Interposta.Info

“İRANIN MOLLA REJİMİ DÜŞMƏNİMİZİN YAXIN DOSTUDUR”

Müxtəlif
 8-01-2018, 13:35     10 267


Şimali Qafqaz üzrə ekspert Müqəddəs Mehdiyevdən İrana yönəlik sərt ittihamlar

"XeberBiz" Müqəddəs Mehdiyevin müsahibəsini təqdim edir

Sual: Bizə daxil olan məlumatlara görə, “Şimal xəbərləri”nin İranda baş verən hadisələrə geniş yer ayırması bəzilərinin xoşuna gəlməyib.

Belə hallar var. Bizə irad tuturlar ki, İranda baş verən etiraz aksiyalarına geniş yer ayırırıq və dəstək veririk. Tamamilə yalnışdır. Qəzet olaraq qarşı tərəfin də mövqeyini işıqlandırır, tarazlığı qoruyub saxlamağa çalışırıq. Bu jurnalistikadan irəli gələn prinsipdir. Digər tərəfdən, baş verənlərə bir vətəndaş mövqeyi də var. Mənim fikirlərim bütövlükdə qəzetin yanaşması demək deyil. Münasibətim isə tam fərqlidir.

Sual:Sizdə İrandakı molla rejiminə qarşı sanki bir aqressiya hiss olunur.


Mən belə adlandırmazdım.Bu hadisələrdə bir çox millət-millət deyənlərin iç üzü açıldı. İranda otuz milyondan artıq azərbaycanlı yaşayır. Mən oradakı proseslərə necə biganə qala bilərəm? İkinci tərəfdən, heç kəsə sirr deyil ki, İranın molla rejimi düşmənimiz olan Ermənistanın çox yaxın dostudur. Bir dəfə görmədim ki, cənub qonşumuz çətin anlarımızda bizə dəstək olsun. İstər 20 Yanvar, istər Xocalı soyqırımı, istərsə də daşnakların törətdiyi digər vəhşiliklərə qarşı İran dost mövqeyi sərgiləsin. Suriyaya, Livana, Yəmənə və digər ölkələrdə baş verən proseslərə operativ şəkildə müdaxilə edən İran qonşuluğunda olan müsəlman dövlətin faciələrinə göz yumdu. Götürək Çeçenistanı. Burada yüz minlərlə müsəlman rus federalları tərəfindən qətlə yetirildi. İranın ali dini liderindən səs çıxmadı. Çünki bu əməli törədən yaxın dostu idi. ABŞ-a, İsrailə gəldikdə isə cənub qonşumuz onları müsəlmanların düşməni adlandırır. Mən heç də bununla adıçəkilən ölkələrin tutduqları siyasi mövqeyi dəstəkləmək fikrində deyiləm. Lakin qəti əminəm ki, İrandakı oyuncaq molla rejimi üçün dini mənsubiyyətin heç bir fərqi yoxdur. Saxtadırlar, ikiüzlüdürlər. Elə bilirlər ki, yeritdikləri xarici siyasəti heç kim dərk etmir. Əsla belə deyil. Bu yaxınlarda İran parlamentinin sədri Əli Laricani utanıb-qızarmadan bəyan etdi ki, İran regionda sülhün carçısıdır. Belə həyasızlıq olarmı? Mən İrana necə dost ölkə deyim? Erməni daşnaklarına güc və nəfəs verən, iqtisadi cəhətdən çökməyə qoymayan molla rejimi əslində şəhidlərimizin axıdılan qanı üçün məsuliyyət daşıyır və cavabdehdir. Aprel döyüşlərini xatırlayaq. Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatları nə Rusiyanı, nə də İranı qane etmədi. Haray saldılar ki, Azərbaycan savaşı dayandırsın. Axı Amerikadan və İsraildən fərqli olaraq İran bizim qonşumuzdur, bizi birləşdirən milli-mənəvi dəyərlər var. İran SEPAH-ı Suriyada İŞİD adı altında Bəşər Əsədə müxalifləri və dinc sakinləri qırdı, ən cəsur generallarını belə qurban verməkdən çəkinmədi. Amma qulağının dibində azərbaycanlılara qarşı qətliam törədən ermənilərə güllə atmağa qıymadı. Çox misal çəkə bilərəm. Molla rejimi onsuz da siyasi səhnədən silinəcək. Bəli, mən nümayişçiləri və onların tələblərini dəstəkləyirəm. Allahın adı ilə alver edənlər ən kəskin etirazlara və nifrətə layiqdirlər.
“İRANIN MOLLA REJİMİ DÜŞMƏNİMİZİN YAXIN DOSTUDUR”

Sual: Bəs İranda yaşayan azərbaycanlıların mövqeyi sizi qane edirmi?


