Interposta.Info

İqtisadçı alimdən koronavirusla mübarizədə 12 vacib təklif

Müxtəlif
 27-06-2020, 13:24     670

İqtisadçı alim Qubad İbadoğlu koronavirusla mübarizədə 12 vacib təklif irəli sürüb.

İqtisadçı Operativ Qərargahdan təcili sürətdə bu təkliflərin həyata keçirilməsini xahiş edib. Onun sözlərinı görə, vətəndən kənarda olub xalqın dərdləri ilə yaşamaq çox çətindir:

"Hər gün həyacanla izlədiyi virus statistikası adamın ürəyini dağlayır. Belə statistikanın qarşısında Avropa və Amerika səhiyyəsinin bir neçə ay əvvəl necə aciz qaldığını xatırlayanda Azərbaycanla bağlı narahatlığım daha da artır. Bilirəm ki, bu yükü bizim səhiyyə götürməyəcək, yüzlərlə, Allah eləməmiş, bəlkə də minlərlə qurbanımız olacaq. Bunun qarşısını az da olsa almaq üçün vaxtı ilə etdiyim ictimai təşəbbüsrlərə (sərhədlərin bağlanması, məktəblərin qapanması, metronun dayandırılması, birdəfəlik ödəmə alacaq şəxslərin sayının artırılması və sairə) yenə də ehtiyac duyuram. 5 apreldə ADR Hərəkatı hakimiyyətə təqdim etdiyi "5 istiqamət üzrə anti-böhran paketi"ni bir daha nəzərdən keçirib, virusla mübarizədə nəticələr əldə edən ölkələrin mütərəqqi təcrübəsini əsas götürüb, həlli vacib olan aşağıdakı təklifləri irəli sürürəm.

1. Nazirlər Kabineti yanında Operativ Qərargah yenidən təşkil edilməli, ictimaiyyətin tanınmış nümayəndələrinin də təmsil olunduğu təzə formatda qərərgah yaradılmalı, virusla bağlı durum xalqa hər gün dürüst və açıq formada çatdırmalıdır.

2. Bütün ölkə iqtidar-müxalifət, mərkəzi hakimiyyət - yerli hakimiyyət, özəl bölmə, ictimai sektor ilk növbədə virusla mübarizə üçün səfərbər olmalı, könüllü tibbi və sosial yardım qrupları yaradılmalı və hamı ehtiyacı olan hər kəsə və hər ailəyə dəstək olmağa çalışmalıdır.

3. Tibbi heyəti qorumaq üçün lazımı qədər həkimlər maksimum mühafizə vasitələri ilə təmin olunmalı, səhiyyə işçilərinin əmək haqqı müddətli olaraq 10 qat artırılmalı, dünyasını dəyişən səhiyyə işçilərinin ailələrinə 10 min manat yardım edilməli, həlak olanların adı əbədiləşdirilməlidir.

4. Ən qısa müddətdə 10 modul tipli xəstəxananın quraşdırılması işi başa çatdırılmalı, sərgi salonları, olimpiya kompleksləri və bu tip istifadəsiz qalan digər obyektlər tibbi çarpayılar və avadanlıqlarla komplektləşdirilməlidir.

5. Səhiyyə sahəsində çalışmış şəxslərdən, tibb universitetinin tələbələrindən könüllü səhiyyə briqadaları təşkil olunmalı, onların təlimlər vasitəsilə hazırlığına start verilməlidir.

6. Testləri sayı indiki ilə müqayisədə ən azı 2 dəfə artırılmalı, süni nəfəs və digər zəruri tibbi ləvazimat və avadanlıqların idxalı davam etdirilməlidir.

7. Virusun coğrafiyasına dair interaktiv surətdə yeniləşən xəritə hazırlanmalı, qaynar nöqtələr müəyyənləşdirilməli və lokal təcrid zonaları yaradılmalıdır.

8. Dövlət büdcəsinə, neft fonundun büdcəsinə, sosial müdafiə büdcəsinə, işsizlikdən sığorta büdcəsinə yenidən baxılmalı, bütün növ sosial müavinətlərə, pensiyalara və təqaüdlərə müddətli əlavələr edilməli, ünvanlı sosial yardım üçün ehiyac həddi yaşayış minimumun dəyərinə çatdırılmalıdır.

9. Məşğulluq orqanlarında qeydiyyatı olan bütün şəxslərə qeyd-şərtsiz 190 manat birdəfəlik ödəmə verilməli, karantin rejimi tətbiq olunan ərazilərdə fəaliyyəti məlum səbəbdən mümkün olmayan bütün vergi ödəyicilərinə yardım edilməli, muzdlu işçilərin əməyinin bir hissəsinin müddətli ödənilməsi iyun-iyul aylarında da davam etdirilməlidir.

10. Səhiyyəyə ayrılmış vəsaitlərin idarəçiliyi və səmərəliliyi yüksəldilməlidir. Bunun üçün ilk növbədə pandemiya dövründə tibbi məqsəd üçün ayrılan ictimai vəsaitlərə dair məlumatlara çıxış imkanı yaradılmalı, səhiyyə büdcəsinin şəffaflığı və hesabatlığı artırılmalıdır.

11. Bakı şəhərində metronun fəaliyyəti dayandırılmalı, ictimai nəqliyyatdan istifadə qaydaları karantin rejimin tələblərinə uyğunlaşdırılmalıdır.

12. Vətəndaş cəmiyyəti institutları əhalı arasında maarifləndirmə işlərinə cəlb edilməli, sosial məsafə, maskalardan istifadə təbliğ və ictimai yerlər dezinfeksiya vasitələri ilə təmin edilməlidir"./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26