Interposta.Info

Ailədaxili münasibətlərdə möcüzə yaradan salam

Müxtəlif
 2-06-2017, 10:36     628

Bismilləhir-Rahmənir-Rahim!

Mübarək Ramazan ayında yaşayırıq. Uca Allahdan duamız budur ki, bu ayın sonsuz nemətlərindən bizlərə əta etsin.


Bugünkü bəhsimizdə biz İslamın nəzərində ailə mövzusunun araşdırılmasını davam etdirəcəyik. Ailə - yaşadığımız zəmanənin ən mühüm məsələlərindən biridir. Mühit o yerə gəlib çatıb ki, bu gün ailənin necəliyi, həmişəkindən daha çox aktual bir mövzudur. Əlbəttə, insanın tərbiyə edilməsi - kompleks bir məsələdir. Burada məktəb var, ətraf mühit var, toplumun təsisatları var. Amma bunlardan ən ümdəsi - ailədir. Məhz ailədə kiçik insan dünyaya göz açır, boya-başa çatır, ilkin tərbiyəni alır. İnsanı tərbiyə etmək funksiyasını yerinə yetirmək baxımından ailənin rolu haradasa əvəzolunmazdır. Bu baxımdan, İslam, insanın fitrəti ilə tam uyğunlaşan bir din olduğu üçün, elə öncədən də ailəni toplumda ən müqəddəs özək, hissə kimi qiymətləndirir və ailə ilə bağlı mövzulara böyük diqqət yetirir.

Zahirən sadə, əslində mühüm

Öncəki bəhslərimizdə qeyd etdik ki, insanın “haradan gəlmişəm?”, “haradayam?”, “haraya gedirəm?” kimi vücudi sualları cavablandırması onun dünyagörüşünü müəyyənləşdirən amillərdəndir. Bunun nəticəsində formalaşan dünyagörüşü, öz növbəsində “nə etməli?” sualına cavab verməyə imkan yaradır. Və ailə bəhsi məhz “nə etməli?” müstəvisinə aiddir.

Qeyd etdik ki, bəli, insan qəbul edir ki, onun Yaradanı var; bu Yaradan Rəbb olaraq ona vəzifə müəyyən edir. İnsan qəbul edir ki, Peyğəmbər (s) var, İlahi buyuruşları ona çatdırır. İnsan qəbul edir ki, İmamlar (ə) var, hansılar ki, Peyğəmbərin (s) şəriətini ona izah etdirir, çatdırır, ona İlahi hüccəti tamamlayır. İnsan qəbul edir ki, Qiyamət günü var, sorğu-sual var, bu dünya axirətin əkin yeridir. Bəs nə etməli? Buradan müəyyən edirik ki, insanın özü ilə bağlı, Yaradanı ilə bağlı, digər insanlarla bağlı, digər yaranmışlarla bağlı münasibətləri qurulmalıdır. Və digər insanlarla necə münasibəti qurmağın içində bir mövzu xüsusiləşir ki, insan özünə yaxın insanlarla, digərlərinə nisbətən ona daha yaxın və daimi ünsiyyətdə olduğu insanlarla münasibətlərini necə qurmalıdır? Ailə də buna aid olan məsələdir ki, ailədə ata və övlad münasibətləri, ailədə həyat yoldaşları arasında olan münasibət, ana və övlad münasibəti, övladlar arasındakı münasibət - bunlar hamısı çox mühüm mövzulardır.

Bu əlaqədə qeyd olundu ki, ailədə elə zahirən sadə, adicə bir məsələlər var ki, bunlar ilk baxışda əhəmiyyətsiz görünür. Amma bunlara qarşı etinasızlıq etmək - ailədaxili münasibətlərdə, övladların tərbiyəsində olduqca mənfi rol oynayır. Bunlara, o cümlədən, səsləmək, çağırmaq, ünvanlamaq kimi mövzular aiddir. Ailədə insanlar bir-birlərini necə çağırmalıdır? İslamın bununla bağlı ümumi resepti, ümumi düsturu var və zaman, məkan, şərait baxımından bu düsturun universallığı dəyişmir. Toplum üçün İslamın hazır düsturu ondan ibarətdir ki, insan tərəf müqabilini, onun ən bəyəndiyi tərzdə çağırmalıdır.

Yəni bu, bütün topluma da, o cümlədən ailənin içində olan münasibətlərə də aiddir. Övladı çağırsan “ağılsız”, “avara”, “tənbəl” - təbii ki, uşaq böyüdükcə bu xüsusiyyətləri özündə daşımaq istəyəcək.