Qətiyyən yox. İndi bu məsələdə fikirlər haçalanıb. İranın cənubundan və Azərbaycandan olan bəzi siyasətçilər iddia edirlər ki, soydaşlarımız molla rejiminə qarşı çıxmamaqda haqlıdırlar. Guya bu yolla güzəşt əldə edəcəklər. Əsla belə deyil. Heç bir güzəşt olmayacaq. Bir-iki kosmetik qərar otuz milyondan çox soydaşımızın problemini köklü şəkildə həll edə bilməz. İndi belə çıxır ki, azərbaycanlılar molla rejiminin tərəfdarlarıdırlar. Bu da dünyada millətimiz haqqında mənfi imic yaradır. İran təkcə azərbaycanlılardan da ibarət deyil. Burada yaşayan demək olar ki, bütün xalqlar Xamneyi rejiminə, dinin siyasi alətə çevrilməsinə qarşı səslərini qaldırıblar.

Bunun nəyi pisdir ki? Məgər düz demirlər?

Sual: Amma qardaş Türkiyə də İranın molla rejiminin yanında olduğunu dedi.

Mən başa düşürəm ki, ABŞ və Qərb Rusiya-İran-Türkiyə üçlüyünü dağıtmaq istəyir. Bu tamam başqa məsələdir. Türkiyənin adının İran və Rusiya ilə qoşa çəkilməsinin özü belə insanda ikrah hissi yaradır. Yeri gəlmişkən, mən Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğanla da bağlı fikirlərimi bölüşmək istəyirəm. Çoxları mənə irad tutsa da bu şəxsin yeritdiyi siyasəti bəyənmirəm. Gəlin keçmişi yada salaq. Bir neçə il bundan əvvəl R.T. Ərdoğan kürd açılımından danışırdı. Hamını inandırmağa çalışırdı ki, guya problemi bu yolla həll edəcək. Bəs axırı nə oldu? PKK-dan da güclü kürd terror təşkilatları yarandı. Və yaxud götürək Sürix protokollarını. Söhbət 10 oktyabr 2009-cu ildə İsveçrənin vasitəçiliyi ilə Sürix şəhərində Ermənistanın və Türkiyənin xarici işlər nazirləri Edvard Nalbəndyan və Əhməd Davudoğlu tərəfindən imzalanan protokollardan gedir. Azərbaycanın xəbəri olmadan imzalanan həmin protokollar Türkiyə-Ermənistan sərhədlərinin açılmasını özündə ehtiva edirdi. Bu nə demək idi? Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin məsələyə sərt mövqeyindən və xalqlarımızın təpkisindən sonra Türkiyə iqtidarı geri çəkildi. Yoxsa rüsvayçı bir tarixi prosesin şahidi olacaqdıq. Suriyada müharibə başlayanda Ərdoğan hakimiyyəti əvvəlcə Bəşər Əsədə düşmən dedi, müxalifləri dəstəklədi. Bəs necə oldu ki, Rusiya və İranla yaxınlaşandan sonra mövqe dəyişildi? Deyə bilərlər ki, belə münasibət Türkiyədə baş vermiş dövlət çevrilişi cəhdindən sonra yarandı. Lakin nə dəxli var? Elə əvvəlcədən Türkiyə Bəşər Əsədə dəstək verdiyini bəyan edib Suriyadakı xaosun qarşısını müəyyən qədər ala bilməzdi? Ərdoğan belə cəsarətlidirsə öz ölkəsinin NATO-dan çıxdığını birmənalı bəyan etsin. Onun siyasi manevrləri tükənib. Bu gün dediyini sabah təkzib edir. Ona görə də Türkiyə iqtidarının konkret olaraq hansı siyasi xətt yürütdüyünü demək çətindir. Bilinən bircə budur ki, Ərdoğan iqtidarı yavaş-yavaş İranın molla rejiminin dalınca sürünür. Bu ölkədə şəriət qanunları az qala dövlət qanunlarına çevrilməkdədir. Biz 21-ci əsrdə yaşayırıq. Müasir texnologiyalar dövründə insanları cəhalətə sürükləmək özü bir köklü yalnışlıqdır. İstər müsəlman, istər xristian ölkəsi olsun, fərqi yoxdur, dini siyasətə gətirib hakimiyyət quranların aqibəti yaxşı bitməyəcək. Yeri gəlmişkən bir məsələyə də toxunum. FETÖ hadisəsindən sonra Azərbaycanın müəyyən mətbu orqanlarında Ərdoğanın əleyhinə ehtiyatla yazırlar. Sanki bəziləri öz-özlərinə senzura tətbiq ediblər. Niyə Azərbaycan iqtidarının əleyhinə yazmaq olar, amma Ərdoğandan və yaxud İranın molla rejimindən bəhs etmək olmaz?

