsi üçün maliyyə yardımına həqiqi ehtiyacı olmalı, valideynlərinin və özünün daha əvvəl aldığı kreditlər üzrə defolt hadisəsi baş verməməlidir. Bu tələblərdən savayı, hər bir elan sessiyası üzrə ayrıca xüsusi tələblər müəyyən olunur. Buraya valideynlərinin illik gəlir həddi, tələbənin yaşı, təhsil dərəcəsi, təhsil növü, kursu, ixtisası, Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG), Akademik borcun mövcudluğu da daxildir.

Bu tələblər seçim meyarı rolunu oynayır və Fond tərəfindən təqdim olunan kredit növləri və elan sessiyaları üzrə fərqlənə bilər. Bütün hallarda tələbənin müraciət zamanı yuxarıda qeyd olunan meyarlara cavab verdiyini təsdiq edən müvafiq sənədi təqdim etməsi şərtdir. Güzəştli kreditlərdən ailə başçısını itirmiş, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər, sağlamlıq imkanları məhdud şəxslər yararlana bilərlər.

Həmçinin tələbə müraciət zamanı yuxarıda qeyd olunan meyarlara cavab verdiyini təsdiq edən müvafiq sənədi təqdim etməlidir. Fonddan onu da bildirdilər ki, tələbənin ümumi orta müvəffəqiyyət göstəricisinin 71 və ya daha yuxarı olması da şərtdir. Akademik borcu olanlar isə təhsil krediti üçün Fonda müraciət edə bilməzlər. Bununla yanaşı, tələbənin yaşı maksimum 25 olmalıdır. Amma hazırda Fond təhsil kreditlərinin verilməsini dayandırıb.

Məlumat üçün bildirək ki, bu gün təhsil naziri Emin Əmrullayev də "Maarifçi" Kredit Fondunun pilot layihə olduğunu qeyd edib: "Burada da mahiyyət eyni idi, amma fondun mexanizmi belə idi ki, kredit ali təhsil müəssisələrinin hesabına verilirdi. Orada təhsil alan tələbələr də az idi və bir neçə yüz nəfəri əhatə edirdi. "Maarifçi" Kredit Fondu bir müddət fəaliyyət göstərəcək, çünki tələbələr verilən kreditləri qaytarmalıdırlar", - deyə nazir bildirib.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yeni Fondun yaradılması ilə bağlı verilmiş Fərmana qədər Azərbaycanda tələbələrə güzəştli kreditlərin verilməsi mövcud olmayıb. Onun sözlərinə görə, "Maarifçi" Kredit Fondu müəyyən tələbələrə kredit verib. Lakin o da özəl təşkilat olduğu üçün büdcəsi yoxdur.

7 ildə 5 min tələbə təhsil haqqını ödəyə bilmədiyinə görə universitetlərdən xaric edilib

Ekspert bildirir ki, hələ 2013-cü ildə "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"nda Təhsil Tələbə Krediti Fondu yaradılması nəzərdə tutulub. Onun sözlərinə görə, bu səbəbdən son 7 il ərzində 5 mindən artıq tələbə təhsil haqqını ödəyə bilmədiyinə görə universitetlərdən xaric edilib.

K.Əsədov deyir ki, tələbə kreditləri üçün ayrılmış 80 milyon manat kifayət qədər yüksək məbləğdir və bu vəsait ildə 38-42 min tələbənin təhsil haqqını ödəməyə imkan verəcək. Ekspert bildirir ki, kreditlər faizsiz verilməlidir ki, sonra tələbələr problemli kredit alana çevrilməsin. Onun sözlərinə görə, gələcəkdə təhsil krediti ilə oxuyub ali məktəbi başa vuran tələbələr işlə də təmin edilməlidir ki, krediti geri qaytara bilsinlər.

Ekspert onu da qeyd edir ki, Avropa ölkələri və ABŞ, postsovet məkanından isə Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və Özbəkistan təhsil kreditləşməsini tətbiq edir:

"Məsələn, ABŞ-da bununla Federal Agentlik məşğul olur. Agentliyin çox böyük dövriyyəsi var. Kreditlər 3 növdür: federal tələbə krediti, valideyn krediti və özəl kredit. Hər biri müxtəlif qruplara və şərtlərlə verilir, faizlər çox aşağıdır. Dövlət yaxşı oxuyan tələbələr üçün bir sıra başqa güzəştlər də tətbiq edir. Bəzi ştatlarda təhsildə, elmdə yüksək nəticə əldə edən tələbələrə o kreditlər bağışlanır. Analoji qurumlar Almaniyada, Fransada, Böyük Britaniyada, Şərqi Avropa ölkələrində də var. Kreditlərin mənbəyi kimi adətən dövlət resursları çıxış edir, amma dövlətin stimullaşdırdığı özəl fondlar, banklar da bu prosesdə iştirak edə bilir.

