Interposta.Info

“Zəhra onu oğurlayan qadını, “o biri maması”nı istəyir…” - FOTO, VİDEO

Müxtəlif
 7-06-2019, 19:58     10 450

Ramazan Bayramı ərəfəsində Sabunçu rayonu ərazisində yaşayan 4 yaşlı Zəhra Bağırzadənin itkin düşməsi xəbəri hər kəsi sarsıtmışdı. Lakin çox sevindirici haldır ki, o, hadisədən iki gün sonra Bakı şəhər Baş Polis İdarəsi, Sabunçu rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməkdaşlarının birgə həyata keçirdikləri intensiv axtarış tədbirləri nəticəsində paytaxtın Nizami rayonu ərazisində tapılaraq, sağ-salamat ailəsinə təhvil verildi.

Məlum olduğu kimi, azyaşlı uşağın Masallı rayon sakini, 39 yaşlı Təzəgül Nəzərova tərəfindən qaçırıldığı və iki gün ərzində onun tərəfindən diləndirildiyi bildirilir. Mətbuatda yayılan məlumatlara görə, həmin qadın qaraçıdır, digər məlumatlarda isə onun qaraçı olmadığı, əqli cəhətdən problemləri olduğu deyilir. Qadının uşağı hansı şəraitdə qaçırtdığı, iki gün onu harada və necə saxladığı isə hələlik məlum deyil.

Hadisənin təfərrüatlarını daha da yaxından araşdırmaq üçün hadisə yerinə yolandıq. Sabunçu rayonunda azyaşlı Zəhranın yaşadığı məhəlləyə çatar-çatmaz qarşımıza iki qaraçı qadın çıxdı. Onlar əlil arabasında rəngi gündən qaralmış əlil uşağı aparırdılar, çox böyük ehtimalla diləndirməyə... Ona görə böyük ehtimalla ki, həmin qaraçı qadınların əlil uşaqla birlikdə tez-tez metronun “Neftçilər” stansiyasının çıxışında diləndiklərinin şahidi olmuşuq.

“Zəhra onu oğurlayan qadını, “o biri maması”nı istəyir…” - FOTO, VİDEO

Bağırzadələrin evinə çatdıqda isə ətrafda çoxlu sayda polis əməkdaşlarının olduğunu gördük. Polislər Zəhranın atası Rəsul Bağırzadəni sorğu-sual edir, kiçik qız isə tez-tez atasının əlindən çıxaraq, gah üzüyuxarı evə, gah bacısı Laçına, gah da atasına tərəfə qaçırdı. Evlərinin önündə isə çoxlu sayda qonşular toplaşaraq, hələ də üzündə qorxu ifadəsi qalmış, eyni zamanda azyaşlı, sonbeşik qızının tapılmasının sevincini yaşayan anaya - Cəmilə Hüseynovaya gözaydınlığı verirdilər.

Uşağın atası Rəsul Bağırzadə ilə söhbətləşdik. Atanın dediyinə görə, adıçəkilən qadın uşağı oğurlayarkən heç bir iz qoymayıb: “Sağ olsunlar, hüquq mühafizə orqanları tez bir zamanda axtarışlara başladı. Uşaq təxminən saat 3 radələrində evdən çıxaraq mağazaya gedib, daha sonra bayıra çıxıb və itkin düşüb. Bu barədə mənə xəbər çatmamış, artıq qonşular axtarışa başlamışdı. Qadın uşağı apararkən heç bir iz qoymayıb. O, kiminsə köməyi ilə uşağı aparıb”.

Atasının dediyinə görə, hadisə günü evin böyük qızı Laçın və valideynlər işdə olub, uşaq 11 yaşlı digər bacısının öhdəsində olub: “Bacısı babasıgilə çıxanda, uşaq da evdən çıxıb, mağazaya girib, daha sonra itkin düşüb”.

R.Bağırzadə uşağı oğurlayan qadının haqqında hələlik dəqiq məlumatın olmadığını dedi: “Bəziləri deyir ki, qaraçıdır. Onun qaraçı olub-olmadığını dəqiq bilmirəm, amma milləti talışdır. Həm də onun ruhi xəstə olduğunu da deyirlər. Gördüyünüz kimi, polis əməkdaşları hələ də sorğu-sual aparır, ətrafdakı kameraları araşdırır, hadisənin necə baş verdiyini öyrənməyə çalışırlar.

