Interposta.Info

11-ci sinif şagirdlərinin buraxılış imtahanlarının nəticəsi elan olundu

Müxtəlif / Manşet
 23-07-2020, 22:39     461

11-ci sinif şagirdləri üçün 2-3 iyul 2020-ci il tarixlərində keçirilmiş buraxılış (o cümlədən əvvəlki illərin məzunları üçün Naxçıvanda keçirilmiş qəbul) imtahanlarının nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahanda iştirak edən 11-ci sinif şagirdləri http://eservices.dim.gov.az/2020/netorta/?frm=egov linkinə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər.

Naxçıvan MR-da keçirilən əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi, V ixtisas qrupu və kolleclərə qəbul imtahanında iştirak edənlər isə imtahan nəticələri ilə http://eservices.dim.gov.az/2020/netbak1/?frm=egov linkində tanış ola bilərlər.

Şagirdlər (abituriyentlər) imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə "iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi respublikada keçirilən sosial izolyasiya tədbirlərinə uyğun olaraq onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində "seeding” prosesinin (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub.

Yazı işlərinin onlayn (evdən) yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

Bu imtahanlarında iştirakı nəzərdə tutulan 9180 nəfərdən 353 nəfər imtahana gəlməyib. Qaydaları pozduğu üçün yeddi nəfər imtahandan xaric olunub və nəticələri ləğv edilib.

İmtahan iştirakçıları arasında ən yüksək nəticəni 291.8 bal toplayan Naxçıvan şəhəri, Heydər Əliyev adına məktəbin məzunu göstərib. İkinci ən yüksək nəticəni 286 bal toplayan Ağcabədi rayonu, 11 saylı şəhər tam orta məktəbin məzunu göstərib. Naxçıvan MR Babək rayonu, Güznüt kənd tam orta məktəbin və Şirvan şəhəri, 16 saylı şəhər tam orta məktəbin məzunları isə hər biri 285.3 bal toplayıb.

Buraxılış imtahanlarında iştirak etməyən və ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verməyən şagirdlər üçün sentyabr ayında yenidən buraxılış imtahanları keçiriləcək. Həmin şəxslərin yekun qiymətləndirilməsi aparılaraq onlara attestat veriləcək.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 5 avqust 2020-ci il tarixindən etibarən onlayn ("Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apelyasiya prosesi təşkil ediləcək. Apelyasiya komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apelyasiya üçün ərizə yazanların təqribən 30%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq

Apelyasiya komissiyasına müraciət etmək istəyənlər 29-31 iyul tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apelyasiya təşkil olunmur. Apelyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26