Interposta.Info

İntiharların səbəbləri niyə açıqlanmır?

Müxtəlif
 17-10-2017, 23:29     8 694

Hüquq-mühafizə orqanları intiharlarla bağlı cinayət işi qaldırsalar da, nəticəsi barədə ictimaiyyət məlumatlandırılmır

“İnterAz-ın məlumatına görə, hadisə fevralın 14-də paytaxtın Xətai rayonunda qeydə alınıb. 1998-ci il təvəllüdlü Mirzəyev Röyal Musa oğlu İbrahimov küçəsi, 41 ünvanında, yaşadığı binanın həyətində özünü asaraq intihar edib. İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.”

Bu az qala hər gün rastlaşdığımız və adiləşmiş sıradan xəbərlərdən biridir. Sadəcə oxuyub yazını bağlayırıq. Lakin intiharlar ara vermir. Ağsaqqallar və ağbirçəklər, gənc oğlan və qızlar, yeniyetmələr, hətta məktəblilər arasında da özünə qəsd etmək halları artmaqdadır. Psixoloqlar, həkimlər, müxtəlif QHT təmsilçiləri bu barədə uzun-uzadı şərhlər verirlər. Di gəl ki, intiharların əsl səbəbləri naməlum olaraq qalır. Onda bütün məsuliyyət hüquq-mühafizə orqanlarının üzərinə düşür. Hər dəfə yazılır ki, filan intiharla bağlı cinayət işi qaldırılıb və araşdırma gedir. Bəzən də qeyd olunur ki, özünü öldürmə həddinə çatdırma maddəsi ilə proses davam etdirilir. Bəs sonra? Hə, elə sonrası maraqlıdır. Tutaq ki, intihar edən binəvaların içərisində beş-altı nəfər ruhi və ağır xəstədir və yaxud psixoloji problemləri var. Məgər özünə qəsd edənlərin hamısı dəlidir? Bir də görürsən ki, hər cəhətdən normal bir insan özünə qəsd etdi. Yaxşı, buna nə ad qoyaq? Kim həmin adamı özünü öldürməyə məcbur etdi? Olmazmı ki, prokurorluq orqanları hər bir intihara fərdi qaydada yanaşıb səbəbi haqqında ictimaiyyətə məlumat versinlər. Ən azından bilək ki, insan niyə özünə qəsd etmişdi. Belədə il ərzində baş verən intiharlar barəsində müəyyən bir fikir söyləmək mümkündür. Cəmiyyəti narahat edən və gündən-günə artan özünəqəsdlərin səbəblərini aradan qaldırmaq üçün hansısa yol seçmək olar.

Cəmiyyət də, intihar edənlərin ailə üzvləri də etinasızdırlar. Bəzən adama elə gəlir ki, intihar edənin yaxınları bunun səbəbini bilməmiş deyillər. Sadəcə dərin araşdırmalar aparılmır. Ola bilsin səhv edirəm. Lakin mənə on intihar hadisəsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilən şəxsin adını açıqlayın. Bəlkə də var, bilmirəm. Hər halda olsaydı, mətbuatın diqqətindən kənarda qalmazdı.

Yaşadığı evin tavanından, həyətdəki tikilidən və yaxud ağacdan, iş yerində, qarajda və daha haralarda intiharlar baş vermir ki? Hələ özlərini damlardan və körpülərdən atanları demirəm. Nə baş verir axı? Kütləvi psixozmu var? Yoxsa cəmiyyət depression hala düşür? Nədən insanlar öz canlarına belə asanlıqla qıya bilirlər? Bu yolun bir sonu yoxdurmu? Suallar düşündürücüdür. Sanki biz kütləvi laqeydlik xəstəliyinə tutulmuşuq. Başımız o qədər məişət səviyyəli işlərə qarışıb ki, ətrafımızda cərəyan edən hadisələri görmürük. Bu da təhlükəli sindromdur.

Allah da bizə göndərdiyi müqəddəs Qurani-Kərimdə insanlara intihar etməyi qadağan edib. Bunu bilməyən yoxdur. Lakin yenə də proses dayanmır, onu durduran da tapılmır. Elə bir jurnalist kimi mən də intiharlarla bağlı bir suala cavab axtarıram: Kimdir günahkar?
“Şimal xəbərləri” qəzetinin baş redaktoru

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26