Interposta.Info

“İŞİD bomba yağdırırdı, ata-anam öldü, biz qaçdıq…” -

Müxtəlif
 23-06-2017, 11:13     825


Qardaş ölkənin sahib çıxdığı İraq və Suriya qaçqınları ilə bir neçə saat; “Evimiz üçün çox darıxıram, amma gedə bilmirəm. Deyirlər orada İŞİD var…”

Paytaxt Ankaranın 420 km-liyindəki Qaziantepə gecəyarı uçan təyyarəmizin texniki səbəblərdən gecikməsi, daha sonra Qaziantep hava limanından Kahramanmaraşa doğru davam edən avtobus yolçuluğumuzdan sonra demək olar ki, dincəlməyə zaman qalmadı. Çünki cəmi bir neçə saat sonra Kahramanmaraş valiliyindəki Geçici qonaqlama mərkəzində - qaçqın şəhərciyində nümayəndə heyətimizi - dünyanın 32 ölkəsindən gəlmiş 64 media təmsilçisini gözləyirdilər.

Avtobusla davam edən səhər yolçuluğumuzun sona çatdığı qaçqın şəhərciyində gördüklərimiz isə bizə yol yorğunluğunu unutdurdu. İŞİD dəhşətlərinin şahidi olmuş insanların, xüsusilə də bir-birindən gözəl uşaqların yaşadıqlarının yanında bizim bir gecəlik yorğunluğumuz nədir ki? Bu barədə bir az sonra...

Kahramanmaraşdakı qaçqın şəhərciyində Türkiyəyə sığınan 3 milyard yarımlıq Suriya və İraq qaçqınlarının çox az bir qismi məskunlaşdırılıb. Onların sayı hazırda 23 mindən bir az artıqdır. Dünyanın “mənəm-mənəm” deyən ölkələrinin qaçqın problemindən yaxa qurtarmaq üçün çeşidli oyunlar qurduğu bir zamanda Türkiyə növbəti dəfə comərdlik nümayiş etdirərək milyonlarla insana təkbaşına sahib çıxıb, hətta onlara “qaçqın”, ya “köçkün” də demir ki, qəlblərinə toxunar, “müsafirimiz” deyirlər…

Üzərindən Türkiyənin ay-ulduzlu bayraqları asılmış şəhərcik səliqə-səhmanı ilə göz oxşayır. Yurd-yuvalarını itirmiş insanların yerləşdirilməsi üçün gərəkəni artıqlaması ilə həyata keçirən Türkiyə Nazirlər Kabineti yanında Təbii Fəlakət və Fövqəladə Hallar İdarəsinin (AFAD) əməkdaşları buradakı insanlarla doğmaları kimi davranır. Eynilər də təhlükəsizlik xidməti işçiləri…

Kahramanmaraş Dulkadıroğlu rayonu icra nümayəndəsi, həm də düşərgənin rəhbəri (kaymakamı) Mehmet Türköz media mənsublarını rəhbərlik etdiyi şəxslərlə bərabər qarşıladı. Yüksək sayğı ilə qəbul edilən jurnalistlər üçün toplantı zalında geniş mətbuat konfransı təşkil olundu.

Mehmet Türközün dediyinə görə, bu bölgəyə Suriyadan ilk qaçqınlar 2012-ci ilin avqustunda gəlib: “2012-ci ildə ilk olaraq 9 min nəfər gəldi, amma sonra onların sayı 18 minə çatdı. Öncə həmin insanları məktəblərdə yerləşdirdik. Daha sonra isə bu düşərgədən əvvəl mövcud olan çadır düşərgələrində yerləşdirildilər. Konteynerlərdən ibarət olan bu düşərgə 2016-cı ildə tikilib başa çatdırıldı və müsafirlərimizin məskəninə çevrildi”.

Çox böyük ərazini əhatə edən düşərgədə 5008 konteyner var. Məktəblərin sayı isə 96-dır. İnsanların bütün zəruri ehtiyacları nəzərə alınıb, hətta 2 məsçid tikildiyi halda, üçüncüsü də inşa olunur. Bundan əlavə, 3 market, depo binası, xəstəxana, iclas salonu, uşaq evləri, 8 uşaq meydançası tikilərək istifadəyə verilib. Burada yaşayan qaçqınların 18.519 min nəfəri suriyalı, 5368-I isə İraq türkmənləridir. 2012-ci ildən üst-üstə 37 min suriyalı buraya gəlsə də, hazırda cəmi 23.897 qaçqın düşərgədə məskunlaşıb. Qalan insanlar isə ya Suriyaya dönüb, ya da Türkiyənin digər düşərgələrinə dağılışıblar. 2012-2017-ci illərdə 1704 nəfər düşərgəni tərk edərək ölkəsinə, azad olunmuş ərazilərə dönüb.
Mehmet Türköz burada yaşayan insanların sayının artımına da diqqət çəkdi. Belə ki, qısa müddətdə düşərgədə 2528 yeni körpə doğulub. Dünyasını dəyişənlərin sayı isə 174 nəfərdir. Düşərgədə yaşayanların cəmi 3 faizi 60 yaş və ondan yuxarı olanlardır. Bu da ondan xəbər verir ki, müharibə dəhşətləri, ondan qabaq Əsəd rejiminin zülümləri insanların uzun ömür yaşamaq arzusunu ürəyində qoyub.