Sual: Hamı bilir ki, İranda ali dini rəhbərliklə prezident arasında müəyyən fikir ayrılıqları var. Mühafizəkarlar və liberallar İranın gələcəyi haqqında fərqli düşünürlər. Sizcə, molla rejimi hakimiyyətdən getsə bir dəyişiklik yaranarmı?


Əslində, hər ikisi biri-birini tamamlayır. Ola bilsin ki, liberallar bir qədər açıq dünyagörüşlüdürlər. Lakin bu İran siyasətinin ana xəttinə təsir etməyəcək. Yenə qayıdıram düşmənimiz Ermənistanla İranın münasibətlərinə. Bu ölkə prezidentinin cəllad Serj Sarkisyanla görüşməsinə diqqət yetirin. Sanki biri-birindən ayrı düşən əkiz qardaşdırlar. Ümumiyyətlə, istər şah, istərsə də molla rejimi dövründə ermənilər İran üçün daim azərbaycanlılardan öndə olublar. Sovetlər Birliyi dağıldıqdan sonra İran Azərbaycanın müstəqilliyindən vahimələnib. Bu ölkənin başbilənləri hesab edirlər ki, bizim suverenliyimiz guya onlar üçün təhdiddir. Əsas məsələ də bundadır. Ona görə də İranda hansı rejim hakimiyyət başına gəlirsə-gəlsin fərqi yoxdur, daim ehtiyatımızı görməliyik. İran hər zaman çalışacaq ki, Azərbaycan qeyri-stabil bir ölkəyə çevrilsin. Digər tərəfdən, torpaqlarımızın iyirmi faizinin işğal altında qalması bu ölkəni qətiyyən narahat etmir. Çünki belə olan halda müharibə hər an baş qaldıra bilər. Əslində cənub qonşumuz Qarabağ münaqişəsindən təzyiq rıçaqı kimi istifadə edir. Əgər belə deyilsə, niyə azərbaycanlılar Suriyaya və Yəmənə döyüşməyə göndərilirlər, ağızlarının içindəki əsl düşməni isə görmürlər? Çünki fars-molla rejiminin apardığı siyasət İranda yaşayan azərbaycanlıların müəyyən hissəsini milli özünüdərkdən uzaqlaşdırıb.

Sual: Sizcə, İrandakı molla rejiminin aqibəti necə olacaq? BMT Təhlükəsizlik Şurasının son iclasının vəziyyətə təsiri olacaqmı?

Mən bu suala cavab vermişəm. Proqnoz vermək çox çətindir. Lakin gec-tez molla rejimi rüsvaycasına yox olacaq. Bunu Allah və bir də bu rejimin mənfur siyasətini sırıdığı İran xalqı edəcək.O ki qaldı, BMT Təhlükəsizlik Şurasının son iclasına, vaxtı çatanda onun təsirini görəcəksiniz.

Müsahibəyə görə sağ olun./“Şimal xəbərləri”

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26