Interposta.Info

"Vergiyə görə beləydi, Leyla Şıxliniskayanın da hər şeydən xəbəri var idi" - direktor ifadə verdi

Müxtəlif
 14-03-2018, 13:32     10 504

Leyla Şıxliskayanın rəhbərlik etdiyi klinikanın işçiləri növbəti dəfə hakim qarşısına çıxarılıb. Onlar külli miqdarda vergidən yayınmaqda ittiham edilirlər.

Musavat.com xəbər verir ki, təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutub.

Məhkəmə prosesində şahid qismində Yeganə Şahnazərova ifadə verib.

O deyib ki, klinikada iki dəfə müalicə alıb: "Qohumlarım pul ödəyib, məbləği bilmirəm".

Digər şahid Yelena Smirnova bildirib ki, klinikada növbətçi həkim işləyir və ayda bir dəfə mühasibatlıqdan maaş alır.

"Növbətçi qaldığım hər gecə üçün 50 manat, bayram günləri 70 manat alırdım. Maaşım da növbətçi qaldığım günlərə görə hesablanırdı"- deyə şahid bildirib.

Şahid Sevda Əlizadə isə deyib ki, klinikada 8 il baş həkimin müavini və sonra isə 2 il direktor vəzifəsində işləyib.

"Leyla Şıxlinskaya məni direktor təyin edəndə qarşıma şərt qoydu ki, maliyyə işlərinə qarışmayım. Mən yalnız əməliyyatlara nəzarət edirdim. Direktor təyin olunanda maaşı kartla almışam. Bütün işçilər də maaşın kartla verildiyini bilirdi, çünki klinikada bankomat quraşdırılmışdı. Maaşın bir hissəsini kartla, qalanını əlbəəl almışam. Dəqiq bilmirəm, amma yəqin vergiyə görə belə idi. Leyla Şıxliniskayanın hər şeydən xəbəri var idi. Maliyyə işlərinə özü nəzarət edirdi. Hər hansı fırıldaq olub-olmadığını da deyə bilmərəm"- deyə şahid söyləyib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər arasında klinikanın baş mühasibi olmuş Şəhla Abbasova, Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayevadır.

Onların hər biri barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxslər Leyla Şıxliniskayanı, klinikanın təsisçisi isə keçmiş işçilərini ittiham edir.

Klinikanın fəaliyyəti ilə əlaqədar açılan cinayət işi ilə bağlı məlum olan budur ki, adı çəkilən şəxslərin əməlləri barədə əvvəlcə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb. İstintaq davam etdirilməsi üçün Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə göndərilmişdi.

Bu ittihamı da Leyla Şıxlinskaya rəhbərlik etdiyi klinikanın yeddi əməkdaşına qarşı irəli sürmüşdü.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) və 213-cü (vergidən yayınma) maddələri ilə ittiham edilirlər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26