Qaçqın düşərgəsindəki məktəblərdə 7606 nəfər şagird təhdil alır. İndiyədək burada 18 kurs açılıb. Kaymakam dedi ki, bu kurslarda əsas məqsəd insanlara öz dillərini, türk dilini, İslam dinini öyrətməkdir. Ötən müddətdə burada 234 Quran kursu açılıb.

Düşərgədə sağlıq mərkəzi və xəstəxana da fəaliyyət göstərir. Burada ikisi uzman olmaqla 3 həkim fəaliyyət göstərir. Təkcə 2017-ci ilin ilk yarısında düşərgədəki insanlara 69716 dəfə tibbi yardım göstəriliub. 2016-cı ildə isə bu rəqəm 144859 olub.

Bəs, Türkiyə hökuməti qaçqın düşərgələrində yaşayan insanların içərisinə terrorçu təşkilatlarla əlaqəsi olan, yaxud ölkənin içərilərində hər hansı zərərli qruplaşmalarla əlaqəyə girə biləcək insanların olmasından narahat deyilmi? Belə şəxslərin aşkarlanıb üzə çıxarılması üçün hansı tədbirlər görülür?

“Yeni Müsavat”ın əməkdaşının bununla bağlı sorğusuna cavab olaraq Mehmet Türköz bildirildi ki, indiyədək düşərgədə yaşayanlardan kiminsə terror olaylarında iştirakı olmayıb: “Biz burda yaşayanlarla bağlı narahat deyilik. İndiyədək burada bir bıçaqlanma hadisəsi olub, o da məişət zəminində baş verib. Yəni demək istəyirəm ki, burada yerləşdirilənlərin adı heç bir neqativ hadisələrdə hallanmayıb”.
Türkiyə hökuməti yalnız qaçqınlara yuxarıda sadalanan yardımları göstərmir. Hətta onların gündəlik xərclərini də düşünür. Marketlərdə alış-veriş edilməsi üçün qaçqınların kartlarına adambaşına 100 TL olmaqla əlavə vəsait yüklənir. Bu vəsaitin yarısını Türkiyə hökuməti, qalanını humanitar dünya təşkilatları ödəyir.

Maraqlısı budur ki, düşərgədə muxtar seçkisi də keçirilib və 28 kişi, 17 qadın rəhbər vəzifələrə seçilib. Ramazan bayramından sonra yeni seçkilər keçiriləcək.

M.Türköz bildirdi ki, düşərgədən giriş-çıxış sərbəstdir: “Amma düşərgəni tərk edənlərin axşam saat 10-da dönməsi gərəkdir”.

“Fırat Kalkanı” əməliyyatından sonra düşərgədən Avropa ölkələrinə gedənlərin sayına gəldikdə, rəsmi nümayəndə dedi ki, qaçqınların 290 nəfəri Almaniya, Fransa və digər ölkələrə üz tutub.

****

Türkiyə dövlətinin dünyaya nümunə ola biləcək nəşhəng işlərini əks etdirən çoxsaylı statistic rəqəmləri dinlədikdən sonra heyətimiz düşərgəni səyahətə başlayır. Bu zaman çoxsaylı uşaqları bizləri dövriyə alır. O qədər istiqanlı, mehribandırlar ki… Bir çoxlarının ayaqyalın olması diqqətimizi cəlb edir. Səbəbini soruşduqda birisi “belə yaxşıdır” deyir, digəri “itirməməkçün ayaqqabı geymirəm” söyləyir. 6 yaşlı Fatma isə şirin türkmən ləhcəsi ilə deyir ayaqqabılarını oğurlayırlar deyə, ayaqyalın gəzir. Rəsmi şəxslərdən biri bildirir ki, bu uşaqlar hərtərəfli təmin olunur, hətta oyuncaqlarına qədər, amma onlar ayaqyalın gəzməyə adət ediblər bura gələnədək. Maraqlıdır ki, türkmən cocuqlarla söhbətlərimizə ərəb uşaqlar da qoşulur və tək-tək türk sözlərini deyərək bizə durumlarını anlatmağa çalışırlar. Türk dilində kurslar keçən uşaqlar artıq yeni dil öyrənmək şansı da qazanıblar.

