Diqqət! Məktəbəhazırlıq qruplarında oxuyanların I sinfə qəbul üçün müraciət etməsinə ehtiyac yoxdur
Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin övladlarının I sinfə qəbul üzrə yenidən sorğu yerləşdirməsinə ehtiyac yoxdur.
Bunu Trend-ə Bakı Şəhəri üzrə Təhsil Idarəsinin sektor müdiri Bəşarət Məmmədov bildirib .
O qeyd edib ki, bu il ilk dəfə olaraq, məktəbəhazırlıq qrupunda təhsil alan uşaqlar üçün sistem tərəfindən təhsil aldığı məktəb və müəllim avtomatik seçilib: "Məhz bu qaydanın tətbiqi məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərini əlavə qayğılardan azad edib. Belə ki, məktəbəhazırlıq qruplarındakı 24 000-dən çox uşaq avtomatık I sinfə qəbul üzrə qeydə alınıb. Odur ki, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynləri rahat ola bilərlər. Həmin valideynlərin məktəbəhazırlıq qrupunda oxuyan övladı üçün yenidən I sinfə qəbul üzrə sorğu yerləşdirməsinə ehtiyac yoxdur".
B.Məmmədov deyib ki , martın 6-na (saat 18:30) olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 36 058 sorğu yerləşdirilib.
Onlardan 33 371-i ümumi təhsil məktəblərini, 2 687-i isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 70 faizindən çoxdur.
B.Məmmədovun sözlərinə görə, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir. 22 fevral-15 sentyabr tarixlərini əhatə edən elektron ərizələrin qeydiyyatı prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər. Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhərinin hər inzibati rayonunda I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək məqsədilə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə (https://baku.edu.gov.az/az/page/276) müraciət edə bilərlər.
Sektor müdiri bildirib ki , I sinfə şagird qəbulu prosesində qeydiyyat və sənəd qəbulu prosesində araşdırmaya ehtiyac olan məsələlərin həlli məqsədilə Bakı şəhəri üzrə 6 ümumi təhsil müəssisəsində Apelyasiya Komissiyaları (https://baku.edu.gov.az/az/page/277) fəaliyyət göstərir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən mektebeqebul.edu.az saytının istifadəçiləri üçün elektron sistem vasitəsilə uşaqların I sinfə şagird qəbulu barədə videotəlimat (https://www.youtube.com/watch?time_continue=1&v=KRMGV9hTHq8) hazırlanıb.
Onu da qeyd edək ki, 2018-2019-cu tədris ili üçün Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonlarında da uşaqların I sinfə qəbulu elektron qaydada aparılacaq. Bu rayon və şəhərlərdə ərizələrin onlayn qeydiyyatı prosesinə martın 12-dən start veriləcək.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26