Interposta.Info

“Məndə də alınmadı, gör sən nə edirsən...”

Müxtəlif
 26-08-2017, 07:28     10 456

ABŞ-ın Minsk Qrupundakı keçmiş həmsədri xələfinə nə miras qoydu

“Rusiya və Ermənistan prezidentlərinin görüşündən sonra ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqlandın münaqişənini həlliylə bağlı fikirləri o mənada əhəmiyyətlidir ki, onun dedikləri faktiki Azərbaycanın da dəstəklədiyi münaqişənin “mərhələli həll“ variantını ehtiva edir”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bu fikirləri ABŞ-ın Minsk Qrupundakı sabiq həmsədri Riçard Hoqlandın son açıqlaması barədə “Yeni Müsavat”a danışarkən söylədi. Qeyd edək ki, diplomat fəaliyyətini yekunlaşdırdığı ərəfədə masadakı məxfi Qarabağ sənədini ictimailəşdirməklə çoxlarını təəccübləndirib. Sənəddə işğal edilmiş ərazilər üzərində Azərbaycanın suverenliyinin qeyd-şərtsiz bərpasından söhbət getsə də, yenə referendum ideyasından bəhs olunur. Hələlik nə Bakı, nə də İrəvan məsələyə rəsmi münasibət bildirməyib.

E.Şahinoğlu isə diplomatın açıqladığı müddəaları aşağıdakı kimi şərh etdi:
“Birincisi, amerikalı diplomat deyib ki, Dağlıq Qarabağ ətrafındakı ərazilər boşaldılmalıdır. İkincisi, bölgəyə sülhməramlı qüvvələr yerləşdirilməlir. Bu da çox vacib bənddir. Çünki geri qayıdan azərbaycanlılar təhlükəsizliklərinə təminat almalıdırlar. Üçüncüsü, Hoqland Dağlıq deyib ki, Qarabağa aralıq status verilməlidir. Rəsmi Bakı bu təklifə də etiraz etmir. Ancaq ən başlıcası amerikalı diplomatın statusla bağlı dediyi fikirdir, çünki münaqişənin indiyə qədər həll olunmaması məhz bu detalla bağlıdır”. E.Şahinoğlu amerikalı diplomatın sözlərini belə şərh edir ki, o, yekun statusun qarşılıqlı anlaşma yolu ilə müəyyənləşməsini təklif edir: “Azərbaycan buna etiraz etmir. Yəni hər zaman deyilib ki, əvvəlcə imkan verin azərbaycanlılar qayıtsınlar və ermənilərlə keçmişdə olduğu birgə yaşayış imkanları bərpa olunsun, insanlar arasında mümkün qədər inam atmosferi formalaşsın, bundan sonra bölgənin yekun statusu haqında danışmaq olar. Problem ondadır ki, İrəvan hər zaman “arabanı atın önünə çıxarmağa” çalışır, bu da danışıqları hər zaman dalana dirəyir. İrəvan tələb edir ki, bölgənin statusunu müəyyənləşdirəcək referendum tarixi bəri başdan sülh anlaşmasında qeyd olunsun”.

Politoloq qeyd etdi ki, Azərbaycan bununla heç bir halda razılaşa bilməz:
“Bu, sonrakı müzakirələrin predmetidir. Əlbəttə, amerikalı həmsədrin “mərhələli həll“ planını dəstəkləməsi sevindirici haldır. Bunu ondan əvvəlki amerikalı həmsədr Ceyms Uorlik də deyirdi. O da bir neçə dəfə söyləmişdi ki, ilkin olaraq işğal altındakı torpaqlar boşaldılmalıdır. Problem ondadır ki, bu deyilənləri İrəvana kim qəbul etdirəcək? Vaşinqton Qarabağ problemi ilə sıx məşğul olmur, Kreml isə “mərhələli həll“ planına Ermənistan hakimiyyətinin prizmasından yanaşır”.

E.Şahinoğlu yeni amerikalı həmsədrdən gözləntilərini də bölüşdü:
“ABŞ-ın ATƏT-in Minsk Qrupundakı yeni həmsədri Endryu Şofer olacaq. O gələn həftədən işinin başına keçəcək. Bu illərdə Minsk Qrupu həmsədr ölkələrindən onlarla diplomat bu vəzifədə çalışdı, yığışdılar, ildə bir-iki dəfə bölgəyə səfərlər etdilər. Nəticə ortadadır. Əslində bir diplomatın üzərinə düşən missiyanı yerinə yetirə bilməməsi onun karyerasına mənfi təsir etməlidir. Ancaq illərdir bu dəyişən həmsədrlərə baxdıqda mənə elə gəlir ki, münaqişənin həllinin uzanması onların heç vecinə də deyil, bunun karyeralarına mənfi təsir olmayacağı qənaətindədirlər.

Həmsədrlərin içində ən fəalı Metyu Brayza idi, münaqişənin səbəb və nəticələri haqqında son dərəcə bilgili idi, işinə fəal başladı, ancaq o da bacarmadı. Çünki, ədalət naminə onu da deməliyik ki, bu iş onlarlıq deyil. Gərək başlarının üstlərində dayanan şəxslər onlara ”münaqişəni həll edin, bu bizə lazımdır” deyə ki, bundan sonra onlar qollarını çırmalayıb işğala son qoyan planı Ermənistana qəbul etdirələr. O ki qaldı, ATƏT-in Minsk Qrupundakı həmsədr vəzifəsiylə sağollaşan amerikalı diplomat Riçard Hoqlanda o etstafeti Endryu Şoferə təhvil verərkən yəqin bu cümləni işlədəcək: “Məndə də alınmadı, gör sən nə edirsən...””

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26