Ancaq bu uşaqların içərisində ürəyindən qara qanlar axanları da kifayət qədərdir. Divarın dibindəki kölgəyə çəkilib onlardan biri ilə həmsöhbət oluram.

12 yaşlı Həsən Məşədəni İraqın Ramadi şəhərindən, İŞİD-in əlindən qaçqın düşüb. Bu müharibə onun valideynlərini əlindən alıb, 5 qardaşı ilə yetim qalıblar. “3 il əvvəl atamı və anamı öldürdülər. İŞİD bomba yağdırırdı, onlar öldü, biz qaçdıq. 5 qardaşıq, hamımız burda yaşayırıq. Müharibəyə nifrət edirəm. Mənim ata-anamı əlimdən aldı”. Türkiyədəki durumundan razıdır. Amma… “Evimiz üçün çox darıxıram, amma gedə bilmirəm. Deyirlər orada İŞİD var”, söyləyir. Qardaşı Əhməd isə 24 yaşındadır. Ailəlidir, 2 uşağı var. Türkiyə dövlətindən çox razıdırlar. “Ailədə 8 nəfərik, 5 qardaş , gəlinimiz və 2 uşağıma görə ayda kartımıza 400 TL yüklənir, adambaşına 50 TL. Sağ olsun Türkiyə!”

14 yaşlı Abdusəlam Sulu isə Mosuldan qaçıb, 3 ildir buradadır. “İŞİD gəldi, təyyarə bombaladı, bütün insanlar qaçdı. İŞİD-ə lənət deyirəm”. 13 yaşlı Məhəmməd isə deyir ki, ata-anası sağdır, amma işi olmadığı üçün bütün günü evdə oturur. “İraqdakı qohumlarım var, amma bizim evimiz dağılıb. Biz İraqı sevirik, lakin İŞİD-ə lənət oxuyuruq. Biz artıq Türkiyənin əsgəriyik, amma Mosula dönmək istəyırəm”.
Düşərgədə 5 min nəfərdən bir az artıq İraq türkməni var. Min nəfər isə Suriya türkmənidir.

37 yaşlı Xənsə Heydər isə “Yeni Müsavat”ın əməkdaşına deyir ki, uzun müddət qan gölünə dönən türkmən yurdundan - İraqın Təlafər şəhərindən didərgin düşüb. Orada savaş var idi deyə, 3 il əvvəl Türkiyəyə gəldik. İŞİD-dən qaçdıq, bombalayırdılar evimizi. Təlafərdə bu gün də savaş var, yemək-içmək də yox. Allah Türkiyə dövlətindən razı olsun, bizə sahib çıxdı! 7 uşağım var, ataları xəstədir deyə, işləmir”.

Bu zavallı qadın yanındakı uşağını göstərib deyir ki, o da hələ ki, çarəsi tapılmayan xəstəliyə tutulub. “Heyə 6 yaşdadır, xəstəliyi var deyə, müalicə olunmasını istəyirəm. Çox xahiş edirəm yardımçı olun!” Bizim bu barədə səlahiyyətli şəxsləri məlumatlandırdıqdan sonra sağlıq kordinatoru Seklahəddin Abacı bildirdi ki, xəstə müayinə və müalicə üçün Tibb fakültəsinə göndəriləcək. “Biz özümüz də müayinə edirik, dərmanları isə AFAD verir. Amma gedib yazdığımız dərmanları almırlar. Görürsünüz, uşaqların hamsı yalın ayaqdır. AFAD hər şeyi verir, amma geyinmirlər”.

Təhsil koordinatoru Sənəm Görgəl deyir ki, 6 aydır burda çalışır: “Burada çaışmaq təbii ki, çətindir, amma faydalı ola bləcəyimizi düşünürəm deyə, mutluyam. Burada məktəblərdə 7200 şagird təhsil alır. Liseydə davamiyyət nisbətən az olur, uşaqlar işləməyə gedirlər deyə. Amma buranı bitirən 200 suriyalı məzun universitetlərə qəbul olub”.

