“Alpinistlərin tapılması getdikcə çətinləşir” - Nazirlikdən texnika tələb olundu
Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxan "Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun itkin düşməsindən 41 gün keçir. Təəssüf ki, alpinistlərin axtarışı bir nəticə verməyib.
Axtarışların ilk günlərindən hadisə yerində olan peşəkar dağçı, "Everest İdman Klubu”nun baş direktoru Rusif Bağırov BakuPost-a müsahibəsində bir çox maraqlı məsələlərə toxunub və aidiyəti qurumlara çağırış edib:
-Artıq hadisədən 40 gün keçməsinə baxmayaraq FHN, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılan bütün axtarışlar nəticəsiz qalıb. Bu müddət ərzində ərazidə müxtəlif alpinist qruplar da olub, lakin göründüyü kimi, nəticə yoxdur. Ən son ölkə xaricindən gətirilmiş cihaz da lazımi effekti vermədi. Çünki ərazidə qar lavinası çox böyükdür. Hələ ilk günlərdə bu lavina böyük bir ərazini əhatə edirdi. Təsəvvür edin, hadisədən sonra əraziyə yağan qar da onun üstünə gəlib. Bu, təxminən o lavinanın yarısı qədər də qarın əlavə olunması deməkdir və 40 gündür, bütün səylər nəticəsiz qalıb.
İlk günlərdə demişdim ki, belə axtarışlarla nəticənin əldə olunması qeyri-mümkündür. Deyirdim, aidiyyəti qurumlar müdaxilə etsin, əraziyə 2 ədəd kon, ekskovator traktor göndərilsin. Mən əraziyə ən son baxış keçirdiyim zaman orada təhlükə ola biləcək hər hansı 2-ci lavina yox idi. Yenə də hər ehtimala qarşı effektli dinamik partlayıcılardan istifadə edib, texnikanın orada işləməsini bir an öncə təmin etmək lazımdır. Vaxt keçdikcə daha da çətinləşəcək. Orada istifadə olunan şupların artıq effekt verməsi mümkün deyil, çünki qarın alt təbəqəsi donur və buzlaşır.
Bəziləri deyir, yayı gözləmək lazımdır. Onlar başa düşmürlər ki, yay gələnə kimi həmin lavina donur, buzlaşır və baharın ilk aylarında orada qum sürüşmələri olur. O qum sürüşmələri hazırda orda olan lavinanın üstünü örtür və o, buzlaşıb qalır, ərimir. Onda o buzları kim qıracaq, necə qıracaq?
Bu fotoya diqqət edin.
Həmin ərazidir. İllər öncəki lavinadır. Qum sürüşmələri və ora buzlaşaraq qalıb. Və bu buzlaşan lavina ard-arda quraq keçən illərdə bir az əriyir, bu cür yarğanlar əmələ gəlir. Bu o deməkdir ki, hazırda oradakı lavinanın bir yay içərisində ərizməsi qeyri-mümkündür. Heç kim də buna zəmanət verə bilməz.
Nə qədər ki, qar bərkimiyib, bütün vasitələrdən istifadə olunmalıdır. Təcili şəkildə əraziyə texnika göndərilməlidir, indi nə qədər yerdə texnika işləyə bilər, orada texnika işlətmək, qarı təmizlətmək lazımdır. Qalan yerlərə, yuxarı şəlalənin alt tərəflərinə isə imkan daxilində canlı qüvvə səfərbər etmək lazımdır.
Abid Şərifov açıqlamasında deyib ki, "ağıllısınızsa, təklifinizi verin, icra edək”. Mən bu təklifi dəfələrlə səsləndirmişəm, aidiyyəti qurumlara çatdırmışam, ancaq onlar bilmirəm hələ də nəyi fikirləşirlər. Başa düşmək lazımdır ki, texnika olmadan orda bir nəticə əldə olunması çətindir
Vaxt itirmək lazım deyil. Vəziyyəti ciddiyə almaq lazımdır. Oturub orda yuxarıda yaranan lavinanin gəlməsini gözləmək olmaz. O lavinanı təcili salıb işləmək lazımdır. Alpinistlərin sözügedən lavinanın altında olmaları dəqiq deyil. Sadəcə göstərilən faktların orada olduqlarını təsdiq edən böyük ehtimaldır. Oranı təcili şəkildə yekunlaşdırmaq lazımdır. Ordan çıxmasalar, digər variantları dəyərləndirməli və tədbirlərin başlamasını təmin etməlidirlər. Ora texnika hökmən verilməlidir, əks halda bir nəticənin əldə edilməsi həm çətin, həm də vaxt aparacaq, buna isə hava şəraitinin imkan verib-verməyəcəyi məlum deyil.
-Siz ora hansı texnikanın cəlb olunmasını təklif edirsiniz?
-Kon, ekskovator.
-Bu texnikanın həmin ərazidə işləməsi mümkündürmü?
-Əlbəttə mümkündür, bunu təklif edəndə, mümkünlüyünü dəyərləndirmişik, daha sonra səsləndirmişik.
- Aidiyyəti qurumlarda da kifayət qədər peşəkar adamlar var. Nə əcəb bu, onların ağlına gəlməyib?
-Mən bu texnikanın ilk günlərdən gətirilməli olduğunu dedim. Məndən sonra ora gələn mütəxəssislər də təkrarladılar. Əraziyə ən son baxış keçirən dünyaca məşhur azərbaycanlı alpinist İsrafil Aşurlu da bunu təklif etdi.
-Bəs nə deyib etmirlər?
-Niyə etmədiklərinə dair heç bir məlumatım yoxdur.
-Hazırda orada nə iş görürlər? Axtarış-xilasetmə tədbirləri nədən ibarətdir?
-Hazırda FHN və ETSN-nin əməkdaşları var. Şuplarla işləyirlər. Bu da bir nəticə verməyəcək. Çünki qar həddindən artıq çoxdur.
-Qarın qalınlığı təxminən nə qədərdir? Sizin şübhələndiyiniz yer, yəni qazılmalı olan ərazinin ölçüsü nə qədərdir?
- Elə yerlər var, 4-5 metrdir. Elə yerlər də var ki, yuxarı dib tərəflər kimi, oralar daha qalındır. Qarın hündürlüyü 5-8 metrə çatır. Hazırda axtarışlar elə orada gedir. Lavinanın uzunluğu təxminən 400 metrə, eni isə 40-50 metrə çatır.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26