O cümlədən də əksinə. Uşağı çağırarsan “ağıllı balam”, “gələcəyin alimi”, “şücaətli”, “fərasətli” - uşaq çalışar bu keyfiyyətləri doğrultsun. Fikir versək, görərik ki, insanı necə çağırmağın onun şəxsiyyəti ilə birbaşa aidiyyatı var. Bir tərəfdən həm şəxsiyyəti alçaldıb-yüksəltmək məsələsi durur, üstəlik də necə çağırmaqdan asılı olaraq, onu tərbiyələndirmək də mümkündür.

Şəxsiyyətə verilən qiymətin göstəricisi

İnsanı çağırarkən əslində onun şəxsiyyətinə qiymət verirsən və ondan gözlədiyin, ondan umduğun hərəkətlərin qiymətini verirsən. Müəyyənləşildi ki, burada ümumi formul bundan ibarətdir ki, necə çağırırsan-çağır, şərt odur ki, tərəf müqabilinin xoşuna gəlsin, tərəf müqabilin bunu bəyənsin. Burada zaman, məkan, şəraitə görə dəyişiklik ola bilər.

İndi isə digər bir mövzuya - salam vermək bəhsinə keçək.

Salam vermək - ən mühüm bəhslərdən biridir. Ailə elə bir yerdir ki, insan burada ən çox təmasda olduğu insanlarla münasibətdə olur. Ailədəki ab-havadan, ailədəki mühitdən çox şey asılıdır. Ailələr normal olanda, ümumilikdə toplum da normallaşır. Ailələr normal olmayanda, toplumun vəziyyəti son dərəcə acınacaqlı olur.

Bu gün cəmiyyətimizdə ailələrin vəziyyətində çox böyük ağrılıq yaranıb, çox böyük deqradasiya baş verir. Səbəbinin də əsas kökü bundan ibarətdir ki, hər xalqın özünün ailədə münasibətlər baxımından illərdən, əsrlərdən, yüzillərdən keçib gəlmiş və ona çatmış dəyərlər sistemi var. Bu dəyərlər sistemi dağıldıqda və bu dəyərlər sisteminə nəsə əvəzləyici bir şey - daha mütərəqqi - ortalığa qoyulmadıqda, aqibət çox pis olur. Ailələr dağılandan sonra, ailələr aradan gedəndən sonra artıq elə bir vəziyyət yaranır ki, həmin toplumun gələcəyi sual altına düşür.

Bu baxımdan, salam vermək - çox zəruri bir məsələdir. Salam verməyin özünün ən böyük mahiyyətlərindən biri bundan ibarətdir ki, salam - insanlar arasında ünsiyyət yaratmaq, insanlar arasında ülfət, məhəbbət, sevgi yaratmaq üçün ən böyük amillərdən biridir. Salam verilən toplumlarda tam başqa bir durum olur, tam başqa bir ab-hava olur. Salam - kini aradan aparır, salam - küdurəti aradan aparır. Salam bir çox mənfilikləri və bir çox eybəcərlikləri aradan aparır.

Ailəyə gəldikdə də görürük ki, bu, çox mühüm məsələdir. Valideynlə övlad - gün ərzində ən çox rastlaşan insanlardır. Bunların bir-birləri ilə görüşən zaman verdikləri salamların nə qədər əhəmiyyəti var! İslam dininin bununla bağlı baxışı, nəzəri bundan ibarətdir ki, salam mütləq verilməlidir. "Bura evdir", "burada yad adam yoxdur", "burada salamlaşmağın əhəmiyyəti yoxdur" kimi fikirlər çox səhv və yanlış təsəvvürlərdir. Hansıları ki, İslam qəbul etmir.

İnsan evə daxil olanda salam verməlidir. Evdə ailə üzvləri bir-birlərini görən zaman salam verməlidirlər. Övladlar bir-birilərinə salam verməlidirlər. Bu, çox ciddi və mühüm məsələdir.

Mehribanlığın sadə resepti

Salamın da xüsusiyyətləri var. Salam uca səslə və açıq-aydın verilməlidir. Burun altında, ötəri deyilməli deyil ki, kənardan başa düşülməsin ki, bu salam idi, ya nə idi - aydın olmasın. Bu məsələnin bir tərəfi.

Burada yerinə düşər ki, alimlərin qeyd etdiyi bir balaca mövzuya toxunaq. Çox klassik bir mövzudur. Bir nəfər alimlərdən birinə şikayət edir ki, mən kifayət qədər imkanlıyam, hər bir şəraitim kifayət qədər yaxşıdır, övladlarım var, amma ailədə sanki bir ruhiyyə yoxdur. Ailədə sanki bir sevinc yoxdur. Ailədə sanki bir canlanma yoxdur. Səbəbini də bilmirəm nədir. Mən bilmirəm nə edim.

