Interposta.Info

“Yeni müharibəyə bir addım qaldı”

Müxtəlif
 27-05-2017, 10:14     1 298

“Yeni müharibəyə bir addım qaldı”; Qarabağ ətrafında son durum ekspertlərin gözündə; ABŞ-ın SSRİ-dəki sabiq səfiri: “Vəzirov o vaxt mənə dedi ki...”; erməni politoloqlardan SOS kimi etiraflar: “Vəziyyətimiz gündən-günə pisləşir”, “Azərbaycanın Qarabağ üzərində hüququ qaldıqca, heç nə edə bilməyəcəyik...”

Qarabağ münaqişəsi zonasında vəziyyət getdikcə daha böhranlı mərhələyə girməkdədir. Sülh danışıqlarında davam edən fiaskolar, erməni tərəfin təmas xəttində artan təxribatları, o sırada az öncə düşmənin “OSA” zenit-raket kompleksini ön mövqeyə çıxarmaq cəhdi və Xocalı aeroportu ətrafında provokasiyası, üstəgəl, hərbi əməliyyatlar üçün ən əlverişli sayılan yay mövsümünün yaxınlaşması situasiyanı, faktiki, partlayış həddinə çatdırıb.

Vəziyyətin həm də sülh danışıqlarındakı durğunluqdan qaynaqlanan kritik xarakteri, habelə mümkün gözləntilər yerli və əcnəbi təhlilçilərin diqqət mərkəzindədir. Onların əksəriyyətinin fikrincə, Qarabağda müharibə, faktiki, bir addımlıqdadır və adi qığılcıma bənddir. Konkret olaraq, erməni siyasi şərhçilərini isə Ermənistanın həm dinc dönəmdə, həm müharibə variantında Azərbaycanla müqayisədə hüququ mövqesizliyi ən çox narahat etməkdədir.
*****
“Mövcud status-kvo Qarabağ danışıqlarında Ermənistanın vəziyyətini günü-gündən pisləşdirir”. Virtualaz.org xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri, fövqəladə və səlahiyyətli səfir Arman Melikyan deyib. Melikyanın sözlərinə görə, Dağlıq Qarabağın statusu əvvəl necə havadan asılı qalmışdısa indi də elədir.

“Əgər əvvəllər danışıqlar ”ərazilərin əvəzində status" formulu əsasında aparılırdısa, indi “ərazilərin əvəzində vəziyyətin yaxşılaşması” haqda danışırlar" - o bildirib. Keçmiş xarici işlər naziri deyir ki, 1993-cü ilin payızından etibarən Ermənistan rəsmən münaqişənin tərəfi kimi tanınıb, nəticədə məsələ beynəlxalq səviyyəyə qalxıb: “Azərbaycan isə Ermənistanın işğalçı dövlət kimi tanınmasına nail olmağı əsas vəzifəsi elan edib. Dağlıq Qarabağ tərəf kimi danışıqlardan kənarlaşdırılıb”.

“Problem beynəlxalq miqyasda belə qəbul edilməyə başladı ki, bu münaqişə Ermənistanla Azərbaycan arasındadır, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və onları heç bir ilkin şərt irəli sürmədən qaytarmaq lazımdır. İndiyə qədər biz danışıqlarda belə fəlsəfəyə əsaslanırıq ki, Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsinin əvəzində biz torpaqları qaytarmalıyıq, yəni biz həm torpaqları veririk, həm Dağlıq Qarabağın tanınmasına nail olmuruq” - Melikyan bildirib.

Keçmiş nazir daha sonra deyib ki, “Madrid prinsipləri”ndə də ərazilərin qaytarılması əksini tapıb və həmsədrlər də bununla razıdır, Ermənistanın torpaqları qaytarmasını istəyir. “Lakin çoxları sual edir ki, necə? Regionda yeganə real təsiri və nüfuzu olan həmsədr ölkə Rusiyadır. Onun da Ermənistanda nüfuzu getdikcə zəifləyir. Əgər Rusiya torpaqların qaytarılmasını təşkil edərsə, ABŞ buna qarışmalı deyil, çünki bilir ki, nəticədə Rusiyanın Ermənistandakı mövqeləri zəifləyəcək. Onlar Ermənistanı əldən vermədən səbrlə gözləyə bilərlər. Aprel müharibəsi ola bilsin buna hazırlıq idi. Bu, çoxlarına düşünməyə əsas verdi. Bu faktdır ki, ərazilərin qaytarılması məsələsi bu gün Rusiya tərəfindən qarşıya qoyulub, özü də ciddi şəkildə. Və bu haqda fikirləşmək, nəticələrini dərk etmək lazımdır” - Melikyan əlavə edib.
*****
Öz növbəsində başqa bir erməni ekspert, politoloq Manvel Sərkisyan hesab edir ki, Ermənistan heç vaxt Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımayacaq və bunun səbəblərinə aydınlıq gətirir. Musavat.com-un erməni mənbəyinə istinadən verdiyi xəbərə görə, bu barədə o, İrəvandakı dəyirmi masada söyləyib.

