Interposta.Info

Qoca hardan və necə qaçmışdı? -

Müxtəlif
 30-11-2017, 09:13     10 534

Oktyabrın 23-də rayondan Bakıya etap edilən zaman Biləcəri dəmir yolu stansiyasından qaçdığı deyilən və sonra xüsusi əməliyyat zamanı öldürülən “Qoca” ləqəbli Etibar Məmmədov və onunla birgə olan Əli Ağaminin həmin gün ümumiyyətlə məhbusları Lənkərandan Bakıya gətirən qatarda olmadıqları iddiası rezonans doğurub.

İddiaya görə, Qoca Bakıdan məhkəməsinin keçirildiyi Lənkəran şəhərinə məhkumlar üçün nəzərdə tutulmuş xüsusi qatarda deyil, şəxsi avtomobildə gedib. Lənkəranda məhkəmə bitdikdən sonra da o və Ə.Ağami Bakıya avtomobildə qayıdırmış. Razılaşmaya əsasən də onlar qatara Bakıya çatmamış - Biləcəridə minməli imişlər. Amma onlar vəd edilən vaxt gəlib çıxmayıblar. Sonra isə onların qaçdıqları məlum olub. Bir müddət sonra Ə.Ağami Şirvanda həbs edilib. E.Məmmədov isə əməliyyat zamanı öldürülüb. Avtoritetlərin xüsusi tipli vaqondan qaçmasına görə Penitensiar Xidmətin bir neçə işçisi, habelə bu cinayətdə iştirakı olan Günay Atakişiyeva və Fədayə Laçın tutulub.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, ədliyyə polkovniki Mehman Sadıqov “Yeni Müsavat”ın sorğusuna cavab olaraq səsləndirilən iddialarla bağlı bildirib ki, dustaqlar Lənkərana planlı konvoyla aparılıb:

“Həmin rayondakı məhkəmə keçirilən binaya dustaqlar Bakıda planlı konvoyun nəzarəti altında aparılıblar. Geri qayıdanda isə əməkdaşlarımızın səhlənkarlığı nəticəsində onların qaçması mümkün olub. Yayılan məlumatlar yanlışdır. İstintaq altında olan həmin dustaqlar planlı konvoyun nəzarəti altında xüsusi vaqonla qeyd edilən məhkəmə binasına aparılıblar. Və qayıdanda əməkdaşlarımızın diqqətsizliyi nəticəsində onların qaçışı mümkün olub”.

Qeyd edək ki, xüsusi təyinatlı vaqondan qaçan 2 məhbusa görə saxlanılan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov (Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanovun bacısı oğludur), qarovul rəisinin müavinləri Fuad Hacıyev və Tural Poladxanova qarşı yeni ittiham irəli sürülüb. Onlar Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma, təkrar törədildikdə) maddəsi ilə də təqsirli bilinirlər. Onların barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 304.2.1 və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26