Interposta.Info

Orta Məktəbdə döyülən şair: Azərbaycanı özümə oxşadıram

Müxtəlif / Manşet
 24-07-2020, 15:39     1 105

Orta məktəbdə paralel sinifdə oxuyan bir oğlan vardı, həmişə məni döyürdü.

Ağzımı açan kimi qapazı qoyurdu təpəmə. Məni gözümçıxdıya salmışdı, onun qorxusundan məktəbə də gedə bilmirdim. Üstümə qışqıran kimi dilim ağzımda, qılçım altımda zağ-zağ əsirdi. Direktora şikayət edirdim, deyirdi ki, sən ağıllı oğlansan, ona baş qoşma. Müəllimə şikayət edirdim, deyirdi ki, sən ağıllı oğlansan, ona baş qoşma. Atama deyirdim, o da deyirdi ki, sən şair, müəllim, ziyalı oğlusan, küçə uşağına baş qoşma. Ürəyim də partlayırdı. Bu gədə də bütün günü basıb məni döyürdü, direktor, müəllimlər, hətta atam, anam da deyirdi ki, günahın var ki, döyür, günahın olmasa döyməz. İndi Azərbaycanı özümə oxşadıram. Ermənilərin başımıza açmadığı oyun qalmayıb, hamı da deyir ki, onlara baş qoşmayın, onlar barbardır, vəhşidir, bizsə sivil, mədəni xalqıq, hər şey qanunla, hüquqla həll olunmalıdır. Qanun da onların sözün deyir, hüquq da. Necə ki, o vaxt məni döyən oğlan elə indinin özündə də qabağına çıxanı qapazlaya-qapazlaya yüz minlik maşınlarda, milyonluq villalarda kef çəkir. Mənsə hələ də ondan qorxuram.

Kəramət Böyükçöl
İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26