Interposta.Info

“Hərbi vəziyyət haqqında” Qanuna dəyişiklik edildi -

Müxtəlif
 4-05-2018, 09:57     10 449

İsgəndər Həmidov: “Ölkədə fövqəladə vəziyyət 1991-ci ildə elan edilmişdi, AXC hakimiyyəti dövründə heç bir hərbi vəziyyət elan olunmadı”
Milli Məclisdə hərbi vəziyyət rejiminin tətbiq edilməsi halında məsuliyyətlərin müəyyən edilməsi ilə bağlı qanunvericilik dəyişiklikləri müzakirəyə çıxarılıb. “Hərbi vəziyyət haqqında” Qanunun tələblərinə əsasən, bir neçə qanunverici aktda dəyişiklik edilib. Bildirilib ki, dəyişikliklərin əsas məqsədi “Hərbi vəziyyət haqqında” Qanunun tətbiqi ilə əlaqədar qanunvericiliyin təkmilləşdirilməsidir.

Məsələn, İnzibati Xətalar Məcəlləsinə hərbi vəziyyət rejiminin tələblərinin pozulmasına görə məsuliyyət nəzərdə tutan yeni maddələr və cərimələr əlavə olunur. Cinayət Məcəlləsinə edilən dəyişiklikdə isə cinayətin fövqəladə vəziyyət, təbii və ya digər ictimai fəlakət şəraitində, habelə kütləvi iğtişaşlar zamanı törədilməsi cəzanı ağırlaşdıran hal kimi göstərilib. Əmək Məcəlləsində “Hərbi vəziyyət dövründə səfərbərlik planlarına uyğun olaraq, əmək məzuniyyəti başqa vaxta keçirilə bilər” məzmununda əlavə nəzərdə tutulub.

Miqrasiya Məcəlləsinə təklif olunan düzəlişə görə, hərbi vəziyyət dövründə “Hərbi vəziyyət haqqında” Qanuna əsasən, vətəndaşların ölkədən getməsi və ölkəyə gəlməsi üçün xüsusi qaydalar tətbiq edilə bilər. Bu hal əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də aid edilir.

“Siyasi partiyalar haqqında” Qanuna əlavə edilən 16.4-1-ci maddədə bildirilir ki, hərbi və ya fövqəladə vəziyyətin elan edilməsinə səbəb olmuş halların aradan qaldırılmasına və müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə mane olan siyasi partiyaların fəaliyyəti hərbi və ya fövqəladə vəziyyət başa çatanadək dayandırıla bilər.

1990-cı illərdə Qarabağ savaşının getdiyi dönəmdə Azərbaycanda faktiki olaraq müharibə şəraiti olub. Lakin həmin ərəfələrdə hakimiyyətdə olan Azərbaycan Xalq Cəbhəsi hökuməti maraqlıdır ki, hərbi vəziyyət rejimi elan etməyib.

1992-ci il mayın 16-dan 1993-cü il aprelin 16-na qədər Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsində çalışmış İsgəndər Həmidov “Yeni Müsavat”a həmin dövrlə bağlı danışıb. O bildirib ki, ölkədə fövqəladə vəziyyət yalnız sovet hakimiyyəti illərində olub. Həmin zaman isə xeyli məhdudiyyətlər tətbiq edilib:

“İlk dəfə Azərbaycanda fövqəladə vəziyyət 1991-ci ildə oldu. Komendant saatı elan etdilər və şəhərdə fövqəladə vəziyyət elan etdilər. Həmin vaxtı ilk olaraq komendant bir rus generalı oldu. Onun ardınca da Ziya Bünyadovun oğlu Valeri Bünyadov komendant oldu. Bizim vaxtımızda ölkədə heç bir fövqəladə vəziyyət elan olunmayıb. Sovetin vaxtında tətbiq olunan komendant saatı ilə axşam saat 10-dan sonra çölə çıxmaq qadağan idi. Bundan əlavə şəhərdə maşın sürməyə də məhdudiyyət vardı. Ümumilikdə isə həmin zaman gediş-gəlişlə bağlı xeyli sayda məhdudiyyətlər tətbiq olunmuşdu. Respublikadan kənara çıxmağa isə məhdudiyyət qoyulmamışdı. Bununla yanaşı şəhərdə sərbəst toplaşmağa da qadağa var idi. İclaslara da icazə verilmirdi. Həmin dövrdə Azərbaycanda siyasi partiyalar mövcud deyildi. Azərbaycanda yalnız Kommunist Partiyası vardı ki, ona qarşı da duran dünyanın ən möhtəşəm təşkilatı olan Xalq Cəbhəsi vardı. Komendant saatı ərəfəsində də Kommunist Partiyasına hər bir şeyə icazə verilirdi. Yalnız bizə, Xalq Cəbhəsinə məhdudiyyətlər tətbiq olunmuşdu”.

İsgəndər Həmidov hesab edir ki, Ermənistanda vəziyyətin gərgin olduğu hazırkı məqamda Azərbaycan hərəkətə keçməlidir:

“Ermənistanda vəziyyət ağırlaşdıqca, Azərbaycan bütün variantlara hazır olmalıdır. Heç olmasa 3-4 rayonu azad etsək, ermənilərin danışıq tonu və predmeti dəyişəcək. Ermənistan Respublika Partiyası bütünlüklə Paşinyanın əleyhinə səs verdi. Bununla da orada vəziyyət daha da pisləşdi. Sərkisyanın komandası Qarabağ erməniləridir, onların da döyüş hazırlıqlı insanları Qarabağdadır. Ola bilər ki, döyüşkən insanları geri çəksinlər. Yəni bununla da bizə meydan açılır. Elə şərait yaranır ki, biz ən azı Ağdamı, Füzulini, Qubadlını işğaldan azad edə bilərik. Sözsüz ki, bizə sona qədər müharibə aparmağa icazə verməyib, stol arxasına oturdacaqlar. Bu məqamda belə onların danışıq tərzi dəyişəcək. Azərbaycanda qeyri-normal bir tendensiya gedir. Deyirlər ki, Sərkisyan gedirsə, başqası gələcək, yaxşı olacaq. Bu yanaşma kökündən yanlışdır. Heç bir yaxşı hal ola bilməz. Paşinyan da çıxışı zamanı dedi ki, Rusiya ilə münasibətlərimizi daha da yaxşılaşdıracağıq. Yəni birmənalı şəkildə dedi ki, Rusiyanın adamıdır. Rusiyada da Putinin yaxın adamı bildirdi ki, Ermənistanda hakimiyyətə kim gələrsə, onunla əməkdaşlıq edəcəyik. Bu da Paşinyana bir mesaj idi ki, fəaliyyətə keçsin. Bütün bunlar onu deməyə əsas verir ki, ermənilərin düşüncəsi milli məsələdə heç də dəyişməyəcək. Ona görə də biz müharibəyə hazır olmalıyıq. Hərəkətə keçməsək, fürsəti əldən vermiş olarıq. Ümid edək ki, ”Hərbi vəziyyət haqqında" Qanuna edilən dəyişiklik də onunla əlaqədardır".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26