Qadın Zəhranı metronun “Neftçilər” stansiyasının yanında dilənçilik məqsədi ilə əlindən tutaraq gəzdirib. Hər halda məqsədi pul yığmaq olub, yoxsa ki, bu yaşda uşaq onun nəyinə lazımdır... Yenə, şükür Allaha ki, tapıldı. Hər kəsə minnətdaram”.

Uşağın bu hadisədən qorxub-qorxmadılğını soruşduq. Atasının sözlərinə görə, uşaqda bir qədər qorxu olsa da, evə gəldiyi üçün özünü çox rahat hiss edir: “Qonşularımız çox mehribandır. Məhəllədəki hər kəs Zəhranı axtarıb. Mən uzun illərdir ki, burada yaşayıram, uşağın oğurlanması hadisəsi ilə rastlaşmamışam. İllər öncə bəlkə də kimsə itib, amma 3-4 yaşlı uşağın itməsi faktı olmayıb. Burada hər kəs bir-birini tanıyır, ona görə də kimin hara getdiyini hər kəs görür”.

Övladına yenidən qovuşan Cəmilə Hüseynovanın da təəssüratlarını öyrənməyə çalışdıq. Sevincdən gözləri yaşaran ana bundan sonra övladlarına daha ciddi nəzarət edəcəyini dedi: “Səhərə qədər hər kəs gəlib-gedir, uşaqla maraqlanır. Gözüm çox qorxdu. Allah heç bir anaya belə bir hadisə yaşatmasın. Bu, çox ağır hadisədir. Zəhra mənim sonbeşiyimdir. Çox şükür ki, sağ-salamat tapıldı. Polis əməkdaşları da gecə-gündüz axtarış etdilər, Zəhra tapılana qədər dinclik bilmədilər”.

Ananın dediyinə görə, uşağın bir nəfər tərəfindən oğurlanması inandırıcı deyil: “Hələlik bir qadın saxlanılıb. Ehtimal olunur ki, bu məsələnin arxasında başqaları da var. Həmin qadın sorğu-sual edilib, o da guya deyib ki, uşağı bacısı oğurlayıb, ona verib. Bacısı isə onun dediklərini danır və bildirir ki, bacısının əqli cəhətdən problemləri var, yalan danışır. Yəni, hələlik dəqiq məlumat yoxdur”.

Cəmilə Hüseynova bəlkə də bu hadisədə bircə məsələyə sevinir, övladına yaxşı baxılıb, ac saxlanılmayıb: “Uşağı incitməyib, yedizdirib, içizdirib, özü ilə gəzdirib, Zəhra da ki, gəzməyi çox xoşlayır. Evə gələndə ac deyildi, ondan bilirik ki, ac saxlamayıb. Baxmağına yaxşı baxıb…”

Valideynlər ilə söhbətimizə qonşular da qoşulur. Qonşu qadının dediyinə görə, bu günə qədər məhəllədə bu cür uşaq oğurluğu baş vermədiyindən hadisənin şokundan çıxa bilmirlər: “Zəhra həmişə mənim nəvələrim ilə oynayıb. Bu cür hadisənin baş verəcəyini gözləmirdik. Böyük bacısı iki gün imiş ki, işə çıxıb. Bilməzdik ki, uşaq evdə tək qalar. Uşaq sərbəst şəkildə mağazaya gedib-gəlirdi. Heç biz qonşular onu tutub, öpə bilmirdik. O qadın onu necə aparıb, hələ də anlaya bilmirik...

Mənim 5, 7 və 11 yaşlarımda nəvələrim var, onlar da həmişə Zəhra ilə birlikdə oynayırlar. Məhəlləmizdə belə bir hadisənin baş verəcəyini heç ağlımıza gətirməzdik. Onu necə aparıbsa, heç kəsin xəbəri olmayıb. Uşaq danışa bilmir, onu aldadıb, aparıblar”.

