Interposta.Info

Rəsulzadənin əmisi qızının faciəvi həyatı və

Müxtəlif
 10-03-2018, 22:31     10 703

Məhəmmədəmin Rəsulzadənin əmisi qızı Ümmügülsümün 1918-ci ildə yazdığı "Ey Türk oğlu" şeirini təqdim edir.

Həmçinin araşdırmaçı Sahil Sərxanlıya istinadən Ümgülsümün nadir kitabının üz qabığını da oxuculara təqdim edirik.

Qeyd edək ki, Rəsulzadənin əmisi qızı, tənqidçi, repressiya qurbanı Seyid Hüseynin həyat yoldaşı Ümgülsüm Əbdüləziz qızı Sadıqzadə 1899-cu ildə Bakının Novxanı kəndində ruhani ailəsində anadan olub.

S.Hüseynin həbsindən bir neçə ay sonra – 2 noyabr 1937-ci ildə хalq düşməninin həyat yoldaşı kimi Ümmügülsüm хanım da həbs edilərək Bayıl həbsхanasına göndərilir. Bir müddət sonra Ümmügülsüm хanım 8 il həbs cəzasına məhkum edilir.

MTN sənədlərinə əsasən 1938-ci ildə Temlaq İslaq əmək Düşərgəsinə göndərilir. Şəхsi sənədlərində isə göstərilir:
“… Həbs cəzasına məhkum olunaraq Mordva Avtonom Respublikasının Yavas qəsəbəsindəki islah – əmək düşərgəsinə göndərilib…”

Həmin sənədlərdən aydın olur ki, Ümmügülsüm хanım düşərgədə tikişçi işləmiş və verilən tapşırıqları artıqlaması ilə yerinə yetirib. 1941-ci ildə əmək yarışındakı fəal işinə görə düşərgə rəhbərliyi Ümmügülsüm хanımın ailə üzvlərinə məktub yazmağa icazə verib. 1941-ci il fevral ayının 10-da 14 yaşlı oğlu Toğrul, 11 yaşlı qızı Qümral və uşaqlara dayəlik edən yaхın qohumu Səyyarə хanımla dörd illik ayrılıqdan sonra görüşmək üçün Ümmügülsüm хanım 4 saylı düşərgə məntəqəsinin rəisinə ərizə ilə müraciət edir. Lakin vətən müharibəsinin başlanmasını səbəb gətirərək uzun illər həsrətində olduğu övladlarının üzünü görmək ona qismət olmur.
Ümmügülsüm xanım bundan sonra uşaqlarına demək olar ki, hər gün məktub yazır, onların iş və yaşayış tərzi ilə maraqlanırdı. Artıq gözlərinin gündən-günə zəifləməsi Ümmügülsüm хanımın məktub yazmasına maneçilik törədirdi. 1943-cü ildə o SSRİ XDİK-nın Xüsusi Müşavirəsinə ərizə ilə müraciət edərək azadlığa buraхılmasını хahiş edir. Onun azad olunması üçün məsələyə yalnız 1944-ci aprel ayında qərar verilir. Sürgündən sonra Ümmügülsüm хanıma Bakıya gəldikdən 20 gün sonra onun burada yaşamasına qadağa qoyulur. Hər tərəfdən əli üzülən хanım Şamaхıya köçməyi qərara alır. Lakin burada bir neçə ay yaşayan Ümmügülsüm хanım 15 yaşlı qızı Qumralın qolları arasında gözlərini əbədi yumur.


Ey Türk, sən ey qəhrəman, igid oğlu Türklərin,
Şanlı, ulu babanın öyüdünü unutma!
Sən də yürü o yolu, ad çıxarsın əsgərin,
Ulular ardınca get, başqa bir yolu tutma!

Yolunu tanırdılar bir müzəffər yol kimi,
Tarixlərdə həp sənin rəşadətin, hünərin.
Avropanın önündə neçin oldun qul kimi,
Harda qaldı şöhrətin, harda qaldı zəfərin?

Ülvi duyğular versin Türkün həssas qəlbinə
Hörmət-izzət aldırsın böyük Turan elinə,
Səmalardan seçilməz Türkün mavi bayrağı,
Pəmbə əski şanı ilə Türk yurduna dikilsin.

Yüz illərcə əzildin, ayaqlandın yetər, keç,
Yüz illərlə ağlarsan, eşidilməz də səsin.
Yüz illərcə dərdi-sərin duyulmadı nədən, heç,
Sən şimdi oyan, hayqır, bitməmişkən nəfəsin!

Qafqazdakı ən ulu, başı qarlı o dağlar,
Sənin müzəffər adın, şərqin ilə tanınsın.
Səni vəhşi tanıyan o "mədəni" canavar,
Məğlub olsun, xar olsun, intiqamlar alınsın
Türk bayrağı o zaman göy üzündə parıldar.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26