Interposta.Info

Milli mənəvi dəyərlərin qorunması və geniş təbliğ edilməsində medianın xüsusi rolu var

Müxtəlif
 16-11-2018, 23:50     10 965

İnterPosta.info/Bakı şəhər 16.11.2018; Ölkəmizdə milli mənəvi dəyərlərin qorunması və geniş təbliğ edilməsində mədianın da xüsusi rolu var. Elə bir zamanda yaşayırıq ki, mənəvi-əxlaqi zəmində yazılmış məqalələrə böyük ehtiyac var.
Mətbuat, televiziya və radio, multimedia və internet şəbəkələri milyonlarla insanın evinə girməkdədir demək. Bu gün kütləvi informasiya vasitələri gənclərimizin milli dəyərlər zəminində tərbiyə olunmasında güclü vasitədir. Milli şüura və mentalitetə yad olan və ekrandan təbliğ edilən amillər gənc nəsil arasında önəmli yer tutmağa başlayır. Kütləvi informasiya vasitələrində gedən materiallarda xalqımızın əxlaq normaları gözlənilməli, bayağı xarakter daşımamalıdır. İnformasiya axını ictimai proseslərin idarə edilməsində əhəmiyyətli rıçaqlardan birinə çevrilib.
Milli-mənəvi dəyərlərimiz xalqımızın simasında zaman-zaman yaşayıb və bizi başqa millətlərdən fərqləndirib. Mənəvi dəyər özünün fiziki və mənəvi varlığını qoruyub saxlamaq, yaşatmaq üçün hər hansı sosial qrup və ya cəmiyyətin əksər üzvlərinin doğru və lazımlı olduğuna inanıb qəbul etdikləri ortaq dünyagörüş, məqsəd, əxlaq normaları və inanclardır. İnsanların mənəviyyatı, əxlaqi normaları və baxışları ilə bağlı olan milli mənəvi dəyərlərin yaradıcısı xalqdır. Xalqın mövcudluğunun əsas göstəricisi olan milli mənəvi dəyərlər onun ən qiymətli sərvətidir. Hər bir xalq milli mənəvi dəyərlər sisteminə malikdir. Bu milli mənəvi dəyərlər bizim tariximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, mentalitetimiz, mədəniyyətimiz, ədəbiyyat və incəsənətimizdir.
Milli ideologiya, milli tarix, milli dil, dinimiz, milli mədəniyyət və incəsənət, milli ədəbiyyat, milli özünüdərk, ailə, dahi şəxsiyyətlərimiz, milli musiqimiz, muğamlarımız, fərdi yaddaşı, etnos yaddaşını, millətin, xalqın yaddaşını ehtiva edən folklorumuz bizim milli-mənəvi dəyərlərimizdir. Bir sözlə, milli olan bütün nailiyyət və keyfiyyətlərimiz milli dəyərlər sisteminə aiddir. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev dinimizin milli-mənəvi dəyərlərin ən önəmli ünsürlərindən biri olduğunu önə çəkirdi və bilirdi ki, xalqlara və qəbilələrə ayrılmış cəmiyyət həm də milli-mənəvi dəyərləri ilə seçilməlidir.
Mənəvi dəyərlər insanı cəmiyyətdə formalaşdıran, inkişafa kömək edən davranış qaydalarıdır. Tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur. Hər birimiz xalq olaraq qloballaşma adı altında öz milli dəyərlərimizi unutmamalı və bu dəyərlərə sadiq olmalıyıq, milli mentalitetə xas olmayan dəyərlərə qarşı mübarizə aparmalıyıq.
Ümummilli liderimiz Heydər Əliyev mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın - dövlət quruculuğu prosesinin mühüm xüsusiyyəti kimi dəyərləndirib. O bildirib ki, milli-mənəvi dəyərlərini qoruyub saxlayan xalq həmişə müstəqillik yolu ilə getmək və müstəqilliyi qorumaq əzmində olacaqdır. Çünki milli dövlətçilik və milli-mənəvi dəyərlər arasında sıx bir daxili əlaqə vardır. Bu mənada yalnız milli kimliyi bəlli olan və özünü bir millət kimi dərk edən xalqın aydın və perspektivli inkişaf yolu ola bilər.
Tamerlan Ələkbərov

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26