Interposta.Info

ASTARALI MƏŞHUR MÜƏLLİM FUAD MEHRƏLİYEV 2 İL SONRA İŞƏ BƏRPA OLUNUB

Müxtəlif / Paradoks
 28-01-2021, 23:36     1 987

Astara Təhsil müdiri R. Həsənov daha bir səhvini düzəltməyə məcbur qaldı

İnterPosta.info
“Astaranın Gənc Alimləri” xəbər verir ki, ölkə təhsilində ən çox diqqəti cəlb edən ərazilərdən biri olan Astara rayonunda daha bir maraqlı hadisə baş vermişdir. Belə ki, 2 il öncə rüşvətə etiraz etdiyi üçün məktəbdən çıxarılan və haqqında yalançı “dəli kağızı” düzəldilən başıbəlalı müəllim Fuad Mehrəliyev, medianın və ictimaiyyətin aktivliyindən sonra rayon təhsilinə geri qaytarılmışdır.

Öncə bir arayış verək: ixtisasca ingilis dili müəllimi olan Fuad Mehrəliyev 2017-ci ildə DQ-dən 54 bal toplayaraq, fəaliyyətini Astara şəhər 2 saylı tam orta məktəbdə davam etdirib. Sərgilədiyi peşəkar və ləyaqətli fəaliyyəti ilə qısa müddətdə şagirdlərin sevgisini qazanan Fuad müəllimin dürüstlüyü, sözün həqiqi mənasında, başına bəla olub. Məktəbin direktoru Maya Həsənovanın sərt müqaviməti ilə qarşılaşan Mehrəliyev, işçilərdən tələb olunan “haqqı” vermək istəməyib və buna sosial şəbəkədə etiraz etdiyi üçün Astara təhsil rəhbərliyinin hədəfinə tuş gəlib. Müəllimin haqlı mövqeyini dəstəkləməyən Təhsil Şöbəsinin o zamanki müdiri Qızbəs Məmmədova, gözlənildiyi kimi, direktoru “güdaza verməyib”. Və maraqlı hadisə baş verib: o vaxta qədər onsuz da, mənfi reputasiya ilə ad çıxarmış Q. Məmmədova bu qalmaqal nəticəsində istefaya getməyə məcbur qalıbdır!


Lakin, yeni Təhsil müdiri, ümumiyyətlə, “baltanı kökündən vurub”. Belə ki, 2018-ci ilin iyulunda Q. Məmmədovanı əvəzləyən Rəşad Vasif oğlu Həsənov “təhlükəni sovuşdurmaq üçün” ağlasığmaz və çox riskli bir “metoda” baş vurub: guya bu yazıq müəllimin onun işçisi Emin Fətullayevi döydüyünü (!) iddia edib, beləliklə də F. Mehrəliyevi “psixi xəstə” və “müəllimliyə yararsız” elan edərək məktəbdən kənarlaşmasını “həll edib”. (Əlbəttə, Astara polisinin məsuliyyətsizliyi də bu işdə rol oynayıb). Və biçarə müəllim məcburi şəkildə Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasına saldırılıbdır...

Başqa sözlə desək, bir qrup vicdansız məmurun rahatlığı və “qulağı dincliyi” naminə, ləyaqətli bir müəllimin həyatı, “kabusa” döndərilibdir!

Lakin, bivec icra hakimi və avanturist təhsil müdiri, bundan sonra əməlli-başlı şoklarla qarşılaşıblar. Onlar, sosial şəbəkə dövründə yaşadığımızın fərqində olmadıqları üçün “atdıqları güllələr”, əks-təsir yaradaraq, bumeranq kimi “özlərinə qayıdıbdır”; bütün mediada, aylar boyunca bu hadisələr “Astaralı müəllim rüşvətə etiraz etdiyi üçün işdən çıxarıldı!” başlığı ilə gündəmdən düşməyib.

Haqqını, media ilə yanaşı məhkəmədə də arayan F. Mehrəliyev, hakimlərin mübahisəli qərar çıxarmasından sonra, Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək qərarına gəlib. Bu isə, onsuz da zərbə altında olan Təhsil müdirini daha da təşvişə salıbdır. Çünki, AİHM-in verdiyi qərarlar, məlum olduğu kimi, icrası məcburi qərarlardır. Bu da nəticədə, R. Həsənovun özünün, dövlətin qara siyahısına düşməsinə gətirib çıxaracaqdı. Beləliklə də, “quyruğunun qapı arasında qaldığını” görən Təhsil müdiri istəməsə də, geri addım atmalı olub və 2018-ci ildə biabırçı şəkildə məktəbdən çıxartdığı müəllimin 2020-ci ildə geri qayıtmasına razılaşmalı olubdur.

Əlbəttə, rayonun gənc alimlərinin fəaliyyəti və həmçinin, “Təhsil Araşdırmalar Mərkəzi”nin cənub nümayəndəsi Emin Mirzəlinin aktivliyi də məsələnin həllini tapmasında rol oynayıbdır.

Beləliklə də F. Mehrəliyəv imtahan verərək, 2 il sonra Astara rayonunda məktəbə qayıdıb.

Qeyd edək ki, bu, Astara rayonunda ikinci analoji hadisədir. Daha öncə isə, 2020-ci ilin may ayında, Astara şəhər 6 saylı məktəbin keçmiş psixoloqu Daşqın Əliyev 2 ildən sonra işə qaytarılmışdı. O isə, şagirdlərin bullinqə məruz qalmalarına və direktor Elçin Mirzəzadənin özbaşınalığına etiraz etdiyi üçün Rəşad Həsənov tərəfindən işdən çıxarılmasına “qol çəkilmişdi”.

Belə... Necə deyərlər, “yaman günün ömrü az olar”.

P.S. Aldığımız etibarlı məlumatlara və təhlillərimizə görə, Rəşad Həsənovun Astara təhsilindəki ömrünə çox az qalıb və yol verdiyi əməllərin ciddi ajiotaj yaratması, onun sonunu xeyli yaxınlaşdırıbdır.

Hər halda, təkcə son 1 ildə ciddi dəyişikliyin “qonaq gəldiyi” cənub rayonlarının sayı artıq 3-ə çatıbsa, deməli, Astaranın növbəsi elə də uzaqda deyil.

Qeyd: Bu və digər problemli məsələlər ilə bağlı fikirlərini almaq istədiyimiz Astara Təhsil Şöbəsi müdiri Rəşad Həsənov dəfələrlə etdiyimiz zənglərə cavab vermədi və növbəti dəfə öz vəzifə borcuna saymazyana yanaşdı!

“Astaranın Gənc Alimləri”n etdiyi iddiyalara görə, qarşı tərəfi dinləməyə hazırıq.

İnterPosta.info

https://oxu24.com/az/sikayetler/30710/astara-rts-rehberi-genc-alimi-ise-qaytardi/

https://d9mc3ts4czbpr.cloudfront.net/az/article/muellim-rusvete-qarsi-cixdim-direktor-meni-delixanaya-saldirdi/

https://www.bbc.com/azeri/azerbaijan-44123688

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26