Interposta.Info

Ölkəmizin adı “qara siyahıda”-

Müxtəlif
 31-05-2017, 11:40     1 357

Tütünə meylliliklə kasıblıq arasında hansı əlaqə var?

Çin dünyanın ən çox siqaret çəkən xalqıdır. Bu ölkədə adambaşına ildə 4124 siqaret çəkilir. Bu, günə 11-12 siqaret deməkdir. Dünya Səhiyyə Təşkilatının 31 may Tütünə Qarşı Mübarizə Gününə həsr edilmiş və “The İndependent” qəzetində dərc olunmuş interaktiv xəritəsindən Azərbaycan haqqında da məlumat almaq olar və bu məlumat kifayət qədər kədərlidir.

Bir nəfər il ərzində 2114.33 siqaret çəkir

BBC-nin xəbərinə görə, Azərbaycanda adambaşına bir ildə çəkilən siqaretlərin sayı 2114, 33-dür. Günə 6-7 siqaret düşür. Adambaşına çəkilən siqaretlərin sayına görə Azərbaycan 13-cü yerdədir. Azərbaycanda əvvəlki pilləni Qazaxıstan tutur. Bu ölkədə bir adam bir ildə 2156 siqaret çəkir.

Amma digər Mərkəzi Asiya respublikalarında siqaret əhəmiyyətli dərəcədə az çəkilir. Türkmənistan ildə adambaşına 895 siqaretlə 69-cu yeri tutur. Özbəkistan 565 siqaretlə 92-ci, Tacikistan 533 siqaretlə 97-ci yerdədir.

Azərbaycan həm də bütün Cənubi Qafqazda ən çox siqaret çəkən ölkə sayılır. Qonşu Gürcüstanda bir ildə adambaşına düşən siqaretlərin sayı 1378, Ermənistanda isə 1545-dir. Bu, indeks cədvəlində müvafiq olaraq 39-cu və 30-cu yerlərə uyğundur.

Türkiyədə (29) bir ildə hər adama 1581 siqaret düşür. İranda (71-ci yer) bu rəqəm 853-dür.

Ən az siqaret çəkənlər qvineyalılar imiş

Çindən sonra ən çox siqaret çəkən ikinci ölkə Belarusdur (3831). Onun ardınca Livan (3023), Makedoniya (2732) və Rusiya (2690) gəlir.
Qvineya dünyada ən az siqaret çəkən ölkədir. Burada adambaşına ildə cəmi 15 siqaret düşür. Afrika, ümumiyyətlə, ən az siqaret çəkilən qitədir. Solomon adaları (26), Kiribati (28), Uqanda (41) və Ruanda (53) siqaret çəkən ölkələrin cədvəlinin dibini tuturlar.
İndeksə daxil edilmiş 182 ölkədən 68-ində adambaşına gündə bir siqaretdən az düşür. 61 ölkədə isə ildə adambaşına 1000-dən artıq siqaret çəkilir.

Britaniya cədvəldə 76-cı yerdədir. Burada hər bir adam ildə 826 siqaret çəkir. ABŞ 1083 siqaretlə 57-ci yeri tutur.

Azərbaycanda siqaret çəkənlərin sayı artıb, siqaretin istehsalı isə azalıb

Gördüyünüz kimi, Azərbaycanla bağlı statistika o qədər də ümidverici deyil. Azərbaycanın bu məsələdə “lider” ölkələr siyahısında olması tibb və sosial göstəricilərə görə ciddi problem sayılır. Halbuki ölkəmizdə siqaret istehsalı ildən-ilə azalır. Hesablamalara diqqət: bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 10 692 min manat həcmində tütün məmulatları istehsal olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 49% azdır. Rəsmi statistikaya əsasən, ölkədə bu ilin ilk dörd ayı ərzində 193,5 mln. ədəd papiros və siqaret, 940,5 ton fermentləşdirilmiş tütün istehsal olunub. İllik müqayisədə fermentləşdirilmiş tütün istehsalında 14,7% artım, papiros və siqaret istehsalında isə 77,7% azalma qeydə alınıb.