Bunun cavabında alim qısa bir məsləhət verir ona. Deyir siz evdə salamlaşırsınızmı bir-birinizlə? Kişi soruşur, necə yəni? Deyir yəni evdən gedəndə, evə gələndə salamlaşırsınızmı? Bu məsələlər nə yerdədir? Ev üzvləri bir-biriləri ilə münasibətdə salama, adi bir salama nə dərəcədə əhəmiyyət verir? Kişi cavab verir ki, yox, salamlaşmırıq.

Alim deyir ki, gördüm sual verən çox böyük bir iradla baxır mənə. Sanki, demək istəyir: bu məndən nə istəyir? Mən buna dərdimi demişəm, bu məndən salam haqqında soruşur?! Nəsə söhbət o yerdə qalır. Amma sual verən adam bilir ki, bu alim elə-belə söz deməz. Nəsə bir hikməti var.

Üstündən bir neçə həftə keçir. Həmin o insan alimlə görüşən zaman deyir ki, salam məsələsi möcüzə etdi. Bircə salam ailədə şadlanmaya, yüksək ruhiyyəyə səbəb oldu, ailəyə sevinc gətirdi. Belə ki, bu ailədə tam surətdə hərənin başı özünə qarışmışdı. Salam verməyə başlayandan sonra, yüngülvari də olsa, qarşılıqlı diqqətin təməli qoyuldu. Evə girən salam verir, salam verəndə də adamın üzü gülür. Salam alan da gülümsəməlidir, yaxşı qəbul etməlidir. Bir dəfə, iki dəfə - sonra belə bir vəziyyət yaranır ki, soruşursan nə var, nə yox, necədir, necə deyil. Yavaş-yavaş bir gözəl ruhiyyə yaranır, bir nəcib ab-hava yaranır və s. Böyük İslam Peyğəmbəri (s) buyurmuşdur: “Sizlərdən biriniz evə daxil olan zaman salam versin. Çünki, salam həmin evə bərəkət endirir və mələklər o evlə ünsiyyətə girir”.

Bu, bir sadə məsələdir. Ola bilər, çoxları üçün, müsəlman mədəniyyətindən kənarda olanlar üçün çox kiçik və əhəmiyyətsiz bir şey kimi görünər. Lakin güzəranını müsbətə dəyişmək istəyən bir insan üçün bu, əslində İslamın bir tövsiyəsidir və buna əməl etmək kifayət qədər zəruridir və bəhrəsi də elə insanın özünə qayıdır.

Salamı necə verməli

Salam verməyin özünə gəldikdə isə yarışmaq lazımdır yaxşı salam verməkdə, birinci salam verməkdə. Gözləmək lazım deyil kim birinci salam verdi. Ay qoy o versin, sonra mən verərəm, deyərlər ki, belədir, elədir. Ümumiyyətlə, salam verməkdə insanlar bir-biri ilə yarışmalıdır. Həzrət Rəsulullah (s) buyurub: “Allaha və Onun Rəsuluna ən yaxın olan insan - birinci salam verəndir”.

Dinimizin salamın ədəbi ilə bağlı əlamətdar tövsiyələri var. Allahın Peyğəmbəri (s) buyurub: “Kiçik - böyüyə salam versin, 1 nəfər - 2 nəfərə, sayları az olanlar - sayları çox olanlara, yol gedən - dayanana, ayaq üstə duran - oturana salam versin”. Gördüyümüz kimi, bu düsturu rəhbər tutaraq, toplumda salamın ədəbini rahat yaşatmaq olar.

Əgər salam vermək bəyənilən əməldirsə, salamın cavabını almaq - müsəlman üçün vacibdir. Rəsuli-Əkrəm (s) buyurub: “Salam vermək müstəhəbdir, salamı almaq isə - vacib”.

Salama təşviq edən hədisdə Həzrət Əlidən (ə) nəql edirlər: “Salamın 70 savabı var: 69-u salam verənə, 1-i də salam alana çatar”.

Salamın ehsanla müqayisə edildiyi hədisdə İmam Baqirdən (ə) nəql edilir: "Allah Təala sevir təamın it’amını, salamın (isə) ifşasını".

Bəli, dinimiz buyurur ki, Allah Təala təamın it’amını sevir, yeməyi ehsan edəndə sevir. İkinci məsələ: Allah Təala sevir salamın ifşasını. Yəni salamın faş olunmasını, yəni salamın açıq-aşkar halda deyilişini.

