Interposta.Info

Təcrübə ana bətnində qazanılırsa, bəs onda həyat təcrübəsi nə olan şeydir...?

Müxtəlif
 19-04-2018, 18:46     10 342

Bugünkü təhsilimiz gənclərimizin karyera qurmaq tələbləri ilə adekvat deyil.
Məzun buraxılışlarının, sınaq imtahaları iştirakçılarının, ali məktəblərin bakalavr və maqistratura pillələrinə sənəd verənlərin, dövlət qulluğunun test imtahanlarına cəlb olunanların sayında enmə tendesiyasının səbəblərini araşdıran olubmu? İş o yerə çatıb ki, xüsusilə son vaxtlar sınaq, qəbul maqistratura, rezidentura, dövlət qulluğu da bir yana, hətta rəhbər vəzifələrə qəbulla bağlı imtahanlarda da çox az namizədin iştirak etdiyindən gileylənməyə başlamışıq.

Əsas Qanunumuz olan Konstitusiyamıza hər bir vətəndaşın təhsil almaq hüququnun olması və dövlətin pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin etməsi barədə ayrıca maddə salmışıq, ali təhsilin hamı üçün əlçatan olması üçün məzunlara əlvə şans imkanı yaratmışıq, universitetlərin nəzdində hazırlıq kurslarının yaradılmasını nəzərdə tutmuşuq, ali məktəblərə qəbul olmaq istəyən əvvəlki illərin məzunlarına da cari ilin məzunları kimi iki mərhələli imtahanda iştirakını planlaşdırırıq, bakalavrlar kimi maqistrları da hərbi xidmətdən azad etmişik, Təhsil müəssisələrinin təhsil - tədqiqat -innovasiya mərkəzlərinə çevrilməsinə dəstək verən və rəqabətqabiliyyətli mütəxəssis hazırlığını təmin edən ali təhsil standartlarının tətbiqi başlıca hədəf kimi müəyyən olunub və son olaraq “Elm günü” də təsis etdik...
Bununla belə, bütün güzəştlərə və stimullşdırıcı tədbirlərə baxmayaraq ortalıqda olan budur ki, təhsil hələ də gənclərimizin sosial uğurunun əsasına çevrilə bilmir, təhsildə gənclər siyasəti ideyasının reallaşmasına, onların karyera yüksəlişinə lazımı təsir göstərmir, lazımınca rəğbətləndirilmir, arzuolunan hörmət və qiymətlə dəyərləndirilmir. Bu gün gənclər sistemli bilik, bacarıq və vərdişlərə yiyələnməkdən daha çox prestijli diploma yiyələnməyə meyllidirlər. Başqa sözlə təhsil hələ də cəmiyyətdə təhsil prosesinin vəziyyətini və səmərəliliyini göstərən, şəxsiyyətin vətəndaşlıq, peşə və məişət səriştəliliyinin cəmiyyətin tələblərinə uyğunluğunu nümayiş etdirən sosial kateqoriya kimi xarakteriza olunmur.