Qeyd edək ki, cari il mayın 1-nə ölkədə 2,1 mln. ədəd hazır məhsul ehtiyatı yaranıb.

Ölkənin sosial durumu ilə siqaret çəkmə faizi arasında birbaşa bağlantı var
Amma sosial araşdırmalar göstərir ki, siqareti çox çəkən ölkələrdə əhalinin sosial durumu xüsusi əhəmiyyət daşıyır. Belə ki, dünyanın inkişaf etmiş ölkələrində bu faizin aşağı olması deyiləni təsdiqləyir. Əgər ötən əsrin 60-cı illərində ABŞ-da siqaret çəkənlərin sayı ölkə əhalisinin 52 faizini təşkil edirdisə, 2010-cu ildə bu göstərici 21 faizə enib. Eyni zamanda Yaponiyada, digər inkişaf etmiş ölkələrdə də 60-cı illərlə müqayisədə 2010-cu ildə və sonrakı illərdə siaqret çəkənlərin faizində əhəmiyyətli azalma müşahidə olunub.

Aparılan sorğu nəticəsində dünyanın ən çox siqaret çəkən kişilərinin hansı ölkədə yaşadığı müəyyənləşib. “Huffington Post”un verdiyi xəbərə görə, siyahıda indoneziyalı kişilər birinci yerdə qərarlaşıb. Sorğu nəticəsində məlum olub ki, İndoneziyada 15 yaşından yuxarı kişilərin 67%-i siqaret çəkir.

İkinci yerdə isə 35%-lə rus kişiləri gəlib. Keçən il həyata keçirilən sorğuda 8 mindən çox adam iştirak edib.

Qeyd edək ki, İndoneziyada hər il 200 min adam siqaretə bağlı xəstəliklərə görə dünyasını dəyişir.

Yoxsulluğun yüksək həddə olduğu ölkələrdə siqaret çəkmə nisbəti getdikcə artdığı halda, inkişaf etmiş ölkələrdə bu say azalır.

Siqaret və onun gətirdiyi bəlalar - ölüm, xəstəlik

Son illərdə gənclər və qadınlar arasında bu zərərli vərdiş sürətlə yayılır. Hər il 120 000 insan siqaretlə bağlı xəstəliklər səbəbi ilə vəfat edir. H1N1 virusunun səbəb olduğu yoluxucu xəstəliyə görə göstərilən həssaslıq hər gün təxminən 400 insanın ölümünə səbəb olan siqaretə qarşı göstərilmir. Siqaretin yalnız ağciyərlərə zərər verməsinə işarə edən bəzi məlumatlar isə səhvdir. Aktiv və ya passiv siqaret çəkməklə bədənə daxil olan zərərli maddələr bədənin bütün orqanlarına zərər verir, onlarla xəstəliyin əmələ gəlməsinə səbəb olur. Siqaret demək olar ki, bütün xərçəng növlərinin yaranma təhlükəsini dəfələrlə artırır. Bütün bu xəstəliklərə birbaşa səbəb olan siqaretlə mübarizə, dünyada bir nəfər də siqaret çəkən insan qalmayana qədər davam etdirilməlidir.

Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, hər il təxminən beş milyona yaxın adam siqaret çəkmək nəticəsində ölür. Tütünün tərkibində 4000-ə yaxın kimyəvi maddə vardır. Bunların yüzdən çoxu toksiki maddələrdir. Bu maddələr insanın immun sisteminə və bütün daxili orqanlarına təsir edir. Tütünün izlərinə siqaret çəkən ananın südündə belə rast gəlinir.

Tütünün tüstüsü 10 saniyə ərzində insan beyninə çatır. Tüstüdəki karbon 2 oksid qandakı hemoqlobinlə birləşərək oksigenin orqanlara getməsinin qarşısını alır. Ağciyər xərçəngi dil, boğaz, mədə, böyrək, xroniki bronxit, ürəyin işemik xəstəliyi, qan damarlarının daralması, insult və infarkta səbəb olur.