Bir başqa hədisdə Əziz Peyğəmbərdən (s) nəql olunur ki, "Salamın ifşası budur ki, müsəlman heç bir müsəlmana salam verməkdə simiclik etməyə".
İnsanın salam verməkdə gərək simicliyi olmaya. Simiclik etdisə, salamı ifşa etmir. Salamı yaşatmır. Salamın ifşası gəlir bu termin baxımdan, yəni müsəlman heç bir müsəlmana salam verməkdə gərək heç bir simiclik etməyə.

Həzrət Peyğəmbərdən (s) bu mövzuda mübarək bir hədis var: "Ən aciz insan odur ki, dua etməkdə aciz ola". Bəli, dua etməyən - çox aciz bir insandır. Davamında gəlir: "İkinci ən simic insan odur ki, salam verməyi əsirgəyə". İnsan var ki, salamını ağızucu, dişarası verir. Beləsini dinimiz çox simic sayır.

Bir başqa hədisdə İmam Baqir (ə) buyurur ki, "Hər vaxt bir kişi ki, evə daxil olur, evdə adam olsa, gərək onları salamlasın, əgər olmasa, gərəkdir ki, desin: "Əssələmun ələynə min indi-Rabbinə"".

Evdə adam yoxdursa, yenə də salam verməlisən. İslam dini tövsiyə edir ki, salam ver. Mənası da budur ki, salam olsun bizlərə Rəbbin dərgahından. Yəni girmisən evə, evdə insan var, salam verirsən. Əgər adam yoxdursa da, yenə də salam verirsən. Müvafiq atmosfer yaradırsan.

Ailə üzvlərini gəlişdən xəbərdar etmək

Ailədə qarşılıqlı ədəb mövzusunda İmam Sadiqdən (ə) gələn bir mübarək hədisə də toxunaq. Burada buyrulur ki: "O vaxt ki, ər evinə daxil olur, gərək salamlaya ailəsini və öncə ayaqqabısını yerə vura və öskürə ki, ailə gəlişindən xəbər tuta".

Çox maraqlı hədisdir. Hədisin sadə mənası budur ki, ailə başçısı gərək uşaqları pərt edə biləcək, ailə daxilində pərdəni aradan götürə biləcək davranışdan çəkinsin.

Bir vəziyyət görə bilər ki, xoşuna gəlməz. Bəlkə evdə uşaqların bir-biri ilə söz-söhbətləri düşüb, ola bilər uşaq atanın yanında etmədiyi nadincliklə anası ilə danışır, ola bilər ana uşağı ilə bir əsəbi halda danışır ki, evin böyüyü olanda onu etməz. Ən sadə məsələ: bəlkə evə daxil olanda uşaq elə geyimdə olar ki, adətən atasının yanında belə geyinmir və s.

Yəni deyir ki, evə elə girin ki, ev əhli sizin girməyinizə hazır olsun. Evə daxil olanda şəxsiyyət və ləyaqətinizə fikir verin. Həm özünüzün, həm də ev əhlinin. Bu, çox ciddi məsələdir.

O vaxt ki, ailə başçısı evinə daxil olur, gərək ailəsinə salam verin, öncə ayaqqabısını yerə vursun və öskürsün. Təbii ki, burada məqsəd budur ki, evdəkilərə xəbər edə ki, gəlir. Əlbəttə ki, bunu mühitlə, zamanla uyğunlaşdırmaq olar. Əsas məsələ budur ki, ailə əhli xəbər tuta ki, evə gələn var.
Bəli, belə zahirən xırda məsələlərədək dəqiq tövsiyələri var müqəddəs dinimizin.

Təbii ki, salam vermək təkcə ailəyə aid deyil. Bu, ümumilikdə toplum üçün zəruri bir məsələdir. Salam - toplumda məhəbbəti, ünsiyyəti, sevgini artırar, kin-küdurəti aradan aparar. İnsanların üzünü güldürər, insanların üzünün qırışını açar. Salamın belə bir möcüzəvi xüsusiyyətləri var.

Bəli, ailədə bu, xüsusilə əhəmiyyətlidir. Çünki, ailədə gözəl ab-hava, ailədə harmoniya olsa, toplumda da olacaq. Ailələrdə hər şey qaydasında olsa, nəticə etibarilə, toplumda qarşılıqlı etimada və diqqətliliyə köklənən bir atmosfer bərqərar olacaq.!

Allahım! Bizləri Sənin bəyəndiyin əxlaqa malik olanlardan qərar ver! Amin!/musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26