Həmçinin universitetlərin özləri də kredit ayırırlar. Əksər ölkələrdə faizlər çox aşağı, müddət uzun olduğu üçün qaytarılmasında çətinlik yaratmır. Adətən kreditin qaytarılmasına universiteti bitirdikdən 2 il sonra başlanılır, 5, 7, 10 ilə, bəzən isə 30 ilədək müddətdə qaytarılır. Bütün dünyada təhsilin inkişaf etdirilməsində bu kreditlər böyük rol oynayır. Müsəlman ölkələrindən İndoneziya və Türkiyədə məhdud da olsa təhsil kreditləşməsi tətbiq olunmağa başlayıb. Avstraliyada təhsil kreditləri faizsiz verilir. Bəzi ölkələrdə isə faizlər yalnız texniki xərcləri örtəcək həcmdə, yəni 1-2 faiz civarında olur".

Təhsil Tələbə Kredit Fondu hansı şərtlərlə kredit verəcək?

Qeyd edək ki, təhsil naziri yeni yaradılacaq Təhsil Tələbə Kredit Fondunun fəaliyyəti ilə bağlı bəzi məqamlara aydınlıq gətirib. O bildirib ki, növbəti tədris ilindən ali təhsil alan tələbələrin böyük hissəsinin Təhsil Tələbə Kredit Fondu tərəfindən maliyyələşməsini təmin etmək mümkün olacaq. Nazir həmçinin deyib ki, kreditlər veriləndə ilkin mərhələdə giriş balları nəzərə alınacaq: "Yüksək nəticə göstərilməsi ilk şərt olacaq. Güzəştlərin edilməsi də nəzərdə tutulacaq. Bu kredit kommersiya məqsədi daşımır. Gələcəkdə müxtəlif mənbələrdən Fondun maliyyəsi artırıla bilər. Hər hansı səbəbdən götürülən kredit geri qaytarıla bilmədikdə tələbəyə möhlət hüququ da veriləcək. Kredit məbləği birbaşa tələbəyə deyil, ali təhsil aldığı müəssisəyə veriləcək".

Nazir onu da bildirib ki, sosial həssas ailələrdən olan tələbələrə verilən kreditlərin faiz dərəcəsi çox aşağı simvolik faizlərlə, yəni 1-2 faiz olacaq. Onun sözlərinə görə, Fondun məqsədi odur ki, daha çox insan, o cümlədən sosial qrupa aid olan ailələrdən insanlar ali təhsil almaq imkanı əldə etsin. E.Əmrullayev qeyd edib ki, bu Fond ali təhsilə əlçatanlığı artıracaq.

Qeyd edək ki, hazırda Azərbaycanın 54 ali təhsil müəssisəsində 182 minə yaxın tələbə təhsil alır. Onların 60 faizi öz vəsaiti hesabına, yəni, ödənişli əsaslarla, 40 faizi isə dövlət büdcəsi vəsaiti hesabına təhsil alır. Bu isə hazırda Azərbaycan ali təhsil müəssisələrində 110 minə yaxın şəxsin ödənişli əsaslarla təhsil aldığından xəbər verir.

Məlumat üçün əlavə edək ki, ötən gün Prezident İlham Əliyevin fərmanı ilə Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu yaradılıb. Fondun nizamnamə kapitalının məbləği 80 milyon manat təşkil edir. Fərmana əsasən, Fond təhsil tələbə kreditlərinin verilməsini təşkil edən qeyri-kommersiya hüquqi şəxsdir. Təhsil tələbə kreditinin məbləğinin yuxarı həddi hər tədris ili üçün təsdiq edilən tələbə qəbulunda nəzərdə tutulmuş ayrı-ayrı ixtisaslar üzrə ödənişli əsaslarla təhsilalana düşən illik təhsil haqlarının məbləğindən çox olmamalıdır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26