Ananın da dediyinə görə, Zəhra tam danışa bilmədiyi üçün hadisə barəsində məlumat öyrənməkdə çətinlik çəkirlər: “Özünə lazım olan sözləri deyir. Məsələn, sual verəndə ona cavab vermir”.

Zəhra ilə birlikdə yaşadığı kiçik daxmaya keçirik. Kiçik qız ayağını haradasa əzib, ufuldayır və israrla anasına “dərman, dərman ver” deyir. Qonşu gülümsəyərək, maraqlı bir məqamı danışır: “Zəhra o qədər gəzib ki, indi də gəzmək istəyir. Və tez-tez “o biri mamamı istəyirəm” deyir. “O biri mama” deyəndə həmin qadını nəzərdə tutur. Görünür, qadın onunla yaxşı rəftar edib. Uşağın dediyindən belə başa düşülür ki, qadın ona yemək üçün dönər, “koka-kola”, digər şeylər alıb, bu da uşağın xoşuna gəlib”.

Adını deməyən bir qonşu isə hüquq-mühafizə orqanlarının ərazidə yaşayan qaraçıları nəzarətə almalarını istədi: “Mən şəxsən hər kəsə təşəkkür edirəm ki, kiçik Zəhranı tapdılar. Hamımız çox sevinirik. Bizdə irqi ayrıseçkilik yoxdur, heç bir zaman da buna yol verməmişik. Amma hüquq-mühafizə orqanlarından xahiş edirəm ki, burada çoxlu sayda qaraçılar məskunlaşıb, onların barəsində tədbir görsünlər. Oğurluq kisik şeylərdən başlayır, sonda adam oğurluğuna qədər gəlib çatır, hansı ki, son hadisəni yaşadıq”.

Elə çəkilişi bitirib, yola düzəlmək istəyirdik ki, qonşular qolumuzdan tutub, bizi evlərin arxasındakı üfunəti beyin çatladan, ətrafı böyük zibillik və mazutluq olan gölməçəyə tərəfə apardılar: “Baxın, polislər Zəhranı ilk olaraq bu gölməçədən axtardılar. Çünki tez-tez azyaşlı uşaqlarımız bu gölməçəyə düşürdü, son anda onları qurtara bilmişik. Dəfələrlə aidiyyəti qurumlara bu barədə müraciət etsək də, bir nəticəsi olmur. Bəzən uşaqlar bilməyərək burada ocaq qalayırlar. Bu, çox böyük təhlükədir. Çünki gördüyünüz kimi, ərazi mazutluqdur. Yanğın olarsa, buradakı evlər üçün böyük təhlükə ola bilər. Halbuki, ərazisini park etmək olar. Uşaqlar da gəlib burada oynayar, əylənərlər. Yoxsa ki, darvazadan çıxıb, yolda oynayırlar və belə oğurluq hadisələri baş verir”.

Sonda onu da qeyd edək ki, azyaşlı Zəhra Bağırzadəni oğurlamaqda ittiham olunan 39 yaşlı Masallı rayon sakini Təzəgül Nəzərova istintaqa ifadə verib. O, ifadəsində uşağı oğurlamadığını, bunu ayrı adamın etdiyini deyib. Qadının bacısı isə onun əqli problemi olduğunu iddia edib. Onun sözlərinə görə, Təzəgül 5 gün əvvəl evdən çıxaraq geri qayıtmayıb. Bu gün öyrənib ki, bacısı azyaşlı qızı qaçırdığına görə polis tərəfindən saxlanılıb.

"Təzəgülün əqli problemi var. Onun qəsdən uşaq qaçıracağına inanmıram. 5 gün əvvəl evdən gedib, biz də onu axtarırdıq. Bu gün xəbərlərdə gördüm ki, belə hadisə baş verib”, – deyən qadın ehtimal edir ki, Zəhranın qaçırılmasında başqa şəxslərin də əli var: "Bəlkə, onu kimsə bu yola məcbur edib. Yəqin ki, polisin araşdırmasından sonra həqiqət üzə çıxacaq. Təzəgül normal insan deyil, elə vaxt olur ki, adını da yadından çıxarır. İndiyə kimi bizdə qalıb. Başı normal işləmir”./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26