Özəl təhlükəsizlik xidmətinin əməkdaşı Nevruz Günəş deyir xanım üçün bu sistemdə çalışmaq asan olmasa da, o, işini sevir: “Artıq 3-cü ildir burada çalışıram. Heç bir hadisə olmur, öz aralarında da heç nə baş vermir. Bunlar qaydaları daha yaxşı bilirlər. Artıq hamısı bir-birini tanıyır. Səhərlər çalışmaya gedənlər olur. Qayıdarkən bu insanların həm kartları araşdırılır, həm də bəlli saatlarda gəlmələri rica olunur. Düşərgədən çıxış qapıları səhər 05.30-da açılır, axşam isə son giriş 9-dur. Təbii ki, üzrlü səbəblərdən ondan sonra gələnlər də içəri buraxılır”.

Düşərgənin xəstəxanasında xəstələr növbə ilə müayinə olunur. Həkimlərdən Müzeyen Tusat ginekoloq olduğunu bildirir və maraqlı bir statistikanı açıqlayır: “2017-ci ildə burada 925 uşaq dünyaya gəlib, amma bir dənə də olsun ana ölümü qeydə alınmayıb. Artıq biz yerimizi Suriyalı doktorlara veririk. Ramazan bayramından sonrza biz bura işə gəlməyəcəyik. 7 uzman doktor, 7 tibb bacısı var. Suriyada tibbi təhsil almış bu adamlar Türkiyədə kurs keçdilər, sonra da burada işə başladılar”.

Hələbdən gəlmiş həkim Ömər Ömər də işə başlayacaq gənc həkimlərdəndir: “Türkiyəyə 3 il əvvəl gəldik. Qardaşım döyüşlərdə yaralanmışdı. Bİz Türlkiyədə təhsil aldıq, bir həftə öncə bura gəldik, inşallah işə başlayacağıq”.

****

Qaçqın düşərgəsindəki məktəblərə də baş çəkirik. Hər şey qaydasındadır. Tətil olduğu üçün siniflər boşdur. Orta məktəbin müdir yardımçısı İbrahim Hətəm deyir ki, dərs ili 19 sentyabrından başlayıb, 9 iyunda bitir. Amma türk dili kursları davam edir. “Ramazan dövründə kurslara gələnlərin sayı azalıb, çünki Suriyada Ramazan dövründə tətil olur. Ona görə bizim şagird sayımızda azalma baş verir, amma Ramazandan sonra artmasını gözləyirik. Bizim məktəbdə 2100-dək şagird təhsil alır. Düşərgədə isə 7 min şagird təhsilə cəlb olunub. Müəllim sayına gəldikdə, 42 suriyalı müəllim var. Bunlar könüllü müəllimlərdir. 46 nəfər isə türkiyəli müəllim var. Düzdür, müharibə görmüş uşaqlarla işləmək çox çətindir, amma çalışmaqda dabam edirik, çünki vicdan önəmlidir”.


Bunu deyərkən president Rəcəb Tayyib Ərdoğanın “Bu bir vicdan məsələsi” sözlərini xatırlatdır. Türkiyə prezidenti, baş naziri və xanımlarının qaçqınlarla bərabər fotoları da düşərgədəki evlərin üzərini bəzəyir. Düşərgədə olduğumu bir neçə saat ərzində uşaqlar da bizi müşayiət etdilər, gah yaxınlaşıb salam verdilər, gah şəkil çəkdirdilər, gah da öz dillərində sağollaşdılar. Böyüklərin qurduğu dəhşətli oyunların qurbanı olan bu günahsız cocuqları bizim avtobuslarımızın ardınca bayır qapısının ağzına qədər qaçdılar. Heyətimizin əksər üzləri kövrəlmişdi. Nə yaxşı ki, Türkiyə o günahsız insanlara sahib çıxıb, o günahsız cocuqların xilaskarı olub. Avropanın ittiham etdiyi, ən müxtəlif xain hücumlara hədəf olan Türkiyə…

interposta.info
“İŞİD bomba yağdırırdı, ata-anam öldü, biz qaçdıq…” -
“İŞİD bomba yağdırırdı, ata-anam öldü, biz qaçdıq…” -
“İŞİD bomba yağdırırdı, ata-anam öldü, biz qaçdıq…” -
“İŞİD bomba yağdırırdı, ata-anam öldü, biz qaçdıq…” -
“İŞİD bomba yağdırırdı, ata-anam öldü, biz qaçdıq…” -
“İŞİD bomba yağdırırdı, ata-anam öldü, biz qaçdıq…” -
“İŞİD bomba yağdırırdı, ata-anam öldü, biz qaçdıq…” -
“İŞİD bomba yağdırırdı, ata-anam öldü, biz qaçdıq…” -
“İŞİD bomba yağdırırdı, ata-anam öldü, biz qaçdıq…” - “İŞİD bomba yağdırırdı, ata-anam öldü, biz qaçdıq…” -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26