Interposta.Info

“Əsəd və Putin İdlib cinayətinin şərikidirlər” -

Müxtəlif
 7-04-2017, 15:05     612

Əsəd rejiminin Xan-Şeyxun şəhərində kimyəvi silahla hücumuna haqq qazandıran Moskvanın rəyi hiddət doğurub
Əsəd rejiminin Suriyanın İdlib vilayətinin Xan-Şeyxun şəhərində kimyəvi silah tətbiq etməsi Qərb mətbuatının Suriya mövzusuna azalan marağını yenidən alovlandırıb.


Dünyanın aparıcı demokratik dövlətlərinin mətbu orqanları bu faciədə birbaşa Bəşər Əsədi ittiham edərək Vladimir Putini onun əməllərinə şərik olmaqda günahlandırdılar.

Böyük Britaniyanın The Financial Times qəzeti İdlibdəki qətliamın 2013-cü ildə Dəməşq ətrafında olduğu kimi (2103-cü ilin avqustun 21-də Dəməşqə yaxın Quta şəhərində Suriya ordusunun həyata keçirdiyi kimyəvi hücum nəzərdə tutulur. Həmin faciədə çoxu uşaq olmaqla 1500-dən artıq insan həlak olmuşdu-red.) eyni üsulla Suriyanın hakim rejimi tərəfindən törədildiyini yazır. Qəzet 2013-cü ildə Bəşər Əsədin kimyəvi silahları ləğv edəcəyinə dair sözünü xatırladaraq yazır:

“Əsəd həmin vaxt kimyəvi silahın qadağan olunması barədə fərman imzaladı və bütün kimyəvi ehtiyatlarının ləğv ediləcəyinə dair söz verdi. Bunu “qırmızı xətt “olaraq qəbul edən Barak Obama administrasiyası Suriyadakı təşəbbüsün Vladimir Putinin əlinə keçməsinə göz yumdu.

İndi Əsədin İŞİD-lə mücadilədə yardım edəcəyini düşünənlərin bütün şübhələri dağılıb. Çünki məhz Bəşər Əsəd rejimi Suriyadakı qeyri-sabitliyin mənbəyidir. Onun cinayətləri isə həm İŞİD, həm də Əl-Qaidə üçün göydəndüşmədir”.

“Putinə gəlincə, qəzet yazır, onun Əsəd rejiminin xilası üçün çalışması anlaşıla bilər. Lakin əgər sənin qoruduğun şəxs təminatçısı olduğun müqaviləni pozaraq kimyəvi silahlardan istifadə edirsə, o zaman məsələnin rəngi dəyişir”.

Almaniyanın “Der Spiegel” qəzetinin icmalçısı Kristof Züdof kimyəvi maddənin guya Suriya aviasiyasının şəhərdəki terrorçuların kimyəvi silah istehsal edən zavodu vurması nəticəsində yayılması barədə Rusiyanın səsləndirdiyi versiyanın doğru olmadığını yazıb.

“Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi general Konaşenkovun izahı olduqca ziddiyətlidir. Birincisi, o , iddia edir ki, aviazərbərlər 11:30 və 12:30 radələrində həyata keçirilib. Halbuki bütün şahidlər bir ağızdan artıq səhər çağında insanlarda qaz boğulması simptomlarının müşahidə olunduğunu deyir. Konaşenkovun aviasiyanın terrorçuların silah və hərbi texnika anbarına zərbə vurduğu barədə dedikləri də yalandır. Bu halda, ən azı, şəhərnn hansısa yerinə böyük bir yanğın baş verməli idi.

Ruslar bu anbardan İraqdakı terror qruplaşmalarına, yəni İŞİD-ə kimyəvi silah ötürüldüyünü iddia edirlər. Doğrudur, terrorçu təşkilat özünün istehsal etdiyi iprit maddəsindən döyüşlərdə istifadə edib. Lakin Xan Şeyxun İŞİD-in nəzarətində olan şəhər sayılmır. Tam əksinə, şəhərə nəzarət edən müxalifət Əsədlə bərabər İŞİD-i də özünə düşmən hesab edir”, - məqalədə qeyd olunur.

“The New York Times” qəzeti isə Rusiyanın BMT_dəki nümayəndəsi Vladimir Safronkovun həyasızlıqla faciə ilə bağlı kadrların saxta olduğu, zəhərlənmənin isə guya kimyəvi silah saxlanılan silah anbarına vurulan zərbələrdən yaranması barədə sözlərinə diqqət çəkib. “Əgər həqiqətən kimyəvi silahlar saxlanılan anbar vurulsaydı, bu həmin maddələrin zərərsiz şəkildə yanmasına gətirib çıxarardı”, - məqalədə qeyd olunur.

“Öz yaxınlarının kimyəvi silahlardan öldüyünü çarəsizcəsinə izləyən suriyalılar bununla bağlı elan olunan “qırmızı xətt”in boş bir şey olduğunu artıq anlayırlar”, - “İndependent” qəzetinin yazarı Betan Makkernan yazır.

“Əgər ABŞ Xan-Şeyxundakı vəhşiliklərdən sonra tədbir görmək istəyirsə, o zaman Rusiyanın Suriya təyyarələrini uçurmamasını təmin etməlidir. Lakin daxili siyasi mübarizələrlə boğuşan Tramp iqtidarı bu vəzifəni icra etməyə qadir deyil.

Görəsən, Rusiya Əsəd rejimini müdafiə etməsinə görə məsuliyyətə cəlb edilənə qədər neçə suriyalı həyatını itirməlidir?”, - jurnalist sual edir.

“Bəşər Əsəd özünü toxunulmaz olduğuna inandırıb”, - İtlaiyanın məşhur beynəlxalq icmalçısı Bernardo Valli “La Repubblica” qəzetində yazır.

İŞİD-lə mücadilədə faydalı olduğunu təlqin etdirməsi səbəbindən artıq Ağ Ev də onun hərbi cinayətlərinə göz yumur. Xan-Şeyxundakı kimyəvi hücum Əsədin dünya ictimaiyyətinə meydan oxumasından başqa bir şey deyil. İran və Rusiyadan aldığı dəstək sayəsində bu adam sonuncu hadisədə olduğu kimi özünü bir çox məsələlərdə rahat və toxunulmaz hiss edir”, müəllif qeyd edib./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26