Amerika Xərçəng Cəmiyyətinin bildirdiyinə görə, ABŞ-da insanların ağciyər xərçənginə tutulmasının 87 faizi siqaretdəndir. Ekspertlər söyləyirlər ki, təkcə siqaret çəkən adam deyil, siqaret tüstüsü ilə nəfəs alan adamlar da risk altındadır. İnsanlar siqaretin tərkibində olan nikotinə alışırlar. O, alkoqol və kokain qədər güclü təsirə malikdir. Siqaret çəkənlərin çoxu onun təsirlərindən xəbərdar olsalar da, bu zərərli vərdişdən ayrıla bilmirlər.

Tütün sənayesi hər ölən insandan 7 min dollar qazanır

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Assambleyası 1988-ci ildə 31 may tarixini Ümumdünya Tütünlə Mübarizə Günü elan edib. O vaxtdan dünyanın müxtəlif ölkələrində insanları tütün məhsullarından istifadədən çəkindirmək məqsədilə bu tarixi gün hər il qeyd olunur.
Hər il milyonlarla insan tütünçəkmə ilə bağlı yaranan ürək tutması, iflic, xərçəng, ağciyər xəstəliyi və ya digər xəstəliklərdən ölür. Qlobal tütün epidemiyası nəticəsində baş verən illik ölüm sayı 2030-cu ilə qədər 8 milyon nəfərə çata bilər. 20-ci əsr ərzində 100 milyon nəfərin həyatına son qoyan tütünçəkmə 21-ci əsrdə 1 milyard insanın ölümünə səbəb ola bilər.

Bugünkü meyllilik davam edərsə, yaşadığımız əsrdə 1 milyarddan çox insan siqaret səbəbindən öləcək. Bu barədə Dünya Ağciyər Fondunun hazırladığı hesabatda yazılıb.

Hesabatda bildirilir ki, təkcə 2013-cü ildə 6 milyondan çox insan tütün istifadəsinə görə dünyasını dəyişib. Bu müddətdə tütün şirkətlərinin ümumi dövriyyəsi 44 milyard dollardan çox olub ki, bu da tütün sənayesinin ölən hər insandan 7 000 dollar qazandığın göstərir.
Dünya Ağciyər Fondu və Amerika Xərçəng Dərnəyinin 2013-cü ilin məlumatları əsasında hazırladığı Qlobal Tütün Atlasına görə dünyada il ərzində 5 trilyon 500 milyarddan çox siqaret çəkilir.

Bir çox inkişaf edən ölkələrdə siqaret istehlakı azalsa və ya sabit qalsa da Afrika ilə Asiyadakı kasıb ölkələrdə siqaret aludəçiliyi çoxalır.
Qadınlar arasında da siqaret istehlakında və ağciyər xərçənginə yaxalanma hadisələrində çoxalma baş verib. Tütün Atlasına görə, 24 ölkədə qadınlar kişilərdən daha çox siqaret çəkir.

Siqareti atırsızsa, bu faydaları görürsüz

Gəlin görək siqareti tərgitmənin ilkin faydaları nədir? Yəni orqanizm ilk dövrlərdə hansı dəyişimə uğrayır. Məsələn, 20 dəqiqə sonra qan dövranı tənzimlənir. Buna görə də əllər və ayaqlar isinməyə başlayır. 8 saat sonra qanda oksigenin həcmi artır. Ürəyin fəaliyyəti normallaşır. 24 saat sonra zəhərli maddə olan karbon monooksid orqanizmdən xaric olur. Ağciyərlərdəki bəlğəm azalmağa başlayır. 48 saat sonra nikotin orqanizmdə artıq olmur. Dad və qoxu hiss etmə qabiliyyəti normala dönür. 72 saat sonra tənəffüs yolları tüstüdən tam təmizləndiyi üçün nəfəs almaq asanlaşır. 2-12 həftə sonra qan dövranı bütün bədəndə düzəlir. Yerimək asanlaşır. 3-9 ay sonra öskürək, nəfəs darlığı düzəlir. Ağciyərin fəaliyyəti yüzdə 5-10 nisbətində artır. 5-10 il sonra infarkt riski heç siqaret çəkməmiş biri ilə bərabər olur. Ağciyər xərçənginə tutulma riski azalır./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26