Halbuki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulduğu kimisosial-iqtisadi həyatın müasirləşdirilməsində təhsilin rolu təkcə təhsilalanın qazandığı bilik və bacarıqların iqtisadi amilə çevrilməsi ilə məhdudlaşmır. Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir təhsilalanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır, onu biliyi və etik davranışı sayəsində örnək ola biləcək həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirir.
Baxmayaraq ki, təhsil sahəsində idarəetmə islahatlarının başlıca istiqamətlərini təhsil prosesinin iştirakçıları arasında münasibətlər sisteminin, eləcə də tənzimləmə orqanlarının funksiyaları, səlahiyyətləri və cavabdehliyinin dəqiq müəyyən olunması, təhsil müəssisələrinin idarəetmə səlahiyyətlərinin və təhsilin nəticələrinə görə cavabdehliyinin artırılmasının təmin edilməsi təşkil edir. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda Təhsilalanların hüquq və vəzifələri(32.3.3.)“dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq”;Təhsilverənlərin hüquq və vəzifələri(33.3.2.)“təhsil proqramlarının mənimsənilməsini təmin etmək” kimi müəyyənləşdirilib.
Əgər bakalavriat təhsil səviyyəsində ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genış profilli ali təhsilli mütəxəssislər hazırlanırsa, bakalavriat təhsili başa çatmış ali təhsildirsə, bakalavriatı bitirən məzunlara bakalavr ali peşə ixtisas dərəcəsi verilirsə,bakalavriat təhsili almış məzunların əmək fəaliyyəti sahəsi elmi tədqiqat və və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər fəaliyyət sahələrini əhatə edirsə, nədən maqistratura pilləsini dəbə mindirib, bakalavrlara natamam ali təhsillilər kimi baxırıq, hətta maqistratura bitirənlər arasında əlavə hazırlıq kurslarından sertifikat alanlara üstünlük veririk, ali peşə-ixtisas dərəcəsi ilə ali elmi-ixtisas dərəcəsinin fərqinə varmırıq? Məgər, məqsədimiz təkcə alim ordusu yetişdirməkdir, yoxsa bütün iş yerlərimizdə elmi-tədqiqat və elmi-pedaqoji fəaliyyətlə məşğul olmaq tələb olunur?
Məlum olduğu kimi,“Təhsil haqqında”, eləcə də “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunlarının ”Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası“nın müvafiq müddəalarına uyğun olaraq insan resursları sahəsində təhsil sisteminin başlıca vəzifəsi, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktik biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli kadrlar hazırlamaqdır.Belə çıxır ki, təhsil müəssisələrimiz yarımçıq nəzəri biliklərdən savayı, praktik vərdışlər aşılamaq imkanlarına malik olmayıb, öz yetirmələrındə asılılıq yaradaraq onların əlavə kurslarla baş-başa qalmasına şərait yaradırlar.Buna dilimizdə bir güllə ilə iki quş vurmaq deyirlər.
Təhsilə dair müvafiq qanun və qaydalar qəbul edirik, sonradan bunların işlək mexanizminin olmamasından gileylənirik.Yənı, bu mexanizmləri işlək vəziyyətə gətirmək bu qədərmi çətindir? Qanunlarımızı bir çox halda görüntü yaratmaq vasitəsinə çevirərək, qanunun aliliyinə istinad etməkdən niyə çəkinirik? Təhsil haqqında “Qanun”a “Keyfiyyətsiz təhsilə görə vurulan zərərin ödənilməsi” barədə xüsusi maddə (maddə 42) salındığı halda, təhsil müəssisəsində təhsilin dövlət təhsil standartlarına uyğun təşkil olunmaması nətıcəsində təhsilalanların keyfiyyətsiz hazırlığı müəyyən edilərkən, kimi cəzalandırmışıq, hansı müvafiq icra orqanı tərəfindən vurulmuş zərərin ödənilməsi barədə məhkəmə iddiası qaldırmışıq? Nə vaxta qədər məhz "təhsilverən" deyil, "təhsilalan" əsas hədəfimiz olacaq…? Hanınəticələrə görə cavabdehlik?
Hər yerdə savad və təcrübə tələb olunur, Savad tələbi başa düşüləndir. Lakin, işə düzələni də başa düşmək lazımdır. Əgər, oxuduğu universitet illəri ona lazımı savad verməyibsə, yenidən qeydiyyatdan keçib, ikinci dəfə universitet bitirməlidir? Yaxud, hamı təcrübəli işçi tələb edir. Təcrübə ana bətnində qazanılır? Belə çıxır ki, ya universitetlər tələb olunan səviyyədə təcrübəli mütəxəssislər hazırlamalı, ya da işəgötürənlər, gənclərə iş prosesində təcrübə qazanmalarına şərait yaratmalıdırlar. Bunun üçüncü yolu yoxdur. Bu vaxta qədər yetişən dünya şöhrətli alimlərimiz, digər tanınmış ziyalılarımız təcrübələrini ana bətnində qazanmayıb, məhz həyatın sınaqlarından keçib müəyyən ərsəyə çatıblar.
Bəlkə, birdən-birə dəb xətrinə qərb təhsilinə sıçrayış etməklə tələskənliyə yol vermişik? Onun prinsip və metodlarını hələ tam mənimsəməmışik, məqsəd və vəzifələrinə düzgün əməl etmirik? Bəlkə, mənəvıyyatı bir kənara qoyub, maddiyyata olan ifrat maraqlarımız təhsilimizin öz axarı ilə getməsinə, məcrasına yönəlməsinə imkan vermir? Bəlkə, korporativ maraqlarımız təhsil qanunvericiliyimizi üstələyir? Bəlkə, elə bunun da günahı, bütün günahları üstünə yıxmağa alışdığımız zəmanədədir?
Ardı var...
Nadir İsrafilov

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26