“Bakını bürüyən toz-dumanın səbəblərini ölkə ərazisində axtarmalıyıq” – ekspert
Umayra Tağıyeva: “Cənub-şərq axınları ilə hərəkət edən hava kütləsi Türkmənistandan bizim ərazimizə toz gətirib”
Son günlər paytaxt Bakını toz dumanı bürüyüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri 30 avqust və 05 sentyabr tarixlərində monitorinq keçiriblər. Hər iki monitorinqin nəticəsinə görə havada olan tozun miqdarının sanitar normadan artıq olduğu məlum olub.
Sonuncu monitorinq zamanı tozlu dumanın ölkə ərazisinə cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan daxil olduğu bildirilib. Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan 3,6 dəfə yuxarı olduğu qeydə alınıb.
Lakin Bakının toz-dumana bürünməsinə ölkə ərazisində aparılan söküntü və tikinti işlərinin səbəb olduğunu düşünənlər də az deyil. Məlum olduğu kimi, hazırda Bakının bir çox rayonlarında köhnə binaların sökülməsi prosesinə başlanılıb. Bu isə havada tozun miqdarının artmasına səbəb olur.
Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan ekoloq Telman Zeynalov toz-dumanının qonşu ölkələrdən külək vasitəsilə paytaxt ərazisinə keçməsini mümkünsüz hesab edir: “Son günlər toz-dumanının külək vasitəsilə qonşu ölkələrdən ölkə ərazisinə keçməsini yanlış hesab edirəm. Bu yaxınlarda elə də güclü külək olmayıb ki, buna səbəb yaransın. Əgər şimal, cənub və yaxud qərb küləkləri toz-dumanının gətirirsə, o zaman Bakıya yağış da gətirərdi. Bu problemin həllini ölkə ərazisində axtarmalıyıq”.
T.Zeynalov paytaxt Bakının toz-dumana bürünməsinin səbəbini kütləvi aparılan söküntü və tikinti işləri ilə əlaqələndirdi: "Ümumiyyətlə, toz-dumanının yaranmasının səbəbi paytaxt Bakıda aparılan tikinti işləri ilə əlaqədardır. “Sovetski” adlanan ərazidə, xüsusilə də “Azdrama”nın yanında aparılan tikinti işləri buna bir misaldır. Yol kənarında, binaların yaxınlığında gecə-gündüz daş kəsirlər. Hər tərəf torpaq içindədir. Bu işləri aparmaq üçün ayrıca sex olmalıdır. Kim harada gəldi, necə gəldi iş aparır. Bütün bunlara ilk növbədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən nəzarət olunmalıdır. Bakıda yerli küləklər daha çox əsir. Bu səbəbdən də həmin toz-torpağı ətrafa yayır. Karxanalar və sexlərdə nəzarəti gücləndirmək əsasdır. Hər hansı ərazidə tikinti işləri aparılacaqsa, həmin torpaq yerinin sulanması tələb olunmalıdır. Tikinti zamanı tozun ətrafa yayılmasının qarşısını almaq mümkündür. Sadəcə, nəzarəti gücləndirmək və tələb etməkdir. Karxanaların fəaliyyətini dayandırsalar belə faydası yoxdur. Onun yerində qalan torpaq kütləsi külək vasitəsilə havaya qalxır. Nəticədə şəhəri toz-duman basır".
“Yeni Müsavat”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji təbliğat sektorunun müdiri Umayra Tağıyeva bu iddiaları belə əsassız hesab edir:
“Sadəcə, indi müasir texnika, peyk sistemlərinə əsaslanaraq təbiətdə baş verən hadisələri izləmək, proqnozlaşdırmaq və səbəbləri araşdırmaq imkanımız genişlənib. Cənub-şərq axınları ilə hərəkət edən hava kütləsi Türkmənistandan bizim ərazimizə toz gətirib. Biz bunu müasir rəqəmli modellərin nəticəsini təhlil edərək müəyyənləşdiririk, eyni zamanda peyk müşahidə sistemləri də bu fikri təsdiqləyir. Düzdür, tikinti zamanı, karxanalarda aparılan iş zamanı atmosferdə tozun miqdarı artır. Lakin bu proses lokal ərazini əhatə edir. Yəni çirklənmə mənbəyinə yaxın yerlərdə konsentrasiyalar daha çox olur. Hazırda müşahidə olunan proses sırf sinoptik proseslə bağlıdır. Türkmənistanda tozlu burulğan baş verib. Və həmin toz cənub - şərq axınları ilə tozlu bulud bizim üzərimizə hərəkət edib. Bu toz Abşeron yarımadasını bütövlüklə əhatə edib. 3 gün əvvəl tozun miqdarı normadan 5-6 dəfə çox deyildi. 5 gün bundan əvvəl, yaxud bir ay əvvəl şəhərdə tikinti yox idi? Daş karyerləri işləmirdi? İşləyirdi. Onda ilin 365 günü atmosferdə tozun miqdarı 5-6 dəfə çox olmalı idi”.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26