“Bütün dünya deyir ki, Dağlıq Qarabağda status-kvo təhlükəlidir və onu dəyişmək lazımdır. Lakin heç kim dərinə getmir ki, bu, nəyə gətirə bilər. 25 ildə heç nə baş verməyib, çünki ilk növbədə Azərbaycan mühüm bir məqamdan istifadə edir: bütün dünya bu əraziləri suveren Azərbaycanın tərkib hissəsi kimi tanıyır” - Sərkisyan qeyd edib.

Onun sözlərinə görə, Bakı elə bir siyasət yürüdür ki, bu ərazilər üzərində hüquqlar nəsildən-nəslə keçsin və başqa heç kimə verilməsin: “Ermənistan fasiləsiz şəkildə bəyan edir ki, bu və ya digər şərtlər altında biz Dağlıq Qarabağın müstəqilliyini tanıya bilərik. Amma heç cür tanıya bilmir. ”Artsax"ın az qala, məhv olmaq üzrə olduğu müxtəlif anlar yaşanıb. Ancaq biz dəfələrlə görmüşük ki, Ermənistan hakimiyyəti tanınma məsələsinə inadlı müqavimət göstərib, hətta prezident istefaya getməyə hazır idi. Sonra bu mövzuda Serj Sərkisyan möhtəkirlik etməyə başladı: dedi ki, müharibə başlasa, biz tanınma addımına gedəcəyik. Müharibə oldu, lakin yenə tanımadı. Bu, heç vaxt da olmayacaq".

Erməni ekspertin qənaətincə, nə qədər ki, Azərbaycanın Dağlıq Qarabağ üzərində hüququ qalır, dəyişiklik olmayacaq. “Azərbaycan bu hüququndan məhrum edilməlidir. 25 il ərzində bu məsələyə tabu qoyulub və heç bir danışıq prosesini inkişaf etdirmək olmur. Elə bir vəziyyət yaranıb ki, biz yalnız Azərbaycanın hüquqları olan bir müharibəyə girə bilərik. Aprel müharibəsi buna parlaq sübutdur. O zaman heç kim Azərbaycanı ittiham eləmədi. Ona görə ki, Azərbaycan bəyan edir ki, bura mənim ərazimdir. Biz bu barədə fikirləşməliyik ki, necə edək, Azərbaycanı bu hüquqlardan məhrum edək. Həmin hüquqlar qaldıqca, Ermənistan heç nə edə bilməyəcək”, - deyə o, bədbinliklə vurğulayıb.
*****
Ermənistanın Dağlıq Qarabağı ilhaq eləməsi yolunda ən böyük əngəl də elə bölgənin beynəlxalq hüquqa əsasən Azərbaycanın suveren ərazisi sayılmasıdır. Azərbaycan bu hüququ özündə saxladıqca heç bir qüvvə onun ərazisini zorla dəyişdirə bilməz. Müharibə zamanı da eyni hüquq Azərbaycana məxsus olaraq qalacaq. Bu da o deməkdir ki, öz ərazimizdə bizim antiterror əməliyyatı aparmağa heç kim əngəl yarada bilməz. Odur ki, ermənilərin təlaşı əsaslıdır. Lakin heç vaxt aradan qalxmayacaq bir təlaşdır, çünki Azərbaycan öz torpaqlarında ikinci qondarma erməni dövlətinin qurulmasına heç vaxt razı olmayacaq.

Bu xüsusda “soyuq müharibə” dönəmində ABŞ-ın SSRİ-dəki səfiri işləmiş Cek Metlokun AzadlıqRadiosunun erməni redaksiyasına müsahibəsində Dağlıq Qarabağ mövzusunda söylədiyi fikirlər də maraq doğurur. Musavat.com-un məlumatına görə, eks-diplomat hesab edir ki, fövqəldövlətlər Ermənistanın və Azərbaycanın yerinə problemi həll etməyəcək. “Hər bir ölkə özü qərar verməlidir - o, müharibə eləmək istəyir, yoxsa sülhün yolunu tapmaq istəyir”, - deyə təcrübəli diplomat qeyd edib.

Keçmiş səfir daha sonra Qarabağ konflikti təzə-təzə alovlanarkən regionda olduğunu xatırladaraq deyib: “1989-cu ildə mən burada olanda və birinci katiblərlə söhbət edən zaman sarsıldım. O vaxt İrəvanda cənab Arutunyan, Azərbaycanda isə - səfir Vəzirov birinci katib idilər. Onların hər biri mənə bunu demişdi: ”Biz Qarabağ problemini həll edə bilmirik. Moskva bunu bizim yerimizə etməlidir". Lakin xarici güclər sizin əvəzinizə problemi həll etməyəcək, özünüz onu həll etməlisiniz. Güclü hərbiyyəsi olan dövlətlər çox şeyi dağıda bilər, ancaq qura bilməz".
*****
Əslində sabiq səfir haqlıdır. 25 ildir kağız üstündə qalan BMT TŞ-nin Qarabağa dair məlum qətnamələrinin yerinə yetiriıməsini nə ABŞ, nə də Rusiyadan gözləməyə dəymir. Bunu Azərbaycan əsgəri etməlidir. İnşallah, edəcək də./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26