Interposta.Info

YENƏ SƏRT KARANTİN GƏLİR?

Müxtəlif
 24-02-2021, 16:23     769

Sərt karantin, yenidən olacaq, yoxsa yox? Fevri qərarlara sahib hökümətimiz, bizə nə surpriz edəcək?

Bir neçə həftə öncə feysbuk profilimdə toxunduğum bu məsələni, daha dərindən analiz etməyə cəhd edəcəyəm.

Bəribaşdan deyim ki, yenidən sərt karantin olması ehtimalının lehinə olan amillər, son bir neçə həftədə daha da çoxalmışdır.

Əvvəla, bunu qeyd etmək lazımdır ki, hakimiyyət üçün əhalini əlində saxlamaq və situasiyaya nəzarət, birinci dərəcəli məsələdir. Hər halda keçən il 200-dən daha az yoluxma şəraitində verilən təhsilin dayandırılması qərarı ilə, bu il 300-400 yoluxma şəraitində verilən əks qərar arasında ziddiyyət vardır və bu ziddiyyət, şübhəsiz ki, tibbi amillər və əhalinin mənafeyindən çox, ictimai rəy və bundan da əvvəl siyasi amillərin rol oynamasının sübutudur. Deməli, bu gün "məktəblər açılmalıdır" deyən təxmini 50-70 faizlik çoxluğun istəyi, bir neçə həftədən sonra təmin olunduqdan və etirazların "qazı alınandan" sonra, başqa hesablar, dövriyyəyə girə bilər və bu hesablar da, təbii ki əsasən siyasi amillərlə bağlıdır. Xüsusən də, indiki-yanacaq və komunalların qiymətinin artmaqda olduğu və bu fonda, ümumi bahalaşmanın olduğu şəraitdə, təbii ki iqtidarın reytinqi, zərbə almaqdadır. Bunun üstünə, zatən nəzarətdə olmayan Qarabağ cəbhəsindəki situasiyanı gələndə; hakimiyyətin, mövcud vəziyyətdən ciddi əndişə duyması, labüd olduğu kimi, bu vəziyyətdə, əlindəki yeganə nəzarət mexanizmi olan karantindən daha sıx yapışması qaçılmazdır. Bunun üstünə, yoluxma sayının, həqiqətən də hazırda az olmamasını və martda, yeni "dalğa"nın gözlənildiyini gələndə, iqtidar üçün karantin, sadəcə olaraq, "göydəndüşmə" və inandırıcı bir nəzarət mexanizmi olmağa davam edəcəkdir.

Və metronun, gözlənilənin əksinə, (təhsil müəssələrinin açılmasına rəğmən) hələ də açılmaması da diqqətdən qaçmamalıdır. Hakimiyyət, metronu, məktəblər açılanda açmadısa, deməli, böyük ehtimalla heç açmayacaq.

Və bu, eyni zamanda, kəskin karantinin, gözləniləndən də yaxın olması ehtimalını düşündürür.

Bəs yeni sərt karantin nə vaxt gələcək?

Oktyabrdakı karantin yumşalması və açılım, təxminən 1 ay çəkmişdi. Bu dəfəki yumşalmanın da, bu müddətdən çox da fərqlənməyəcəyini söyləmək olar. Çünki:

Hakimiyyətin nəzərində, əhalini kontroldan uzun müddət buraxmaq, riskli və arzuolunmazdır. Xüsusən də, indiki narazı şəraitdə, "əhalinin başını boş buraxmaq", iqtidar üçün "yolverilməz" durumdur. Ona görə mövcud açılım və yumşalmanın, heç 2 ay çəkməsi, inandırıcı deyil!

Üstəlik də, qarşıda, ən böyük ünsiyyət və qaynaşma bayramımız olan-Novruzun gəldiyi bir zamanda, camaatın daha çox ünsiyyətdə olması və qaynaşması, hakim iradə üçün lap narahatedici durumdur. (Eynilə, ən əlverişli və kütləvi nəqliyyat vasitəsi olan metronun açıq qalması, narahatedici olduğu kimi).

Xüsusən də, "əhalinin sıx olması virusu artırır" bəhanəsi əlində varkən, bayramdan öncə qapanmaya getməməsi, çox zəif bir ehtimal kimi görünür.

Deməli, Novruz bayramından öncə, hətta çərşənbədən öncə, yenidən sərt karantin qərarı verilməsi çox güclü olasılıqdır. Təxminən 1,5 aylıq yumşalma və "əhalinin qazını alma" etapından sonra, martın ikinci on günlüyü, daha güclü ehtimalla ilk yarısında, yenidən karantin qərarı gözlənilir.

Bəs bu dəfəki karantin nə qədər davam edə bilər?

Bu dəfəki sərt karantinin də 1 aydan az çəkməsi, zatən məntiqli deyil. Üstəlik də aprel və mayın ilk yarısının soyuq olmasını nəzərə alanda, mayın birinci yarısından tez, hansısa dəyişikliyin olması, inandırıcı görünmür.

Lakin, "yumşalma, mayın ikinci yarısında olacaq" deyə qəti bir fikir demək də mümkün deyil. Çünki əhalinin getdikcə artan narazılığını yumşaltmaq üçün iqtidarın əlində, real vasitə yoxdur. Yalnız maaş, pensiya və müavinətlərin artımı "kartı" var ki bu da ən çox 20 faiz ola bilər. (daha güclü ehtimalla 10 faiz).

Beləliklə də, bu dəfəki sərt karantin, eynilə keçən ilki kimi, ən azı yaya qədər çəkə bilər. Amma, digər tərəfdən, artıq, təxirə salındığı qədər salınan və yığılıb qalan təhsil prosedurları, xüsusən də imtahanlar məsələsi, ciddi bir əngəl kimi durmaqdadır. Odur ki, hakimiyyət, bəlkə də "aralıq" varianta gedə bilər: dərsləri dayandırmaq, amma imtahanları keçirmək kimi. Hər halda, yuxarıdan gələcək istənilən göstərişə və qərara, müvafiq qurumlar, o cümlədən, Təhsil Nazirliyi, uymaq və “qılıf uydurmaq” məcburiyyətindədir.

Doğrudur, iqtidarın planlaşdırdığı referendum və erkən seçkilər, fikrimcə, mütləq olacaq, lakin üst-üstə baş verən və əhalini narazı salan qərarlar, sistem dəyişikliyinin, ilin ilk yarısında olmayacağını deməyə əsas verir.

Görünür ki hakimiyyət, referendum üçün, indiki riskli və qəzəbli atmosferin soyumasını və əlverişli anın gəlməsini gözləyəcək.

Payız üçün bu qərarın verilməsi, indilik daha yüksək ehtimal kimi görünür. Çünki, labüd olan sistem dəyişikliyini və parlament yenilənməsini, daha çox yubatmaq da, hakim iradə üçün əlavə risk deməkdir.

P.S. Potensial kütləvi etirazlar və ya şok bir hadisə, karantin qərarında fevri dəyişiklik yarada bilər və iqtidarın planları dəyişə bilər. Yəni, sabah məsələn bir rayonda əhalinin ayağa qalxması, hakimiyyəti, sərt karantin qərarı verməkdə tələsdirəcək.
Filosof-alim YUNİS DÜRÜST

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26